Göygölün Xan Yaylağında 24–26 iyul 2026-cı il tarixlərində düzənlənən 5. Milli Yaylaq Festivalı sazı, sözü, atçılığı, milli oyunları, sənətkarlığı və elat mədəniyyətini eyni yurdda birləşdirdi. Festival Türk dünyasının ortaq mədəni yaddaşını yaşatmaq baxımından önəmli bir görüşə çevrilsə də, milyonlarla Türkün yaşadığı Güney Azərbaycanın yalnız bir masa üzərində bir neçə kitabla təmsil olunması tədbirin əsas şüarı ilə gerçək mənzərə arasındakı ciddi əskikliyi də ortaya çıxardı.

Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsi üç gün boyunca Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən gələn minlərlə insanı bir araya gətirdi.

Xan Yaylağı festival günlərində sadəcə bir tədbir meydanı deyil, milli yaddaşın canlı şəkildə sərgiləndiyi böyük bir etnoqəsəbəyə çevrildi. Alaçıqlar, xalçalar, saz havaları, milli geyimlər, atların kişnərtisi, pəhləvanların güc sınaqları, sənətkarların əl işləri və yaylaq süfrəsinin bərəkəti qədim elat həyatını yenidən canlandırdı.

Festival “Cavad Xan” Tarix və Mədəniyyət Fondu ilə “KAP.AZ” MMC-nin birgə təşəbbüsü, Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA, Dünya Etnoidman Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə düzənləndi.

Mədəniyyət, etnoqrafiya, milli idman, folklor, sənətkarlıq, ekoturizm və ailəvi istirahət proqramları vahid bir festival anlayışı içində təqdim olundu.

Yaylaq yalnız bir məkan deyil, həyat tərzidir

Yaylaq Azərbaycan Türklərinin tarixində sadəcə dağlıq bir ərazi və mövsümi istirahət yeri olmayıb. Yaylaq bütöv bir həyat sistemi, iqtisadi münasibətlər sahəsi, ailə və el birliyinin qorunduğu sosial mühit, musiqinin, şifahi xalq ədəbiyyatının və el sənətlərinin inkişaf etdiyi canlı mədəniyyət ocağıdır.

Tarixən aran bölgələrində havalar istiləşdikdə və otlaqlar azaldıqda insanlar sürüləri ilə birlikdə sərin və bol otlaqlı dağlara köçərdilər. May ayında başlayan bu mövsümi köç bəzi bölgələrdə sentyabr və oktyabr aylarına qədər davam edərdi.

Yaylaqlarda yalnız çobanlar və heyvandarlıqla məşğul olan ailələr yaşamırdı. Sənətkarlar, tacirlər, aşıqlar, musiqiçilər və müxtəlif peşə sahibləri də yay aylarında bu yurdlara gedərdilər. Beləliklə, yaylaqlar bir neçə ay boyunca bölgənin iqtisadi, sosial və mədəni mərkəzinə çevrilərdi.

Burada toylar qurular, el məclisləri keçirilər, aşıqlar deyişər, ticarət aparılar, yeni sənət nümunələri yaranar və nəsillər arasındakı mənəvi bağlar möhkəmlənərdi.

Göygöl, Gədəbəy və Daşkəsən yaylaqları tarixən qədim Gəncə və Gəncəbasar əhalisinin əsas yaylaq yurdları sırasında olub. Bu mədəniyyət yalnız Azərbaycan Respublikasının bugünkü sərhədləri daxilində deyil, Güney Azərbaycanın Urmu, Qaradağ, Savalan, Muğan, Xoy, Sulduz və digər bölgələrində də yüzillər boyunca yaşadılıb.

Siyasi sərhədlər tarixi Azərbaycan coğrafiyasını ayırsa da, yaylaq yaddaşını, elat ruhunu, sazı, xalçanı, milli mətbəxi və ortaq Türk mədəniyyətini parçalaya bilməyib.

5. festivalın rəsmi açılışı

5. Milli Yaylaq Festivalının açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop, TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman, layihə rəhbəri Müzadil Həsənov, dövlət və özəl qurumların nümayəndələri, şəhid ailələri, qazilər, media təmsilçiləri, yerli və xarici qonaqlar iştirak etdilər.

