Araşdırmaçı, Yazar: Prof. Dr. Esmira Fuad
Milli mücadilə şairi Bulud Qaraçurlu Səhənd xalqına qarşı Şahlıq rejiminin törətdiyi soyqırımlarını, milli zülmü “Xatirə” poemasında böyük yanğı ilə dilə gətirərək yazırdı:
İndi bizim ölkədə zülm tutub hər yanı,
Yurdumuz olub bütün dirilər qəbristanı.
Xalqımı quduz yağı dağıdır, kəsir, basır,
Hər həqq söz danışanı öldürür, dadan asır…
Səhəndin vəfatından 44 il keçib. Lakin onun söylədikləri bu gün də bütün ağrısı ilə aktualdır. Bu gün də İranda baş verən genişmiqyaslı etirazlar zamanı rejimin cəlladları minlərlə günahsız insanı güllələyib, gənc canları qanlarına qəltan ediblər. Növbəti etiraz dalğası da qan içində boğulmaqdadır.
Küçə və meydanlara axışan insanlar ağır iqtisadi vəziyyətə, bahaçılığa, tümənin dəyərdən düşməsinə etiraz edirdilər. İnqilablar beşiyi olan qoca Təbriz və Güney Azərbaycan türklərinin sıx yaşadığı bölgələr bu hərəkatlara bir qədər gec qoşuldu. Bunun səbəbini Norveçdə yaşayan siyasi mühacir, şair Hadi Qaraçay belə izah edir:
“Güney Azərbaycan insanı olaraq cəmiyyətimizin zehniyyəti və siyasi baxışı, mövcud təşkilatlanmadan daha aydın və daha gerçəkçidir. Təşkilatlar federal İranı ‘iranlı müttəfiqlər’ içində axtararkən, cəmiyyət artıq demokratik İranın sadəcə bir əfsanə olduğunu anlayıb. Güney Azərbaycan xalqı İran üçün küçələrə çıxmayacağını açıq şəkildə göstərdi. Biz ‘Bizim dərdimiz İran deyil’ deməkdən çəkinməməliyik. Bizim dərdimiz Güney Azərbaycandır.”
Tarix göstərir ki, XX əsrdə Güney Azərbaycanda baş verən hər böyük milli hərəkatın bir lideri olub:
Səttar xan (1906–1911),
Şeyx Məhəmməd Xiyabani (1918–1920),
Seyid Cəfər Pişəvəri (1945–1946),
Ayəttullah Şəriət Mədari (1978–1979).
Bu gün isə etirazçı dalğanı arxasınca aparan, milli iradəni təmsil edən liderin adı hələ ki, eşidilmir.
Lakin Təbrizin və Güney Azərbaycan türklərinin tələbi aydındır və milli məsələ statusundadır:
Azadlıq, ədalət və milli hökumət.
Tarixi haqların geri qaytarılması, milli kimliyin tanınması, azad və ədalətli cəmiyyət.
“Reuters” agentliyi adının açıqlanmasını istəməyən İran rəsmisinə istinadən bildirir ki, etirazlar zamanı ölənlərin sayı 5 min nəfərə çatıb. İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə isə ölənlərin sayı 3308, saxlanılanların sayı isə 24 mindən çoxdur.
Son məlumatlara əsasən, həlak olanların sayının 22 min nəfəri keçə biləcəyi bildirilir. Rəsmi olaraq 5 459 ölüm təsdiqlənib, 17 031 nəfərin aqibəti isə araşdırılır. 40 887 nəfər saxlanılıb, onlardan 325-dən çoxu 18 yaşdan aşağı yeniyetmədir. Ölkədə informasiya blokadası davam edir.
Bu mənzərə son dərəcə dəhşətlidir. Gənc-qoca, qadın-uşaq demədən insanlar, xüsusilə baş nahiyəsindən açılan atəşlə qətlə yetirilirlər. Analar oğulsuz, ailələr başsız qalır. Molla rejiminin pərdəarxası cinayətlərinin acı nəticəsi budur.
İslam dininə görə qardaşın qardaşı öldürməsi ən böyük günahdır. Bəs dinc şüarlarla küçəyə çıxan, daha yaxşı həyat tələb edən bu insanlar sizin qardaşlarınız, bacılarınız deyilmi?
Ulu Şəhriyar “Heydərbabaya salam” poemasında belə hayqırırdı:
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır…
Bu çağırışa bu gün Türkiyədə yaşayan şair-siyasətçi Məsud Haray, jurnalist-yazar Aynur İmran, professor Səadət Kərimi, el ozanı Araz Elsəs, siyasətçilər Eldar Güneyli, Abdulla Əmir Haşimi, Almaniyada yaşayan şair-siyasətçi Şərifə Cəfəri və digər ziyalılar səs verir. Onlar Güney türklərinin azadlıq, ana dilində təhsil, milli kimliyin tanınması tələblərini dünya ictimaiyyətinə çatırırlar.
Milli mücadilə şairi B.Q. Səhənd “Taleyimə sən bax!” şeirində milli hüquqsuzluğu belə ifadə edirdi:
Düşüncələrim yasaq,
duyğularım yasaq,
dil açıb danışdığım dildə danışmağım yasaq…
Bu yerdə Hadi Qaraçayın fikri artıq tarixi nəticə kimi səslənir:
“Güney Azərbaycan xalqını uydurma ‘demokratik İran’ əfsanəsinin dalınca aparmaqdan vaz keçməyin vaxtı çoxdan çatıb.”
Məkanca ayrılığa məhkum edilsə də, Azərbaycanı mənən, vicdanən və taleyən bölməyən araşdırmaçı-yazar Prof. Dr. Esmira Fuad bu yazını bütün soydaşlarına dərin sevgi, məsuliyyət və milli borc duyğusu ilə qələmə alır. Bu, yalnız bir məqalə deyil – bir xalqın tapdanan haqqının, boğulan səsinin və yarımçıq qalan arzularının ifadəsidir.
Şəhid olanların xatirəsi qarşısında baş əyirik. Bu gün “ruhları şad olsun” demək ağırdır – çünki onların arzuları yarım qaldı. Lakin tarix sübut edir ki, zorla yarımçıq qoyulan arzular unudulmur. Gün gələr, ədalət yerini tapar, azadlıq öz sözünü deyər və yalnız o zaman Güney Azərbaycanın şəhid övladlarının ruhu həqiqi mənada rahatlıq tapar.
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
