Eluca Atalı: “İran dinlə deyil, xomeynizmlə idarə olunur”

Müsahibə | HARAYHABER

Müsahibəni hazırladı: Könül İslamzadə
HARAYHABER-ə təqdim etdi: Eluca Atalı
Yayıma hazırladı və redaktə etdi: Mesut HARAY

Yazıçı Eluca Atalı “İran Hizbullah zindanında” əsərinin Türkiyədə nəşri zamanı qarşılaşdığı çətinliklərdən, İran hakimiyyətinin ideoloji mahiyyətindən, siyasi islamın cəmiyyətə təsirindən, Güney Azərbaycan Milli Hərəkatının qarşısındakı maneələrdən və inqilabların insan taleyində yaratdığı faciələrdən danışır.

“Din müqəddəsliyə çağırışdır, siyasət isə hakimiyyət və mənfəət uğrunda mübarizədir. Bunlar bir araya gətiriləndə ziddiyyətli və təhlükəli bir sistem yaranır.”

Redaksiyanın qeydi

Bu müsahibə yazıçı Eluca Atalı tərəfindən şəxsən HARAYHABER-in təsisçisi Mesut HARAYA təqdim edilib. Mətnin məzmunu və müsahibin mövqeyi qorunmaqla, dil və üslub baxımından redaktə edilərək yayıma hazırlanıb. Müsahibədə səsləndirilən tarixi-siyasi mülahizələr və qiymətləndirmələr müsahibin şəxsi mövqeyini əks etdirir.


Könül İslamzadə: Haqqında danışdığımız “İran Hizbullah zindanında” kitabı 2023-cü ilin fevralında işıq üzü gördü. Qısa müddətdə dövri mətbuatda və ictimai mühitdə əsər haqqında çoxsaylı rəylər və məqalələr yayımlandı. Açığını etiraf edim ki, Dostoyevskinin əsərlərini oxuyarkən aldığım təəssüratı sizin bu əsərinizdən də aldım. Siz də həyatın ən qaranlıq qatlarına enərək oradakı üfunətli və amansız mühiti oxucuya təqdim edirsiniz.

Kitabın adından başlayaq. Əsər Azərbaycan nəşrindən dərhal sonra Türkiyə türkcəsinə uyğunlaşdırıldı. Türkiyə nəşrində kitabın adı niyə dəyişdirildi?

Eluca Atalı: Əslində kitabın adı dəyişdirilmədi, sadəcə adında ixtisar aparıldı. Kitabın çapı üçün 15-dən artıq nəşriyyata müraciət etmişdim. Demək olar ki, bütün nəşriyyatlar mətni bəyəndiklərini bildirirdilər, lakin qorxu onların başı üzərində kabus kimi dolaşırdı.

Bəzi naşirlər mənə zəng vuraraq mövzunu saatlarla müzakirə edir, əsər qarşısında heyrətlərini gizlətmirdilər. Buna baxmayaraq, heç kim kitabı çap etməyə cürət göstərmirdi.

2023-cü ilin oktyabrında İstanbuldakı nəşriyyatlardan biri mənimlə əlaqə saxladı. Kitabın bir həftə sonra nəşrə veriləcəyini bildirdilər və müqavilənin şərtlərini danışdıq. Elə həmin həftə Həmasın İsrailə hücumu baş verdi. Redaktor nəşri dayandırdı və bir müddət gözləməyin lazım olduğunu söylədi.

Mən isə belə bir vəziyyətdə “gözləməyi” acizlik hesab edirdim. Minlərlə insanın taleyini öz səhifələrində yaşadan, edamların və repressiyaların ardı-arası kəsilmədiyi bir dövrdən bəhs edən kitab nəyi gözləməli idi? Üstəlik, Həmasın İran tərəfindən maliyyələşdirildiyi bir şəraitdə geri çəkilmək acizlik deyilmi?

Nəhayət, İstanbuldakı “Çinaraltı” nəşriyyatı cəsarətli addım atdı. Lakin onlar da kitabın adında müəyyən ixtisar aparılmasını şərt kimi irəli sürdülər. Güzəştə getməli oldum. Çünki Hizbullahın adından və mümkün reaksiyasından ehtiyat edirdilər.