    Çıxışlarda festivalın milli-mənəvi irsin qorunması, yaylaq və elat ənənələrinin gənc nəsillərə çatdırılması, Göygölün turizm imkanlarının tanıdılması və Türk dünyası daxilində mədəni əlaqələrin gücləndirilməsi baxımından önəmi vurğulandı.

    Festivalın beşinci dəfə keçirilməsi artıq bu tədbirin təsadüfi və birdəfəlik bir mədəni proqram olmadığını göstərir. Milli Yaylaq Festivalı hər keçən il daha çox insanın diqqətini çəkən, Azərbaycanın ən böyük etnoqrafik-mədəni tədbirlərindən birinə çevrilən böyük bir el şənliyidir.

    “Xan Yurdu” canlı etnoqəsəbəyə çevrildi

    Festival məkanı bir-birini tamamlayan müxtəlif tematik sahələrə ayrılmışdı. Yaşayış alaçıqları, “Xan Çadırı”, sənətkarlıq guşələri, cıdır meydanı, milli oyun və idman sahələri, konsert səhnəsi, uşaqlar üçün əyləncə yerləri, yaylaq bazarı və milli mətbəx nümunələrinin təqdim edildiyi “Yaylaq süfrəsi” etnoqəsəbənin əsas bölümlərini təşkil edirdi.

    “Xan Çadırı”nda Azərbaycan xalçaçılığının müxtəlif nümunələri sərgiləndi. Xalçalar və kilimlər yalnız sənət əsəri kimi deyil, üzərində tayfa işarələrinin, qədim inancların, məişət yaddaşının və rənglərə köçürülmüş tarixin yaşadığı mədəni sənədlər kimi təqdim olundu.

    Sənətkarlıq guşəsində misgərlik, xalçaçılıq, kilimçilik, keçəçilik, papaqçılıq, sərraclıq, dəriçilik, toxuculuq və digər ənənəvi sənət sahələri nümayiş etdirildi. Ziyarətçilər hazır məhsullarla yanaşı, onların hazırlanma prosesini də izləmək imkanı qazandılar.

    Bu baxımdan festival sadəcə hazır məhsulların satıldığı bir yarmarka deyil, ustadla tamaşaçı, keçmişlə gələcək arasında canlı əlaqə yaradan mədəniyyət sahəsi oldu.

    Sazın, sözün və folklorun bayramı

    Festivalın mədəni proqramında aşıq musiqisi, xalq mahnıları, milli rəqslər, folklor kollektivlərinin çıxışları, teatr tamaşaları və müxtəlif səhnə proqramları geniş yer aldı. Sazın səsi Xan Yaylağının təbii gözəlliyi ilə birləşərək festivalın ən təsirli atmosferini yaratdı.

    Aşıqlıq ənənəsi Azərbaycan xalqının yalnız musiqi irsi deyil. Bu ənənə xalqın tarixi yaddaşını, milli düşüncəsini, qəhrəmanlıq ruhunu və ictimai söz mədəniyyətini qoruyan böyük bir məktəbdir.

    Aşıqların deyişməsi, el havaları və dastanlardan gələn motivlər festivalı adi konsert proqramından fərqləndirərək onu milli yaddaş məclisinə çevirdi.

    Kəndirbazların, pəhləvanların və alov püskürən sənətçilərin nümayişləri qədim meydan tamaşalarının ruhunu yenidən yaşatdı. Yorğa atlarının sərgisi və atçılıq proqramları isə Azərbaycan Türkünün atla bağlı tarixi və mədəni əlaqəsini göz önünə sərdi.

    Milli oyunlar meydanında güc və cəsarət

    5. Milli Yaylaq Festivalının ən çox maraq doğuran bölümlərindən biri milli idman və etnospor proqramları oldu. Oxatma, atçılıq, zorxana, milli güləş, qurşaq güləşi, pəhləvanlıq, kəndirlə dartma və digər yarışlar müxtəlif yaş qruplarından olan insanları bir araya gətirdi.

      Festival ərazisində kəndirlə dartma, futbol, voleybol, tir və oxatma üçün ayrıca idman sahələri quruldu. Ziyarətçilər bu meydanlarda yalnız tamaşaçı olaraq qalmadılar, fərdi və komanda yarışlarında öz bacarıqlarını sınadılar.

