Durna Hatunun “Bahar” əsəri haqqında
Yazar: Həmid Arğış
Köç ədəbiyyatı yalnız yurddan uzaqda yazılan əsərlərdən oluşmur. O, eyni zamanda başqa bir ölkədə böyüyən yeni nəslin duyğularını, düşüncə biçimini, kimlik axtarışını və gələcəyə baxışını yaşadan ortaq yaddaşdır. Özəlliklə uşaq və yeniyetmə yazarların ilk əsərləri bu baxımdan ayrı bir önəm daşıyır. Onlar hələ böyük sənətkarların uzunillik təcrübəsinə yiyələnməsələr də, gələcəyin ədəbi görünüşünün ilk cizgilərini ortaya qoyurlar.
Durna Varmazyar, yazar adıyla Durna Hatun “Bahar” əsəri də belə ümidverici bir başlanğıcdır. Cəmi on iki yaşlı bir yazarın ilk müstəqil kitabı olmaqla yanaşı, Güney Azərbaycandan köç etmiş bir uşağın duyğu və düşüncə dünyasını oxucuya açır.
Əsərin olay örgüsü sadədir. Barış adlı bir uşaq yaralı durna balasını tapır, onu evə gətirir, sağaldır və uzun çəkən qayğıdan sonra yenidən doğaya qovuşmasına yardım edir. İlk baxışda bu olaylar olduqca adi görünə bilər. Ancaq yazar bu sadə olayın içində qayğıkeşlik, öhdəlik duyğusu, yoldaşlıq, dözüm və doğa sevgisi kimi önəmli dəyərləri bir araya gətirə bilir. Ən önəmli yön isə bu düşüncələrin oxucuya açıq öyüd biçimində deyil, olayların doğal axışı içində çatdırılmasıdır.
“Bahar”ın başlıca üstünlüklərindən biri yazarın içdənliyidir. Uşaq ədəbiyyatında içdənlik, yapay anlatımlardan və ağır söz yığınından daha dəyərlidir. Durna Hatun olayları böyük yazar kimi görünmək üçün gərəksiz yerə dolaşıqlaşdırmır. O, dünyaya bir uşağın gözü ilə baxır. Elə buna görə də oxucu Barışın sevincinə, qayğısına, üzüntüsünə və ümidinə asanlıqla inanır. Yazarın düş gücü olayları süni macəralarla deyil, kiçik, ancaq duyğulu gözləmlərlə zənginləşdirir.

Barış əsərin odağında dayanır. O, qəhrəmanlıq göstərməyə çalışmır; yalnız yaralı bir canlını qurtarmaq istəyir. Barışı inandırıcı edən də onun bu sadəliyidir. Yazar göstərir ki, insanın böyüklüyü gücündə deyil, qorumaq, sevmək və yardım etmək bacarığındadır. Bu düşüncə əsər boyunca qorunur və sonluqda daha aydın biçimdə öz qarşılığını tapır.
“Bahar”ın başqa bir uğurlu yönü doğanın canlı bir varlıq kimi göstərilməsidir. Yağış, yel, bağça, quşlar və ilin çağları yalnız arxa görünüş yaratmır; onlar olayların duyğusunu və axarını bütünləşdirir. Özəlliklə durnanın sağalması ilə baharın gəlişi arasında qurulan duyğusal bağ yazarın incə düşüncə gücünü göstərir. On iki yaşlı bir yazarın belə anlamlı bir bağ qura bilməsi olduqca diqqətçəkicidir.
Əsərdə ailənin yeri də önəmlidir. Barışın atası oğlunun qayğıkeşliyini dəstəkləyir, öyrətməni onu ürəkləndirir, çevrədəki insanlar isə getdikcə bu yaxşılığa qoşulurlar. Beləliklə, yazar göstərir ki, yaxşılıq yalnız bir insanın davranışı olaraq qalmır; zamanla toplumun ortaq dəyərinə çevrilə bilir. Bu düşüncə uşaq oxucular üçün həm öyrədici, həm də düşündürücüdür.
Sözsüz ki, “Bahar” Durna Hatunun ilk kitabıdır və gələcəkdə daha da gəlişdirilə biləcək yönləri vardır. Bəzi bölümlərdə olaylar bir qədər sürətlə irəliləyir. Oxucu Barışın iç dünyasını, tərəddüdlərini, sevincini və üzüntüsünü daha geniş görmək istəyir. Yazar gələcək əsərlərində qarşılıqlı danışmaları daha doğal qurmağa, qəhrəmanların iç dünyasını daha dərindən açmağa və olay örgüsündə gözlənilməz dönüşlər yaratmağa çalışarsa, anlatım gücü daha da artacaqdır.
Ancaq bu qeydlər əsərin ümumi dəyərini azaltmır. Tərsinə, Durna Hatunun qarşısında geniş bir yaradıcılıq yolunun açıldığını göstərir. Ədəbiyyat tarixində bir çox tanınmış yazar ilk addımını sadə olaylardan yola çıxaraq atmış, zaman keçdikcə öz qələmini gəlişdirmişdir. Durna Hatunun kitabında da belə bir gələcək gücü aydın görünür.
Köçdə yaranan Güney Azərbaycan ədəbiyyatı bu gün yeni nəslin qələmi ilə zənginləşir. Bu nəslin yazarları ayrı-ayrı ölkələrdə yaşasalar da, ana dilinə, milli kimliyə, mənəvi dəyərlərə və insansevər düşüncəyə bağlı qalmağa çalışırlar. “Bahar” bu baxımdan yalnız bir uşaq öyküsü deyil, gələcəyin ədəbi nəslinin ilk addımlarından biri kimi dəyərləndirilə bilər.

Durna Hatunun ən böyük üstünlüyü yaşından böyük görünməyə çalışmamasıdır. O, bir uşağın duyduğu kimi duyur, gördüyü kimi anlatır və inandığı kimi yazır. Gerçək ədəbiyyatın başlanğıcı da elə buradan doğur.
Ümid etmək olar ki, Durna Hatun oxumağa, öyrənməyə və yazmağa davam edəcək, keçmiş və çağdaş uşaq ədəbiyyatının seçilən örnəklərini yaxından tanıyacaq, gözləm çevrəsini genişləndirəcək və hər yeni əsərində qələm ustalığını daha da artıracaqdır. Bu yaradıcılıq istəyi qorunarsa, gələcəkdə onun adını Güney Azərbaycan uşaq ədəbiyyatının yeni və ümidverici yazarları sırasında görmək mümkün olacaqdır.
İlk kitab heç vaxt bir yazarın son zirvəsi deyildir. O, uzun bir yolun ilk addımıdır. “Bahar” da məhz belə bir başlanğıcdır: içdən, qayğıkeş, işıqlı, ümidli və gələcəyə açılan bir başlanğıc.
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