Könül İslamzadə: “Qanlı orkestr” kitabında yer alan “Fatmanın gündəliyi” 114 gündən ibarətdir. Bəzi rəyçilər bunu Quranın 114 surəsi ilə qəsdən eyniləşdirdiyinizi iddia edirlər. Bu iddia doğrudurmu?

Eluca Atalı: Xeyr, bunu qəti şəkildə inkar edirəm. Tamamilə təsadüfdür.

Kitab ingilis dilinə çevrilərkən korrektor günlərin ardıcıllığında müəyyən dolaşıqlığa yol vermişdi. İngilis dili üzrə tərcüməçi ilə birlikdə günləri yenidən nizamladığımız zaman məlum oldu ki, gündəlik əslində 114 deyil, 122 gündən ibarətdir.

Mən ingilis variantındakı gün sayını daha doğru hesab edirəm. Düşünürəm ki, bununla da 114 rəqəmi ətrafında yaranan şübhələrə son qoymaq mümkündür.

Könül İslamzadə: Qeyd edirsiniz ki, romanın yazılması 12 il çəkib. Bu illər ərzində yorulduğunuz, bezdiyiniz və əsəri yarımçıq qoymaq istədiyiniz anlar oldumu?

Eluca Atalı: Mövzudan yorulmurdum. Məni sıxan əsərin yazılmasının bu qədər uzanması idi.

Kitabdan bəzi hissələri mətbuatda çap etdirəndə oxucular mənə yazırdılar: “Bu kitabı bütöv oxumaq istəyirik”. Mən isə zarafatla cavab verirdim: “Özüm də onu bütöv oxumağı arzulayıram…”

Sanballı əsərlər çox zaman gec başa gəlir. Üstəlik, bu əsər milli taleyimizlə bağlı ağır bir dərddən bəhs etdiyi üçün əlimdə olan faktları bədii mətnə çevirərkən son dərəcə diqqətli olmağa çalışırdım.

Əvvəlcə məqsədim yalnız bir kitab yazmaq idi. O kitab da İran zindanlarındakı qadınların yaşadığı məşəqqətlərdən bəhs etməli idi. Lakin “Bu qadınlar hansı səbəbdən zindana düşürlər?”, “Niyə onların taleyi belə olmalıdır?” kimi suallara cavab axtardıqca Xomeyninin kimliyi, İran inqilabını kimlərin və hansı məqsədlərlə həyata keçirdiyi kimi mürəkkəb məsələləri də araşdırmalı oldum.

Nəticədə zindan hadisələrinin kökündə dayanan əsas ideologiyanın xomeynizm olduğunu göstərmək məsuliyyətini qarşıma qoydum.

Mənim fikrimcə, İran dinlə deyil, xomeynizmlə idarə olunur. İranda dini hakimiyyətin mövcud olduğunu və cəmiyyətin sırf din əsasında idarə edildiyini düşünənlər yanılırlar. İrandakı hakim ideologiya xomeynizmdir.

Din müqəddəsliyə çağırışdır, siyasət isə hakimiyyət və mənfəət uğrunda mübarizədir. Dini dövlət anlayışı hansı məntiqə sığır? Bir-birinə zidd iki anlayışın sağlam vəhdəti mümkündürmü?

İranda baş verən hadisələrin böyük hissəsi məhz bu məntiqsiz təməl üzərində qurulmuş sistemin sarsılmasının nəticəsidir. Məncə, xomeynizm təkcə İranı deyil, bütövlükdə Şərqi ağır nəticələrlə üz-üzə qoydu.

Xomeynizmin mahiyyətini göstərən yanaşmalardan biri də elmin və peşəkarlığın yerinə ideoloji sədaqətin qoyulmasıdır. Xomeyniyə aid edilən yanaşmada elm adamlarının vəzifədən uzaqlaşdırılması, onların yerinə savadsız olsalar belə, inqilaba sadiq “iman adamlarının” gətirilməsi müdafiə edilirdi.