      Çövkən, sürpapaq, baharbənd, piyalə, atüstü güləş, gərdək qaçırmaq, yorğa və çaparaq at yarışları kimi qədim oyunlar festivalın əsas mədəni-idman xəttini tamamladı.

      Bu oyunlar yalnız əyləncə deyil; çeviklik, cəsarət, at üzərində idarəetmə bacarığı, mübarizə iradəsi və birlik ruhunu göstərən tarixi Türk idman məktəbidir.

      “Yaylaq süfrəsi”: mədəniyyətin dadı

      Festivalın ən çox ziyarət edilən yerlərindən biri “Yaylaq süfrəsi” oldu. Burada odun üzərində hazırlanan yeməklər, sac kətələri, kabablar, çoban buğlaması, dovğa, süd və pendir məhsulları, bal, göyərtilər və müxtəlif bölgələrə aid milli mətbəx nümunələri təqdim edildi.

      Yaylaq mətbəxi sadə görünməsinə baxmayaraq, təbiətlə birbaşa münasibət üzərində qurulan zəngin bir yemək mədəniyyətidir. Məhsulların yerli olması, yeməklərin açıq odda hazırlanması və süfrənin birlikdə paylaşılması yaylaq həyatının əsas özəlliklərindəndir.

      “Yaylaq süfrəsi”ndə təqdim edilən hər nemət torpağın, zəhmətin, paylaşmanın və el birliyinin rəmzi idi.

      Uşaqlar üçün canlı tarix dərsi

      5. Milli Yaylaq Festivalının ailə dostu anlayışla keçirilməsi tədbirin ən önəmli üstünlüklərindən biri oldu. Uşaqlar üçün hazırlanan xüsusi guşələrdə əyləncəli oyunlar, idman fəaliyyətləri, oxatma məşqləri və müxtəlif öyrədici proqramlar təqdim edildi.

        Şəhər həyatında böyüyən uşaqlar alaçığı, nehrəni, qədim məişət əşyalarını, xalça toxuculuğunu, yorğa atları və xalq oyunlarını canlı şəkildə görmək imkanı qazandılar.

        Belə tədbirlər uşaqlara milli mədəniyyəti yalnız kitablardan oxumağı deyil, ona toxunmağı, onu eşitməyi və gündəlik həyatın içində hiss etməyi öyrədir. Festivalın əsas mənəvi uğurlarından biri də milli irsin muzey vitrinində donmuş keçmiş kimi deyil, uşaqların iştirak etdiyi yaşayan bir həyat kimi təqdim olunmasıdır.

        “Öz Yurdunu Qur” – yaylaqda beş günlük həyat

        Festival çərçivəsində düşərgə sevənlər üçün “Öz Yurdunu Qur” sahəsi də yaradıldı. İştirakçılar 23–27 iyul tarixlərində Xan Yaylağında öz çadırlarını quraraq festivaldan bir gün əvvəl başlayan və tədbirdən bir gün sonra tamamlanan beş günlük yaylaq təcrübəsi yaşadılar.

        Düşərgə sahəsində çadır yerləri, parkinq, işıqlandırma, sanitar qovşaqlar, mühafizə, tonqal yerləri və tullantıların toplanması üçün xüsusi məntəqələr təşkil edildi.

        Bu layihə ziyarətçini sadəcə tədbirə gələn tamaşaçı olmaqdan çıxarıb, yaylaq həyatının müvəqqəti iştirakçısına çevirdi.

        Festivalın eko-aqro-etnoturizm anlayışı gələcəkdə yurdlarda və dəyələrdə gecələmək, mal-qaraya qulluq etmək, nehrə çalmaq, ot biçmək, milli yeməklər hazırlamaq, atlı gəzintilərə çıxmaq, Kəpəz dağı, Göygöl Milli Parkı və Gəncəbasarın digər tarixi-təbii yerləri ilə tanış olmaq kimi fəaliyyətlərin daha da genişləndirilməsi üçün əlverişli imkan yaradır.

        Festivalın bölgəyə iqtisadi töhfəsi

        Milli Yaylaq Festivalı mədəniyyət tədbiri olmaqla yanaşı, Göygöl və çevrə rayonların iqtisadi həyatına təsir göstərən turizm layihəsidir. Festivala gələn minlərlə insan nəqliyyat, yerləşmə, qida, yerli məhsullar, sənətkarlıq və digər xidmət sahələrində əlavə iqtisadi hərəkətlilik yaradır.

