HARAYHABER | MÜSAHİBƏ
Tanınmış yazıçı və araşdırmaçı Eluca Atalı’nın yeni işıq üzü görən “Bütöv Azərbaycan yolu…” kitabı milli düşüncə, tarixi yaddaş və Azərbaycanın gələcəyi ilə bağlı mühüm məsələləri yenidən gündəmə gətirir. Müəlliflə yeni kitabının yaranma səbəbləri, ideya qaynaqları, Bütöv Azərbaycan düşüncəsinin bugünkü anlamı və bu yolda qarşıda duran maneələr haqqında danışırıq.
Müsahibəni apardı: Mesut HARAY
HARAYHABER: Hörmətli Eluca xanım, yeni kitabınızın işıq üzü görməsi münasibətilə sizi təbrik edirik. “Bütöv Azərbaycan yolu…” kitabını oxuculara necə təqdim edərdiniz? Əsərin əsas ideyası və oxucuya ünvanlanan başlıca çağırışı nədir?
Eluca Atalı: İlk öncə, təbrikiniz üçün təşəkkür edirəm. Bilirsiniz ki, bir kitab çapa qədər nə kimi ağır proseslərdən keçir və hər bir müəllif istəyir ki, onun kitabda həll etdiyi ideya geniş oxucu kütləsinə yayılsın, lazımi reaksiya görsün. Asif Atanın sözü ilə desəm, kitab hadisə olmalıdır. Burada söhbət əsl kitabdan gedir, beş günlük olan kitabdan yox; oxucunu öz arxasınca aparan, onun beynini ideya ilə silahlandıran kitabdan. Buna nail olmaq üçün kitabda qoyduğun məsələni hərtərəfli, həm də geniş oxucu kütləsinin beyninin həzm edəcəyi səviyyədə həll etmək lazımdır. Bir də unutmaq lazım deyil: kitab yazmaq məqsəd olmamalıdır, kitab vasitədir. Məqsəd ideyadır, düşüncədir, kitabsa o düşüncəni oxucuya çatdıracaq ən əlverişli vasitədir. Gileylənmək kimi çıxmasın, bugünkü günümüzdə kitab məqsədə çevrilməyə başlayıb. Yalnız məddah ədəbiyyatını nəzərdə tutmuram, onsuz da onun mövqeyi tarixən bəllidir – olmayanı vəsf edib xoşa gəlmək, gündəmdə qalmaq. Təəssüf edirəm ki, bu gün kitaba dırnaqarası baxanlar onu cılızlaşdırıblar. İxtisasca kitabşünas olduğum üçün bu yerdə dərdim təzələndi.

“Bütöv Azərbaycan yolu…” kitabı BÜTÖVLÜYÜMÜZƏ çağırışdır; ən azı 50 milyon insanın dərdini özündə cəmləmək kimi missiyanı vərəqlərində daşıyır. Bütün siyasi və mənəvi çıxış yolumuzun bütövlükdən keçdiyini çatdırmaq istəmişəm. Diqqət edin, yalnız siyasi yox, həm də mənəvi qurtuluşumuzu bütövlükdə görürəm.
HARAYHABER: Bədii əsərlərinizdən fərqli olaraq, bu dəfə oxucuların qarşısına elmi-publisistik bir kitabla çıxmısınız. Bu seçim düşüncələrinizi artıq yalnız bədii ədəbiyyatın çərçivəsinə sığışdıra bilməməyinizdən irəli gəldi, yoxsa kitab konkret milli və ictimai ehtiyacdan doğdu?
Eluca Atalı: Bildiyiniz kimi, bundan əvvəl Güney Azərbaycanla bağlı dörd romandan ibarət “İran Hizbullah zindanında” tetralogiyasını yazdım. Güneyin bugünkü məşəqqətlərinin haradan gəldiyini, İran İslam İnqilabının antiinsani olduğunu, mənəvi baxımdan iflasa uğradığını bədii formada yazdım; əlbəttə, 12 il inqilab, intibah və insan mövzusunu araşdıraraq. Bədii ədəbiyyatla publisistika bir-birinə yaxın olsa da, fikri çatdırmaq imkanları başqadır. Bədii ədəbiyyat geniş təsvir tələb etdiyi halda, publisistikada sözü birbaşa demək imkanı var. Düşüncələrimi çılpaq formada demək üçün son kitabda məhz publisistika növünü seçdim.