Beləliklə, idarəetmədə bilik və peşəkarlıq deyil, fanatizm, kor-koranə itaət və ideoloji sədaqət əsas meyara çevrildi. Siyasətin əlifbasını bilməyən insanlar dövlət idarəçiliyinin müxtəlif pillələrinə gətirildilər.

Lakin burada başqa bir sual da yaranır: Xomeynini hakimiyyətə gətirən qüvvələr kimlər idi?

Mən hesab edirəm ki, son yüz ildə İran hakimiyyətinin formalaşmasında ABŞ və Qərb dövlətlərinin ciddi təsiri olub. Molla düşüncəsi təkbaşına inqilab yaratmağa qadir deyil. İnqilab köhnəni dağıtmaq, yenini qurmaq və yeni siyasi sistem formalaşdırmaq iddiasıdır. Bunun üçün isə ideya, təşkilatlanma və siyasi ağıl lazımdır.

Könül İslamzadə: Siz İran hakimiyyətinin formalaşdırılmasında xarici qüvvələrin rolundan danışırsınız. Bu fikrinizi hansı tarixi hadisələrlə əsaslandırırsınız?

Eluca Atalı: Bununla bağlı İran tarixindən bir nümunə göstərmək istəyirəm.

1909-cu ildə yaradılmış İngiltərə mənşəli “Anglo-Persian Oil Company” şirkəti İran nefti üzərində böyük təsirə malik idi. 1950-ci illərdə İranda neft sənayesinin milliləşdirilməsi uğrunda Məhəmməd Müsəddiq hərəkatı başladı. Hərəkatın əsas məqsədi İranın sərvətlərini xarici şirkətlərin nəzarətindən çıxarmaq idi.

Müsəddiq baş nazir kimi neftin milliləşdirilməsi siyasətini həyata keçirməyə başladı. Onun ana tərəfdən Qacarlar sülaləsinə bağlı olduğu da qeyd edilir.

1953-cü ildə siyasi qarşıdurma daha da kəskinləşdi. Kütlə şaha qarşı küçələrə çıxdı. Məhəmmədrza şah əvvəlcə İraqa, daha sonra Romaya getdi. Ölkədə etirazlar və siyasi qarışıqlıq genişlənmişdi.

Tehranın mərkəzi meydanlarından birinə yüz minlərlə insanın toplaşaraq Müsəddiqin şəkillərini başları üzərinə qaldırdığı, “Rədd olsun şah!”, “Yaşasın Müsəddiq!” şüarları səsləndirdiyi bildirilir.

Lakin siyasi vəziyyət dəyişdikdən və ABŞ-ın Müsəddiqi dəstəkləmədiyi xəbəri yayıldıqdan sonra həmin kütlənin bir hissəsi mövqeyini dəyişərək şahın tərəfinə keçdi. Məhəmmədrza şah ölkəyə qayıtdı, Müsəddiq həbs edildi və sonrakı illərini ev dustaqlığında keçirdi.

Bu hadisədən çıxardığım nəticə budur: sən kütləni öz ideyanla yetişdirməmisənsə, həmin kütlə kritik anda sənin arxanca getməyəcək.

Bütün hərəkatlarda ən ağır iş insanları yetişdirmək, onları müəyyən ideya və dünyagörüşü ətrafında formalaşdırmaqdır.

Asif Ata bizə deyirdi:

“Sizdən soruşsalar ki, nə iş görürsünüz, deyin: yeni xalq yaradırıq. Desələr ki, o xalq görünmür, deyin: biz hələ torpağı şumlayıb toxum səpirik, siz onu göyərəndə görəcəksiniz”.

Kütlənin müəyyən ideyaya inanması üçün qarşısında gözlə görünən bir təzahür, real nəticə və canlı nümunə olmalıdır.

Könül İslamzadə: Kitab haqqında yazılmış rəylər sizi qane edirmi? Tənqidçilər sizin nə demək istədiyinizi tam şəkildə təhlil edə biliblərmi?

Eluca Atalı: Yazılan tənqid və təhlillərin hamısı mənim üçün dəyərlidir. Bəzilərini bir dəfə deyil, dəfələrlə oxumuşam.

Etiraf edim ki, hazırda üzərində çalışdığım romanın formalaşmasında əvvəlki əsərlərim haqqında yazılmış rəylərdən çıxardığım nəticələrin də təsiri var.

