Pınar Şakir
Hüquqşünas, şair
SPOT: Eluca Atalının 12 il ərzində Güney Azərbaycanlı siyasi məhbuslarla apardığı söhbət və müsahibələr əsasında qələmə aldığı “İran Hizbullah zindanında” romanı, İran zindanlarında yaşanan işgəncələri, edamları və sındırılmayan milli iradəni bədii dillə oxucuya çatdırır. Hüquqşünas və şair Pınar Şakir əsəri Güney Azərbaycanın dərdinə, yaddaşına və azadlıq mübarizəsinə tərcüman olan tarixi-bədii sənəd kimi dəyərləndirir.
Eluca Atalının “İran Hizbullah zindanında” romanı ilə bağlı oxuculara məlumat verməzdən əvvəl müəllif haqqında yaranmış mübahisəli fikrə aydınlıq gətirməyi özümə borc bilirəm. Uzun müddət onu Türkiyə və Güney Azərbaycan mətbuatında güneyli yazar kimi təqdim edirdilər. Son əsəri olan, hazırda əlimizdə tutduğumuz bu romanın yayımlanmasından sonra isə Eluca Atalını hətta Quzey Azərbaycan mətbuatında da güneyli yazar kimi təqdim etməyə başladılar.
Bunun başlıca səbəbi Atalı xanımın Güney Azərbaycanın problemlərindən ardıcıl və geniş şəkildə yazmasıdır. Yazar özü bu məsələyə belə aydınlıq gətirir:
“Vətən iki yolla qorunar: silah və qələmlə. Silahla qoruma fiziki güc tətbiqi tələb edir. Bu, əsgərin, ordunun işidir; onlar sərhədin keşiyində dayanırlar.
Vətənin daxilindəki bütün problemləri görüb dilə gətirmək, onların həlli yollarını axtarıb tapmaq isə aydının işidir. Yəni bu, düşüncə əməlidir. Mənim üçün Vətənin o tayı-bu tayı yoxdur. Vətən mənim üçün bütövlük deməkdir. Bu səbəbdən də Quzey Azərbaycanın problemlərindən yazdığım qədər, Güneydən də yazmağı öz yurddaşlıq borcum bilirəm”.
İndi isə müəllifin özünə yurddaşlıq borcu bildiyi, 100-dən artıq Güney Azərbaycanlı milli fəalla – qadın və kişi fərqi qoymadan – uzun illər davam edən söhbət və müsahibələr əsasında qələmə aldığı “İran Hizbullah zindanında” romanından bəhs edəcəyik. Dörd kitabdan ibarət olan bu əsərin üzərində müəllif 12 il çalışıb. Söhbət İran zindanlarında illərlə həbsdə saxlanılmış insanların həyatından, gördükləri işgəncələrdən, yaşadıqları qorxulardan və sındırılmayan iradələrindən gedir.
İlk növbədə qeyd etmək lazımdır ki, romanın kompozisiyası İran uşaq ədəbiyyatının banisi, nakam yazarımız Səməd Behrənginin “Balaca Qara Balığın nağılı” əsərinin ideya xətti üzərində qurulub. Balaca Qara Balıq kiçik, lilli çaydan çıxaraq böyük dəryaya çatmağa can atdığı kimi, Eluca Atalı da romanda Güney Azərbaycan gənclərinin İran İslam İnqilabının Güneyə gətirdiyi məşəqqətli həyatla barışmamasını, bu zillətdən çıxaraq azad yaşamaq uğrunda mübarizə aparmasını təsvir edir.
“Onlar buna nə dərəcədə nail olurlar?” sualına cavab verməzdən əvvəl romanda insanların hansı yollarla mübarizə apardıqlarına diqqət yetirmək lazımdır. Müəllif mübarizədə ardıcıl olanların, yarı yolda sınmayanların, geri dönməyənlərin və başladığı yolu sonadək gedənlərin qalib olduğunu vurğulayır. Bu yolda öldürülsən belə, yenə qalibsən. Çünki geri dönməmisən, ölüm belə sənin iradəni qıra bilməyib.
Azadlıq yolunun yolçularının yalnız cisimdən ibarət olmadığını “Qanlı orkestr” kitabında da ifadə edən yazar, mübarizlərin ruhunun sarsılmaması məsələsini müxtəlif hekayətlər vasitəsilə bədii şəkildə təqdim edir. Əgər insanın cismi işgəncəyə və edama məruz qalırsa, onun sarsılmaz ruhu özündən sonra bu yolu davam etdirənlərə keçir. Müəllif oxucunu buna inandırmağa çalışır: sən gedə bilərsən, ancaq sənin mübarizə ruhun səndən sonra gələnlərin içində yaşamağa davam edəcək.
Bütün bu məqamlar əsərin baş qəhrəmanı, Ana dili dərnəyindən SEPAH qüvvələrinin bir gecədə həyata keçirdiyi “Bayquş əməliyyatı” zamanı yaxalanan, hələ 18 yaşı tamam olmamış urmulu Fatma Kəriminin taleyində təcəssüm edir.
Əsərdə qəhrəmanın “Gündəliyi”ndə yer alan 114 günlük qeydləri oxumaq mümkündür. Hər günün özünəməxsus məşəqqətləri və işgəncələri yaddaqalan səviyyədə təsvir olunur. Ən əsası, “Gündəlik”dən məlum olur ki, Urmudakı 480 nəfərlik Nasvan qadın zindanında saxlanılan qadınların, qızların, anaların və gəlinlərin növbəti saniyədə başlarına nə gələcəyini heç kim bilmir.