HARAYHABER: Əbülfəz Elçibəyin “Bütöv Azərbaycan yolunda” adlı tanınmış kitabı var. Sizin kitabınızın adı da həmin əsərlə ideya və səsləniş baxımından yaxınlıq təşkil edir. Bu yaxınlıq oxucularda çaşqınlıq yarada bilərmi, yoxsa kitabın adını Elçibəyin başladığı düşüncə yoluna şüurlu bir istinad kimi dəyərləndirmək lazımdır?
Eluca Atalı: Baxmayaraq ki, kitab yaxın günlərdə yayımlanıb, artıq bu sualı səsləndirən kifayət qədər oxucu var. İlk baxışdan çaşqınlıq yarada bilər, lakin mahiyyət etibarilə Bütöv Azərbaycan ideyasına baxış və ona gedən yol fərqlidir. Hədəf eynidir: Azərbaycan bütövləşməlidir! Biz bu məsələdə düşmən mövqe tutmuruq, amacımız eynidir. Elçibəy Güney Azərbaycanın üç yağısı olduğunu demir. Farsçılığın, dinçiliyin, qərbçiliyin yolumuzda böyük maneə olduğunu görmədən, demədən, bu daş-kəsəyi yolumuzdan təmizləmədən nəyə nail ola bilərik?
HARAYHABER: Sizin böyük bir düşüncə məktəbinin – Asif Ata Ocağının Övladı olduğunuzu bilirik. Asif Atanın “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” əsərindən sonra bu mövzuda yeni və fərqli fikir söyləmək nə dərəcədə mümkündür? Sizin kitabınız həmin fəlsəfi irsin davamıdır, yoxsa bəzi məsələlərdə yeni yanaşma ortaya qoyursunuz?
Eluca Atalı: Yaxşı sualdır. Ata Övladı Atanın yaratdığı Mütləqə İnam yolunun davamçısıdır, kölgəsi deyil. Atadan sonra Övlad fərqli heç nə yaratmır, sadəcə, Ata ideyalarını müxtəlif formalarda izhar edir, bədiiyyata çəkir və ya belə deyərdim, sənətin müxtəlif sahələrində tətbiq edir. Eyni zamanda Atanın Uluyurd ideyası Bütöv Azərbaycan hərəkatında hamımızın – o taylı-bu taylı yurddaşlarımızın – birgə hərəkət etməsini qarşıya məqsəd qoyur. Atanın yurdçuluğa baxışını desəm, məsələyə aydınlıq gətirmiş olaram: “Yurdçuluq – müqəddəsləşən TORPAQ, müqəddəsləşən AQİBƏT, müqəddəsləşən XALQ deməkdir. Bunların üçünün birliyi deməkdir. Yəni yurd göylüyündə torpaq özünün ruhani ucalığına yüksəlir.” “Bütöv Azərbaycan yolu…” kitabında Atanın “Bütöv Azərbaycan – Uluyurd Aqibəti” kitabında göstərdiyi Güney Azərbaycanın üç yağısı – farsçılıq, dinçilik, qərbçiliklə döyüşün yollarını mən daha geniş formada, həm də geniş oxucu kütləsinin dərk edib mənimsəyə biləcəyi bir dildə bacardığım qədər şərh etmişəm.
HARAYHABER: Bütöv Azərbaycan düşüncəsi uzun illər daha çox milli ideal və mənəvi hədəf kimi təqdim olunub. Sizcə, bu düşüncənin gerçək ictimai-siyasi yol xəritəsinə çevrilməsi üçün hansı mərhələlərdən keçmək lazımdır?
Eluca Atalı: Bütöv Azərbaycan düşüncəsini yalnız milli ideal və mənəvi hədəf kimi şərh etsək, onu kiçiltmiş olarıq. Bu, bizim üçün aqibət məsələsidir, milli taleyüklü problemdir və həlli də yalnız bizdən asılıdır. Kitabda da bu haqda yazmışam: “Əgər milli azadlıq hərəkatında özümüzdən savayı kimsəyə bel bağlasaq, uçuruma yuvarlanarıq.” Baxın Səttarxan hərəkatına: inqilabı biz etdik, sonu faciə ilə nəticələndi – farslar bəhrələndi. Pişəvəri hərəkatında nə baş verdi? İnqilabçılar öz qanlarında boğuldular: edamlar, asmalar, sözün əsl mənasında, kəsmələr. Məhəmmədrza Pəhləvi hərbi qırıcı təyyarə ilə şəxsən özü Təbrizin üzərindən uçub şəhəri bombaladı, türkü atının ayaqları altında qurban kəsdirdi. Yüz illərlə İranı idarə edən türk axırda nə günə gəlib çıxdı. Bir dənə də olsun ana dilində məktəbi yoxdur və sair problemlər. Eləcə də İran İslam İnqilabında türklərin fəallığı. Axırı nə oldu? İranın zindanları türklərlə doldu-daşdı, yer olmadı, kütləvi edam etdilər. Ölkəni can almaqla ət fabrikinə çevirdilər. Bu, yalnız qorxu ilə inqilabı qəbul etdirmək deyildi; kim bu edamları belə anlayırsa, demək, o, rejimin mahiyyətini dərk etməyib. Bu, türk gəncliyinin gözünü qorxutmaq üçün idi ki, bir də baş qaldırmasın. Bilirsiniz, inqilabı yaşlı nəsil etməz; bu, enerjili olduğu üçün gəncliyə hesablanır. Bu səbəbdən də Güney məsələsi mənəvi hədəf ola bilməz, ciddi məsələdir. Ciddiyyət tələb edir. Nə etməliyik? Birinci mərhələ AYDINLAŞDIRMADAN keçir. Ata deyir: “Xalqa yerimək öyrətmədən onu ayaq üstə qaldırmayın.” Yerimək nə anlamına gəlir? Beyin silahlanmalıdır, idrak yad ideologiyalardan təmizlənməli, mübarizənin hədəfi yalnız bir qrupa yox, bütün xalqa bəlli olmalıdır. Molla rejimi xalqı çox əzib, qorxudub; onu qorxudan çıxarmaq üçün özünəinam yaratmaq lazımdır. Bunun üçün biz sizinləyik, birgə çalışmalıyıq və elə etməliyik ki, Quzey Azərbaycanda etdiyimiz səhvləri Güneydə etməyək. Hərəkat hay-küy səviyyəsindən çıxmalı, ciddi forma almalıdır.
Quzeydəki səhvləri Güneydə təkrarlamayaq dedikdə, xalq millətçilik dərsi keçmədi; o üzdən İran bu boşluqdan bəhrələnib öz zəhərli ideologiyasını Quzeydə yaya bildi.
HARAYHABER: Kitabınızda Güney Azərbaycan məsələsi hansı baxımdan dəyərləndirilir? Güney Azərbaycan türklərinin milli hüquqları uğrunda apardığı mübarizə Bütöv Azərbaycan yolunun başlanğıcıdır, yoxsa daha geniş və çoxmərhələli bir prosesin əsas hissəsidir?
Eluca Atalı: Güneydə uzaq və yaxın keçmişimizdə olmuş bütün hərəkatların – istər siyasi, ictimai, istərsə də mədəni – hamısının təhlili və oradan çıxan nəticələr şərh edilir. Yaxşısı və pisi ilə. Bir xalqın hərəkatında hər şey yüksək səviyyədə olmur; bu, yalnız bizim hərəkata aid deyil. Tarixdə olmuş böyük inqilablara da bu aiddir. Nümunə olaraq Fransa burjua inqilabının, Böyük Oktyabr İnqilabının və bizə baş bəlası olmuş İran İslam İnqilabının paralel təhlillərini vermişəm. Əslində, bu bir aksiomadır: inqilab öz övladlarını yeyir, çünki heç bir inqilab insan anlayışını mərkəzə qoymur. Düşünürlər, cəmiyyət dəyişəcək və bu dəyişmədə yeni insan növü yaranacaq. Təəssüf ki, bəşər hələ buna nail olmayıb. Mən sizin sualınıza qəsdən geniş cavab verirəm ki, fikrim oxuculara çatsın. Güney Azərbaycan milli azadlıq hərəkatında yaranan səhvlər hərəkatın hədəflərini geniş kütlənin, yaxud çoxluğun dərk etməməsindən irəli gəlir.
Güneydəki soydaşlarımızın milli haqlarının hüquqda yer alması tələbi Bütöv Azərbaycan yolunun başlanğıcı yox, mən onun canı hesab edirəm. Nədən? Soruşsanız, deməliyəm ki, İran mollası öz ölümünə razı olar, amma güneylilərin tələb etdikləri haqların qanunda yer almasına icazə verməz, çünki bu, ikinci dərəcəlilikdən, köləlikdən çıxmaq deməkdir. Bu, bərabərhüquqluluq deməkdir; rejim bizi özünə bərabər hesab etmir, bu, onun əzmək məfkurəsinə ziddir. Bir də unutmayaq: haqq verilmir, alınır. Haqqımıza sahib olmaq üçün Bütöv Azərbaycan qurulmalıdır. Quzeydə 70 il işğal altında qalmış Demokratik Respublikanı yenidən sovet rejimindən azad etdik. Güneydə 80 ildir basqı altında olan Milli Hökuməti yenidən geri almalıyıq. Kim bundan fərqli düşünürsə, o, qul psixologiyası ilə yaşamağa alışıb.
HARAYHABER: Sizcə, Bütöv Azərbaycan düşüncəsinin qarşısında dayanan ən böyük maneə xarici güclər və bölgədəki geosiyasi maraqlardır, yoxsa Quzey və Güney Azərbaycanda ortaq milli iradənin hələ tam formalaşmamasıdır?
Eluca Atalı: İlk öncə, daxildə fəaliyyət göstərən fəallarımızın bəzilərindəki “xaricilik” xəstəliyi bizə çox mane olur.
Siz üç amilə işarə edirsiniz, əslində, hər üçü də yolumuzda maneə kimi var. Birincisi, xarici güclər heç zaman imkan verməzlər ki, İran parçalansın, çünki regionda 40 milyonluq türk dövlətinin yaranmasına zəmin var. Üstəgəl, 10 milyonluq Quzey Azərbaycan, 90 milyonluq Türkiyə, qarşıda açılacaq Zəngəzur dəhlizi və onun uzanıb getdiyi yol – Türküstan. İran əsl qarın ağrısını dilə gətirməsə də, biz naşı deyilik, onun sancısını anlayırıq. Bu işin sabahına baxanda bizdən kənardakılar üçün qorxu yaranır. Kim sənə imkan verər ki, böyük dövlət olasan? Onun idarəçiliyi var. Dünyada böyük dövlətlər ona görə böyükdürlər ki, balaca dövlətləri qoltuqları altında saxlayırlar, onların balacalığından bəhrələnirlər. Sən Güney olaraq müstəqil olacaqsan və Türk Dünyası adlanan böyük dənizə axacaqsan – Rusiyaya, İrana yox. Bu, regionda İran və Rusiya üçün kabus olduğu qədər, digərləri üçün də qorxulu röya yaradır. Düşünürəm, bu sualınıza geniş cavabı “Üç vəd, üç tələb” romanımda təsvir etmişəm. Digər tərəfdən, hər iki tərəf – Quzey və Güney – hələ ki, ortaq milli iradə ortaya qoymayıb və qoymaması üçün İran 37 ildir Quzeydə din adı altında kütlənin beyninə kanalizasiya suyu axıdır. Mən kiminsə inamına toxunmaq istəmirəm, amma inam insanı artırmalı, yetişdirməlidir. Təəssüf ki, din adı altında ərəb mənəviyyatı, ərəb məfkurəsi bizim millətin beyninə yeridilir; orada türkçülüyə, milli mənafeyə yer yoxdur. İran bunu bilərəkdən edir. Nə olur-olsun, sən öz kimliyin haqda düşünüb ayılmayasan. Və ən əsası, qismətçilik var: sənin taleyin sən doğulmamışdan alnına yazılıb, sən ondan qaça bilməzsən. Sanki nağıllardakı kimi tilsimlənmisən. Budur din: sənin əl-qolunu qismətçilik adlı cəfəngiyyatla bağlayır, zəncirləyirlər. Bu nəyə gətirib çıxarır? İnsani haqqını tələb etməyəsən, onu düşünməyəsən. Yuxarıda dedim, Asif Ata Güney Azərbaycan qarşısında duran üç yağını göstərib – farsçılıq, dinçilik, qərbçilik. Nədir farsçılıq? “İran fars dövlətidir, burada heç zaman türk olmayıb, farsdan dönmə azərilər var.” Cəfəngiyyat! Bu cəfəngiyyat barədə cild-cild kitab yazdırıb təbliğ edir hakimiyyət; bu uydurmanı bilərəkdən yayır, təbliğat aparatı güclü şəkildə işləyir. Bu, yalnız indiki molla rejiminin balaca beyninin icad etdiyi fantastik ideya deyil. Guya İranda 40 milyon türk yaşamır, onlar farsdan dönüblər, azəridirlər. “Azəri” kəlməsi Rza Pəhləvinin Kəsrəviyə yazdırdığı sifarişli tarixdən irəli gəlir, türkləri özünə inamsız etməkdən ötrü. Kəsrəvi qocalanda qoca həpəndin “yaddaşı” qayıtdı, etdiyi səhvi anlayıb etiraf etdi. Bəlkə də qocalıb ağlını itirdiyindən, ya da vicdanı oyandığından bunu etiraf etdi. Tarix naşıya dərs verir, lakin tarixdən dərs almayanlar ölçüsüz olduqları üçün tarixin bataqlığında çabalayırlar.
Din haqqında dedik: verilənlə razılaş, şükür et, sən bundan artığına nail ola bilməzsən, hər şey Allahdan asılıdır, O nə edirsə, bilir, sən Ondan artığını bilə bilməzsən. “Şükürçülük” anlayışını aşmaq lazımdır; şəxsən mən bir saniyə də şükürçü olmadım. Nə əldə etdimsə, iradəmlə etdim, həyatım uğrunda vuruşdum; əks halda, Asifçilik yoluna da düşməzdim. Milli hərəkatımız “o yaxşıdır, bu yaxşıdır” ölçüsündən qurtulmalıdır. Bir ölçü olmalıdır – Azadlıq! Yalnız Kamil İnsan azaddır. O üzdən hərəkatımız yetkin düşüncə tələb edir.

HARAYHABER: Bu kitabı oxuyan bir gənc nə anlamalı və hansı nəticəyə gəlməlidir? Siz əsərinizlə yalnız milli yaddaşı oyatmaq istəyirsiniz, yoxsa oxucunu düşüncədən əmələ, seyrçi mövqeyindən milli məsuliyyətə çağırırsınız?
Eluca Atalı: Sizin dediklərinizin hamısı “Bütöv Azərbaycan yolu…” kitabında şərh edilib. Birincisi, kimlik böhranından çıxmaq, öz gücünü səfərbər etmək, bunun üçün də insanda özünəinamı aşkarlamaq. İkincisi, milli yaddaşın oyanması milli azadlıq hərəkatında ən başlıca amildir. “Azəri” kəlməsinə qapılıb qalan millətin əl-qolu bağlı olar; bu, həm də özünü başqasının arşını ilə ölçməkdir. Yenə gəlirik kimlik məsələsinə. Aydınlaşma – durulma: düşüncə yadlıqdan təmizlənməzsə, hərəkat uçuruma yuvarlanar. Öz ayağın üstündə durmaq üçün gedəcəyin yolun mahiyyətini tam dərk etməlisən. Pişəvəri hərəkatı mənfur kommunist tələsində can verdi. Yad ideologiyalar bizə heç vaxt yaramayıb və yaramayacaq. Mən istəyirəm, kitabı oxuyan hər bir kəs kimliyindən asılı olmayaraq bunu dərk etsin.
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