Yazıçı yalnız yazaraq başqalarını öyrətmir. O özü də öyrənir. Tənqidçilərdən, oxuculardan və onların əsərə münasibətindən öyrənir.

Oxucu auditoriyası yazıçının laboratoriyasıdır.

Könül İslamzadə: Bəzi tənqidçilər romanda bütöv, döyüşkən və klassik qəhrəman obrazının olmadığını qeyd edirlər. Bu fikirlə razısınızmı?

Eluca Atalı: “Mən yalnız bədəndən ibarət deyiləm. Mənim düşüncələrim var və onları sabahkılara çatdırmalıyam”, – deyən Fatma İranın o dövrkü mühitində bundan artıq hansı qəhrəmanlığı göstərə bilərdi?

Biz “Tamaşa qarının nəvələri”, “Abşeron” və “Qara daşlar” kimi romanlarla tərbiyə olunmuşuq. Buna görə də İrandakı mütərəqqi gəncliyin də həmin əsərlərdəki qəhrəmanlar kimi davranmalı olduğunu düşünürük.

Lakin 1980-ci illərin İran mühiti sovet cəmiyyətindən tamamilə fərqli idi. İrandakı insanın qarşısında başqa şərtlər, başqa təzyiq mexanizmləri və başqa təhlükələr dayanırdı.

1960-cı illərdə Nikita Xruşşovun “Vaxt gələcək, İran yetişmiş alma kimi ovcumuza düşəcək” dediyi bildirilirdi. Kremlin təsiri altında olan solçu qüvvələr və solçu-islamçı təşkilatlar İran cəmiyyətinin inkişaf istiqamətinə ciddi təsir göstərmişdilər.

Bu səbəbdən tənqidçilərin əsərdə klassik mənada döyüşkən qəhrəmanın olmaması ilə bağlı iradını qəbul etmirəm.

Asif Ata deyirdi:

“Qəhrəmanlıq imkansızlıqdan imkan yaratmaqdır”.

Əsərdə taleyi uğrunda mübarizə aparan obrazlar az deyil. Üstəlik, romanda zindan anlayışı yalnız fiziki həbsxana mənasında işlədilmir. Cəmiyyətin özü də böyük bir zindana çevrilib.

Həmin dövrdə kişilərin belə canlarını qurtarmaq üçün çadraya bürünərək qaçması, sizcə, oxucuya yaşanan mühitin ağırlığını göstərmirmi?

Könül İslamzadə: Tanınmış publisist və yazıçı Eyruz Məmmədli “Üç vəd, üç tələb” kitabı ilə bağlı bir neçə ciddi irad irəli sürüb.

O, Birinci Pyotr, Napoleon və Məhəmmədrza şah xəttinin əsərdə yersiz olduğunu, hətta süjet xəttini pozduğunu qeyd edir. Eyni zamanda “Ritual” hekayəsi ilə bağlı da iradı var. Bu tənqidlərə münasibətiniz necədir?

Eluca Atalı: Eyruz Məmmədliyə bu məsələ ilə bağlı fikirlərimi şifahi şəkildə demişdim. Burada da izah etmək istəyirəm.

Birinci irad Bakı hökmdarının hazırlatdığı brilyant dəsti ilə bağlı süjet xəttinə aiddir. Həmin dəst Təbriz hökmdarının qızına elçi gedilərkən hədiyyə verilməsi üçün hazırlanır.

Əsərdə Xəzərboyu əraziləri ələ keçirmək məqsədilə əvvəlcə kəşfiyyat xarakterli səfərə çıxan Birinci Pyotrun bu hədiyyəni oğurlaması təsvir edilir. Daha sonra Fransa imperatoru Napoleon həmin dəsti Rusiyadan götürür. Məhəmmədrza şah isə onu şahbanu üçün Fransadakı hərracdan alır.

Şahın hakimiyyəti sarsılmağa başlayanda o, həmin dəsti ABŞ prezidenti Cimmi Karterin həyat yoldaşına hədiyyə kimi təqdim edir. Qarşılığında isə şaha maddi dəyəri çox aşağı olan bir qalstuk verilir.