        Yerli fermerlər, arıçılar, pendir və süd məhsulları istehsalçıları, xalçaçılar, toxucular və suvenir hazırlayan sənətkarlar öz məhsullarını geniş kütləyə təqdim etmək imkanı qazanırlar.

        Bu, kiçik istehsalçının bazara çıxışını genişləndirməklə yanaşı, ənənəvi sənət və təsərrüfat sahələrinin iqtisadi baxımdan yaşamasına da yardım edir.

        Festival Göygölün yalnız təbiət gözəllikləri ilə deyil, zəngin etnoqrafiyası, mətbəxi, sənətkarlığı və yaylaq mədəniyyəti ilə tanıdılmasına xidmət edir. Beləliklə, mədəni irsin qorunması regional inkişaf və davamlı turizmlə birləşdirilir.

        Türk dünyasının ortaq mədəniyyət meydanı

        Festivalın əsas şüarlarından biri belə idi:

        “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır.”

        Bu şüar festivalın daşımaq istədiyi mənanı aydın şəkildə ifadə edir. Yaylaq mədəniyyəti yalnız Azərbaycana aid yerli bir ənənə deyil. Anadolu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türk dünyasının digər bölgələrində çadır, oba, köç, atçılıq, saz-söz ənənəsi, el şənlikləri və təbiətlə uyğun həyat ortaq mədəni dəyərlər kimi yaşayır.

        Bu baxımdan Milli Yaylaq Festivalı Türk dünyasının siyasi protokollardan kənarda, xalq mədəniyyəti və gündəlik həyat səviyyəsində bir-birini tanıdığı önəmli bir platformadır. Burada birliyin dili rəsmi çıxışlardan daha çox saz, at, xalça, yurd, süfrə və ortaq yaddaşdır.

        Lakin festivalın Türk dünyasının ailə görüşü olmaq iddiası yalnız şüarlarda deyil, təmsilçilikdə də öz qarşılığını tapmalıdır.

        Güney Azərbaycan niyə yalnız bir masaya sığdırıldı?

        Festivalın ən ciddi əskikliklərindən biri milyonlarla Azərbaycan Türkünün yaşadığı Güney Azərbaycanın yetərli şəkildə təmsil olunmaması oldu.

        Festival meydanında Güney Azərbaycana aid əsərlərin bir masa üzərində, təxminən 5–6 adda kitab və bir neçə cildlik nəşrlə nümayiş etdirilməsi diqqət çəkirdi. Masada Güney Azərbaycan folkloru, ədəbiyyatı və yazarlarına aid dəyərli kitabların yer alması təqdirəlayiq təşəbbüs idi. Bu kitabları festival meydanına gətirən insanların əməyi və milli həssaslığı ayrıca qiymətləndirilməlidir.

        Ancaq məsələ həmin insanların göstərdiyi şəxsi təşəbbüsdən daha böyükdür. Güney Azərbaycan kimi geniş bir Türk coğrafiyasının, zəngin yaylaq və elat mədəniyyətinin, böyük ədəbi irsinin və milyonlarla insanın yalnız bir masa üzərində bir neçə kitabla təmsil olunması festivalın miqyasına və “Türk dünyası bizim ailəmizdir” şüarına uyğun deyildi.

        Güney Azərbaycan sadəcə bir neçə kitabın sərgilənəcəyi kiçik bir mövzu deyil. O, tarixi Azərbaycanın ayrılmaz parçası, Türk dünyasının ən böyük insan və mədəniyyət coğrafiyalarından biridir.

        Qaradağın elat mədəniyyəti, Savalanın Şahsevən yurdları, Urmu və Sulduzun aşıq məktəbi, Xoyun, Təbrizin, Muğanın, Ərdəbilin və Zəncanın folkloru, Güney Azərbaycan xalçaçılığı, milli geyimləri, mətbəxi, musiqisi, uşaq ədəbiyyatı və çağdaş ana dili mübarizəsi ayrıca və geniş bir sahədə təqdim olunmağa layiqdir.

        Festivalda Güney Azərbaycan üçün ayrıca “Güney Azərbaycan Yurdu” və ya “Güney Azərbaycan Çadırı” yaradıla bilərdi. Bu məkanda kitab sərgisi ilə yanaşı, Güney Azərbaycanın aşıqları, yazarları, sənətkarları, folklor araşdırmaçıları, xalçaçıları, musiqiçiləri və mətbəx nümayəndələri iştirak edə bilərdilər.

        Güney Azərbaycanın yaylaq və elat mədəniyyətinə aid fotoşəkillər, sənədli filmlər, tarixi xəritələr, milli geyimlər, musiqi alətləri, xalçalar və sənət nümunələri ayrıca sərgilənə bilərdi. Ana dili, folklor və mədəni irsin qorunması mövzusunda toplantılar, kitab təqdimatları və söhbət proqramları düzənlənə bilərdi.

        Türk dünyasının birliyindən danışılan bir festivalda Güney Azərbaycanın simvolik səviyyədə saxlanılması qəbul ediləcək bir vəziyyət deyil. Birliyin gerçək olması üçün ailənin ən böyük parçalarından biri görünməli, eşidilməli və öz mədəni varlığı ilə meydanda yer almalıdır.

        Bu tənqid festivalın dəyərini azaltmaq üçün deyil, onun Türk dünyası miqyasındakı iddiasını gücləndirmək üçündür. Çünki əskikliklər açıq şəkildə söylənmədikdə, “ortaq ailə” şüarı ilə festival meydanındakı gerçək təmsilçilik arasında məsafə böyüyür.

        Növbəti Milli Yaylaq Festivalında Güney Azərbaycanın bir masa ilə deyil, özünə layiq geniş və müstəqil mədəniyyət sahəsi ilə təmsil olunması təşkilatçıların əsas hədəflərindən biri olmalıdır.

        Keçmişin nümayişi deyil, gələcəyin qurulması

        5. Milli Yaylaq Festivalı göstərdi ki, milli mədəniyyəti qorumaq yalnız keçmişdən danışmaqla mümkün deyil. Mədəniyyət yaşadılmalı, gündəlik həyatın içində görünməli, gənclər və uşaqlar onun iştirakçısına çevrilməlidir.

          Xan Yaylağında qurulan hər alaçıq, səslənən hər saz havası, toxunan hər xalça, oynanan hər milli oyun və açılan hər süfrə bir xalqın öz yaddaşına sahib çıxmasının ifadəsi idi.

          Üç gün boyunca on minlərlə insanın festivalı ziyarət etməsi Milli Yaylaq Festivalının artıq yerli bir tədbir çərçivəsini aşaraq Azərbaycanın ən böyük etnoqrafik-mədəni görüşlərindən birinə çevrildiyini göstərdi.

          Ancaq festival böyüdükcə onun məsuliyyəti də artır. Türk dünyasının ortaq mədəniyyət meydanı olmaq istəyən belə bir tədbir yalnız dövlət bayraqlarını yan-yana gətirməklə kifayətlənməməlidir. Siyasi sərhədlər daxilində dövləti olmayan, lakin böyük bir mədəni və insan varlığına sahib Türk toplumları da layiq olduqları şəkildə təmsil edilməlidir.

          5.Milli Yaylaq Festivalı başa çatsa da, onun verdiyi əsas mesaj davam edir: xalq öz yurdunu, dilini, yaddaşını və mədəniyyətini qoruduğu müddətdə tarix yalnız keçmişdə qalmır, gələcəyə çevrilir.

            Lakin Türk dünyası gerçəkdən bir ailədirsə, o ailənin Güney Azərbaycandakı milyonlarla üzvü bir festival meydanında yalnız bir masa üzərindəki bir neçə kitaba sığdırılmamalıdır.

            Xan Yaylağında yüksələn saz səsi bir daha göstərdi ki, bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır. İndi əsas məsələ bu şüarı gerçək və ədalətli təmsilçiliklə tamamlamaqdır.


            HARAYHABER
            Dünyaya Güney Azerbaycan Gözüyle Bakıyoruz

            Yazar

            • Mesut HARAY

              Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


            HARAYHABER sitesinden daha fazla şey keşfedin

            Subscribe to get the latest posts sent to your email.

            Mesut HARAY adlı kullanıcının avatarı

            By Mesut HARAY

            Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

            Bir Cevap Yazın

            HARAYHABER sitesinden daha fazla şey keşfedin

            Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

            Okumaya Devam Edin

            HARAYHABER sitesinden daha fazla şey keşfedin

            Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

            Okumaya Devam Edin