Qan donduran sətirlərlə dolu bu “Gündəlik”də bir gecədə üç hamilə qadının eyni yerdə edam edilməsindən də bəhs olunur.
Kitabı ilk dəfə əlinə alan oxucu onun ön və arxa qapağındakı bir neçə cümləni oxuduqdan sonra əsərin məzmununa qarşı dərin maraq hiss edir. Bəs həmin məlumat nədir?
“Müqəddəsliyə və insanlığa çağırış olan sübh azanının ilk sədası eşidildiyi an, sanki zindanın içində saatlı bomba partlayırdı”.
Müəllif bu cümləni 16 yaşı tamam olmadan azadfikirliliyinə görə orta məktəbdən aparılan, edama məhkum edilərək zindana atılan bir qız uşağının müsahibəsindən seçərək kitabın ön qapağına yazıb. Bunu öyrəndiyim anda ayağımın altından yer qaçdı.
Təsəvvür edirsinizmi? Bilirsinizmi, bu nə deməkdir?
Romanda təqdim olunan şahidliklərə görə, həftənin çərşənbə və bazar günləri Hizbullah zindanlarında xüsusi kütləvi edam günləri hesab olunurdu. Bəzi günlərdə 400, 500, hətta min nəfəri aşan sayda məhkumun edam edildiyi bildirilir. Bir anın içində yüzlərlə, bəzən minlərlə ailə doğmasını – atasını, anasını, gəlinini, qızını, bir sözlə, əvəzsizini itirirdi.
İslam İnqilabının hakimləri üçün isə bütün bu insanlar yalnız bir ad altında birləşdirilirdi: DÜŞMƏN!
Bəs onlar kimə düşmənçilik etmişdilər?
İnsan mənliyinə ləkə olan əməllərə etiraz etdikləri, hakimlərin insanlığa sığmayan siyasətini qəbul etmədikləri üçün rejim onları özünə düşmən elan etmişdi.
Romandakı təsvirlərə əsasən, həftənin həmin iki günündə “Xahər-e Zeynəb” adlandırılan qadın həbsxana əməkdaşı əlində qara siyahı ilə sübh azanından dərhal sonra zindan otağının qapısını açırdı. Heç nə baş verməmiş kimi 30–40 qadın və qızın adını birnəfəsə oxuyaraq günorta azanınadək hazır olmalarını əmr edirdi.
Günorta azanı səsləndikdən sonra həmin siyahı ilə yenidən otağa daxil olan qadın keşikçi bu dəfə gənc qızları adbaad çağıraraq bir saatlığa aparırdı.
Bəs həmin bir saat ərzində nə baş verirdi?
Romanda və müəllifin topladığı şahidliklərdə iddia olunur ki, edama məhkum olunmuş bakirə qızlar pasdarlara siğə etdirilir, cinsi zorakılığa məruz qoyulduqdan sonra yenidən zindan otağına qaytarılırdılar. Bunun dini əsaslandırılması kimi isə bakirə ölən qızların cənnətə düşəcəyi düşüncəsi göstərilirdi.
Əsərdə təqdim olunan məlumatlara görə, Ayətullah Xomeyniyə aid edilən bir fətva əsasında qızların bakirə halda edam edilməməsi tələb olunurdu. Məqsəd onların “cənnətə düşməsinin qarşısını almaq” idi. İnqilabın ilk illərindən tətbiq olunduğu bildirilən bu qaydaya əsasən, qız üçün müəyyənləşdirilən kəbin mehriyyəsi, süd haqqı və başlıq pulu kimi ailəsinə 5 min tümən göndərilirdi.
Edam edilən qızın valideynlərindən həmin məbləğdə şirniyyat alaraq zindana gətirmələri və burada çalışan əməkdaşlara paylamaları tələb olunurdu.
Məhkumun cəsədi nə ailəsinə verilirdi, nə də doğmalarına göstərilirdi. Ailəyə yalnız onun zindanda olduğu müddətdə geyindiyi paltarlar və ən zəruri şəxsi əşyaları təhvil verilirdi.
Edam olunmuş məhkumların nəşlərinin isə kütləvi məzarlıqlarda, qadın və kişilərdən ibarət yüzlərlə insanın eyni çalaya atılaraq üzərlərinin torpaqla örtüldüyü yerlərdə gizlədildiyi bildirilir. Son illərdə İranın böyük şəhərlərinin demək olar ki, hamısının kənarında bu cür kütləvi məzarlıqların aşkarlandığı qeyd olunur.
Məhz buna görə məhkum qadınlar sübh azanını böyük əsəb gərginliyi və dərin depressiya içində gözləyirdilər. Müsahiblərin dediyinə görə, çıxılmaz vəziyyətdə özlərini kəsilməyi gözləyən qurbanlıq quzu kimi hiss edirdilər.
İlk növbədə türk oxucularına, daha sonra isə bütün dünyaya bu kitabı oxumağı, insanlığa zidd bir rejimin mahiyyətini yaxından tanımağı tövsiyə edirəm.
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.

[…] Güneyin dərdinə tərcüman […]