Xomeyni daha sonra ABŞ-dan qisas almaq və daxilindəki hikkəni ifadə etmək üçün həmin qalstuku rəmzi şəkildə asdırır; sanki Karteri edam etdiyini göstərməyə çalışır.

Bu süjet xəttində siyasətin çirkinliyini və əxlaqsızlığını göstərmək istəmişəm. Bədii əsərdə belə bir fikri bir neçə cümlə ilə çatdırmaq mümkün deyil. Hadisəni obrazlar və simvollar vasitəsilə bədiiləşdirib təsvir etmək lazımdır.

“Ritual” hekayəsinə gəldikdə isə, burada da sətiraltı məna var. İslam inqilabının “müəllifi” namaz qılarkən üzünü Məkkəyə tutur. Lakin gözlənilməz hadisə onun istiqamətini dəyişərək Parisə yönəldir.

Bu epizodun sətiraltı mənası budur: imamın siyasi taleyinin istiqamətini bəzən ideologiyadan daha çox gözlənilməz tarixi hadisələr və xarici şərait müəyyənləşdirir.

Könül İslamzadə: Rəyçilərin əsərdə yetərincə vurğulamadıqları məsələlər varmı?

Eluca Atalı: Əlbəttə, var. İlk növbədə xomeynizm məsələsinin daha çox önə çıxarılmasını istərdim.

Bu gün İranın düşdüyü vəziyyət, mənim fikrimcə, xomeynizmin yaratdığı bəladır. Eyni zamanda “Üç vəd, üç tələb” kitabının xüsusi şəkildə təhlil edilməsini arzulayardım.

Asif Ata Güney Azərbaycan hərəkatının mübarizə aparmalı olduğu üç əsas amili göstərirdi. Romanın ikinci kitabı da həmin üç amil üzərində qurulub.

Güney Azərbaycanın qarşısında dayanan üç əsas maneə bunlardır:

  1. Farsçılıq
  2. Dinçilik
  3. Qərbçilik

Birinci məsələ farsçılıqdır. İranda milyonlarla türkün yaşamasına baxmayaraq, onları türk deyil, guya fars kökənli “azəri” kimi təqdim etməyə çalışırlar.

“Azəri” anlayışının Rza şah Pəhləvi dövründə Əhməd Kəsrəvinin irəli sürdüyü tarix tezisləri vasitəsilə genişləndirildiyi və bunun türklərin öz kimliyinə inamını sarsıtmaq məqsədi daşıdığı düşünülür.

“Türk tarix yaratdı, lakin tarix yazmadı” fikri bizim ən zəif tərəflərimizdən birini göstərir. Yaratdığımız tarixi özümüz yazmalıyıq. Başqalarının bizim haqqımızda yazdığı tarixə alternativ yaradacaq qədər elmi gücə, milli iradəyə və təəssübkeşliyə sahib olmalıyıq.

İkinci məsələ dinçilikdir. Mən heç kimin şəxsi inancına toxunmuram. İnanc məsələsində hər kəs azaddır və din son dərəcə həssas məsələdir.

Lakin fars mərkəzli hakimiyyət Güney Azərbaycan insanının düşüncəsinə belə bir fikir yerləşdirməyə çalışır: “Sənin düşdüyün vəziyyət alın yazısıdır, qismətdir, Allah belə istəyib”.

İnsanlara zülmə boyun əyməyin ilahi tale olduğu öyrədildikdə, din azadlaşdırıcı mənəviyyat olmaqdan çıxaraq itaət vasitəsinə çevrilir. Bunun nəticəsində də cəmiyyətin müəyyən hissəsində dini institutlara və rəsmi din anlayışına qarşı etimadsızlıq yaranır.

Repressiyalar zamanı övladlarını itirən ailələrin bəzilərinin dini dəfn mərasimlərindən imtina etməsi də hakimiyyətin təqdim etdiyi din anlayışına etirazın ifadəsidir.

Üçüncü məsələ isə Qərbçilik və demokratiya anlayışının siyasi alətə çevrilməsidir.

Qərb deyildikdə ilk ağıla gələn anlayışlardan biri demokratiyadır. Çünki Qərb dövlətləri özlərini demokratiyanın və insan hüquqlarının müdafiəçisi kimi təqdim edirlər.

Lakin burada sual yaranır: demokratiyadan və insan hüquqlarından danışan ABŞ, Almaniya, Fransa və İngiltərə kimi ölkələr Xomeyni kimi bir din xadiminin İran inqilabının əsas simasına çevrilməsinin hansı nəticələr doğuracağını bilmirdilərmi?

Mənim qənaətimə görə, məqsədlərdən biri İranın enerji ehtiyatları və xammal siyasəti üzərində yenidən təsir imkanları əldə etmək idi. Bunun üçün cəmiyyət daxilində ən geniş təşkilati şəbəkəyə malik qüvvə mollalar idi.

Kommunist qüvvələr Kremlə bağlı idilər. Solçu-islamçı təşkilatların da ideoloji istiqamətində Sovet təsiri hiss olunurdu. Belə bir şəraitdə İranın SSRİ-nin təsir dairəsinə düşməsi ehtimalına qarşı, cəmiyyətin qəbul etdiyi dini qüvvələrin hakimiyyətə gətirilməsi daha münasib variant kimi qiymətləndirilmiş ola bilərdi.

Buna görə də Güney Azərbaycan türkləri milli azadlıq mübarizəsində öz güclərindən başqa hər hansı xarici qüvvəyə kor-koranə arxalansalar, uduzacaqlar.

“Üç vəd, üç tələb” kitabını da məhz bu düşüncə ilə yazmışam. Məqsədim demokratiya adı altında inkişafdan geri saxlanılmış ölkələr üzərində qurulan siyasi oyunları bədii hekayələr vasitəsilə göstərmək idi.

Könül İslamzadə: Romanda belə bir nəticə ortaya çıxır:

“Elə çirkin bir mühit formalaşdı ki, qonşu qonşudan qorxmağa başladı. Dünənə qədər qardaş olanlar bu gün bir-birlərini satmağa və xəyanətdə ittiham etməyə başladılar. İnsanlar artıq özləri bir-birlərinə nəzarət edirdilər”.

Bu, inqilabın nəticələrini qorumaq və mövcud sistemi yaşatmaq üçün yaradılmış bir mexanizm deyilmi?

Eluca Atalı: Doğrudur. Lakin bu mexanizm yalnız İran İslam İnqilabına aid deyil.

Ən böyük inqilablardan biri kimi təqdim edilən və bizim uşaqlığımızı da əlimizdən alan sosialist inqilabının davam etdirilməsi üçün minlərlə insan repressiyaya məruz qoyuldu.

Fransa inqilabından sonra da əks-inqilabçılara qarşı amansız edam mexanizmləri quruldu. Gilyotin həmin dövrün ən böyük qorxu simvollarından birinə çevrildi. İnqilabın rəhbərlərindən Maksimilyen Robespyer terror siyasətini o qədər genişləndirdi ki, nəticədə onun tərəfdarları belə öz həyatlarından qorxmağa başladılar.

Onlar başsız qalmamaq üçün birləşərək Robespyerin özünü gilyotinə göndərdilər.

İnqilabın mahiyyəti budur.

Asif Atanın “İnqilab, yoxsa intibah?” fikrini kitabın girişində vermişəm. Mənim düşüncəmə görə, heç bir inqilab insan yetişdirmədi. İnqilab sadəcə insanın daxilindəki vəhşi ehtirasları üzə çıxardı.

İnqilabın əlifbasına bələd olan hər kəs nə demək istədiyimi anlayar. İnqilab ideyası bəşəri bir fəlakətdən çıxarıb başqa bir fəlakətin içinə sala bilir. İnsanlıq inqilablarla irəliləmək əvəzinə, çox zaman yerində sayır və ya geriyə gedir.

Dünyaya inqilabdan daha çox intibah lazımdır. İnsan addım-addım, mərhələ-mərhələ kamilləşməli, ağac kimi kök ataraq inkişaf etməlidir.

Unutmayaq:

İnqilab öz övladlarını yeyir.


HARAYHABER
Dünyaya Güney Azərbaycan gözü ilə baxırıq.

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin