Filologiya elmləri doktoru, dosent: Esmira Fuad
Açar sözlər: Güney və Quzey Azərbaycan, Ermənistan, Gürcüstan, Türkmaneli, türkkökənli toponimlər, addəyişmə siyasəti, ədəbiyyat
Ö z ə t
Azərbaycan və Azərbaycan xalqı tarixən yadellilərin, şovinist qonşuların hücumlarına, maddi və mənəvi aşınmalara məruz qalmışdır. Dədə-baba torpaqları işğal olunmuş, mal-mülkü, maddi-mədəni sərvətləri talanmış, hətta xalqın tarixən yaşatdığı yer-yurd adları belə, dəyişdirilmişdir.
Güney Azərbaycanda bu addəyişmə kampaniyası 1925-ci ildə İranda Qacarlar sülaləsinin hökmranlığına son qoyulduqdan və Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra başlanmışdır. Təəssüflə qeyd edək ki, proses günümüzədək davam etdirilməkdəir. Güclü diktator olan Rza Pəhləvinin dövlət səviyyəsinə qaldırdığı və farsların qatı millətçi hissəsinin şovinist nəzəriyyəsinə-paniranizmə söykənən milli zülm siyasətinin qeyri-fars xalqlara, o cümlədən Azərbaycan türklərinə qarşı maddi və mənəvi həyatın, demək olar ki, bütün sahələrində həyata keçirilməsinə start verildi. Doğma yurdlarından Azərbaycan türklərinin izlərini, milli kimlik nişanələrini silmək üçün yer-yurd adlarının dəyişdirilməsi bu siyasətin tərkib hissəsinə çevrildi. Türk dilində yazılan nadir kitablar, Təbriz şairlərinin ana dilində çap olunmuş əsərləri və əlyazmaları toplanıb yandırıldı.
Yandırılan kitabların ərşə qalxan tüstüsünün acısını ulusal düşüncəli yazar Rza Bərahəni “Yurdumun sirləri” romanında belə təsvir edir:
“…Onlar bizi türk dilində yazılmış dərslikləri Şəhrdari (Bələdiyyə) meydanına toplayıb yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımızın üstündə dar ağaclarından asılmış kişilərin ayaqlarına qədər qalxırdı. Gündüzləri Təbrizi qoruyub gecələri isə küçələrinə asfalt çəkən fədailər demokrat firqəsi devrildikdən sonra evlərindən çıxarılır, onlardan arxalarına baxmadan yerimələrini tələb edir, sonra biz uşaqların gözləri önündə arxadan atəş açır, cəsədlərini küçədəki nova atırdılar…” [1]
Bütün bunlar azmış kimi, Güney türklərinin tarixən öyrəşdikləri toponimlər – türkcə coğrafi adlar – dağ, çay, bulaq, meşə, şəhər, qəsəbə, kənd, türkün tarixi əsər və abidələrinin adları da sistemli şəkildə farslaşdırıldı…
Əsas hissə
Rza şahın mərkəzləşmiş güclü dövlət yaratmaq amacı ilə yürütdüyü məkrli inzibati siyasət, əslində İrandakı ermənilərə, farslara deyil, sadəcə, qeyri-fars millətlərin varlığına, onların milli birliyinə, hansısa bir qurumda birləşməsinə qarşı çevrilmişdi…
1937-ci ildə təsdiq olunan yeni inzibati islahata əsasən, Azərbaycan ərazisi bir neçə ostana, yəni ayrı-ayrı uyğunsuz, bəzən heç bir məna kəsb etməyən adlar altında vilayətlərə bölünüb. “Astara, Bicar (Gərus), Qurvə, Sonqur, Saqqız kimi bəzi tarixi şəhərləri başqa ostanlar (vilayətlər) arasında pay-bölüş olub. Başqa tərəfdən, yeni ölkə bölgüləri bəhanəsi ilə yeni ostanlar yaradılaraq Azərbaycan adı onların üstündən qaldırılıb. Məsələn, bu gün ölkənin rəsmi idari və inzibati bölmələrində, şəhər və vilayət adlarında Zəncan, Qəzvin, Həmədan, Əlbörz və Ərdəbil kimi ostanlar (vilayətlər) Güney Azərbaycanın tərkib hissəsi sayılmır və Azərbaycan adı yalnızca Şərqi Azərbaycan və Qərbi Azərbaycan deyilən iki ostanın üstündə qalıb!?..” [2]
Qeyd etdiyimiz kimi, Rza şah hakimiyyət kürsüsünə əyləşən kimi həyata keçirdiyi ilk tədbirlərdən biri “fars dilini yabançı sözlərdən təmizləmək” adı altında 1926-cı ildə Müdafiə Nazirliyi nəzdində xüsusi komissiya təşkil etmək oldu. Həmin komissiya “Əcnəbi söz” adı altında bütün türkcə kəlmələri hərbi leksikondan çıxardı. Sonra bu iş genişləndirilərək yer – şəhər, dağ, çay və yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə, daha sonra isə insanların adına və soyadına tətbiq edildi. Hələ bu azmış kimi, Rza şah Təbrizdə hökmranlıq etmiş bir sıra türk sülalələrinin inşa etdirdiyi bənzərsiz gözəlliyə malik mükəmməl arxitekturalı tarixi abidələrin sökülməsinə fərman verir… [3] Nəticədə, Göyalp sarayı, İqbal-üs-səltənə sarayı, Ulu qapı sarayı kimi neçə-neçə tarixi abidələr sökülərək məhv edilir. Əksəriyyəti Qacarlar dönəminin memarlıq nümunələri sayılan yüzlərlə tarixi ev və tikilişi ilə gözoxşayan Təbriz şəhərinin müxtəlif bölgələrində Səfəvilər və Qacarlar dövründə tikilmiş tarixi evlər hətta ayrı-ayrı şəxslərə satılır. “Həmin binalarda dəyişiklik edilərək, tarixi kimliyi və memarlıq əhəmiyyəti məhv edilir, bəziləri isə dağıdılaraq yerində çox mərtəbəli binalar inşa edilir…” [4]
2003-cü ildə 9414 qeydiyyat nömrəsi ilə milli əsərlər siyahısına salınmış Qacarlar dövrünə aid tikili – Hacı Şeyx Təbrizi evi də satış elanları saytında hərraca çıxarıldı… Tarixi tikililərin satış elanlarında bu kimi evlərin tikinti tarixləri dəyişdirilir, tarixi dəyərinin olmadığı iddia edilir və istifadəyə yararsız binalar kimi göstərilir. “İranda türklərin, özəlliklə də Güney Azərbaycan türklərinin farslaşdırma siyasətinə uyğun olaraq, onların ana dillərini qadağan etməklə, tarixlərini təhrif etməklə, milli kimliklərini aşağılamaqla yanaşı, yaşadıqları yerlərin coğrafi adları da dəyişikliyə məruz qaldı…” [5]
Görünməmiş bir tarixi saxtakarlığa, etnik “təmizləmə” cinayətinə əl atan Pəhləvi hakimiyyəti ölkədəki gerçək tarixi yer adlarının dəyişdirilməsini kütləviləşdirdi. Prosesin daha kəskin, daha ciddi sonrakı gedişi isə göstərdi ki, Rza şah despotizminin farslaşdırma siyasəti təkcə onun şahlıq (1925-1979) dövründə deyil, İslam inqilabından və İranda İslam Respublikasının qurulmasından sonra da yürüdülüb. Lakin istər Pəhləvi monarxiyası, istərsə də İran İslam Respublikası hökuməti bu məsələdə çox ehtiyatlı və məkrli davranıblar və Güney Azərbaycan türklərinin ayağa qalxmaması, yeni etiraz dalğasının kükrəməməsi üçün uzun illər məqsədlərini mümkün qədər sakit və addım-addım gerçəkləşdirməyə çalışıblar. Beləcə, hər bir yerin adı dəyişdirildikdə, yalnızca o yerlərdə yaşayan əhalinin qısamüddətli etirazları ilə qarşılaşıblar və qısa vaxt içində də bu etirazların qarşısını almağı bacarıblar.
Güneyli tədqiqatçı yazarlar Məhəmməd Rəhmanifərin “Güney Azərbaycanda yer adlarının farslaşdırılması”, toponimləri çox dəqiq araşdıran Həbib Sasanian Yakamozun “Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adları (makro və mikro toponimlər)” [6] və Naxçıvan Dövlət Universitetinin dosenti Qalibə Gültəkinin “Azərbaycanın güneyində farslaşdırılmış qədim türk toponimləri” kimi dəyərli araşdırmalarında bu çox önəmli və ağrılı məsələlər çözülür, rejimin yürütdüyü milli zülm siyasətinin ayrıntılarına varılır və türkkökənli adların farslaşdırılaraq dəyişdirilməsini əlahəzrət faktlara söykənərək aydınlaşdırılır… Hər üç tədqiqatçı bu sonuca varır ki, Güney Azərbaycanda mövcud olan farsdilli coğrafi adlar əsasən türk (Azərbaycan) dilindən farscaya çevrilərək dəyişikliyə uğradıllmış toponimlərdir. Məhəmməd Rəhmanifər yazır ki, “Coğrafi adlar, şəhər, yaxud kənd adları qeyd olunan yerlə bağlı bəzi vacib xüsusiyyətləri əks etdirə bilməklə yanaşı, tarixi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Bu adlar digər tarixi sənədlərlə yanaşı, bir bölgənin qədim sakinlərinin kim olduğunu belli etmək üçün tarixi araşdırmalarda diqqətə alınır. Digər tərəfdən, bu adlar bir diyarın sakinlərinin kimliyini əks etdirir. Məsələn, İran kimi bir ölkədə bu ölkənin cənub-qərbinə səyahət etsək, tez-tez ərəb adlarına rast gələrik, lakin şimal-qərbində və bəzi digər bölgələrdə türk adları qarşımıza çıxacaq…” [7]
O, Müzəffər ordumuzuun 44 günlük Qarabağ savaşında qələbə çalmasından və İranın müttəfiqlərinin, yəni ermənilərin məğlubiyyətindən sonra, İranın əksər mətbuat orqanının Azərbaycanın adını “Azərbaycan Respublikası” adlandırmaqdan imtina etdiyini və bu qutsal kəlmələrin yerinə “Bakı Respublikası”, yaxud “Bakı rejimi” kimi qondarma və mənasız ifadələr işlətdiklərini, Qarabağın şəhərlərindən bəhs edərkən isə onların Azərbaycan türkcəsində olan adları əvəzinə, saxta erməni adlarından istifadə etdiklərini vurğulayır. Hətta Tehran Şəhər Şurasının təsdiqi ilə bu şəhərin bəzi küçələrinə qondarma adlar verilərək, məsələn, Bakı əvəzinə “Badikube”, Şuşa əvəzinə “Şuşi” kimi adların qoyulduğunu yazır…
İran İslam İnqilabı nəticəsində hakimiyyətə gələn Molla rejimi dövründə də yeni ölkə bölgüləri bəhanəsi ilə Güney Azərbaycanın bir çox tarixi bölgələrindən Azərbaycan adı yavaş-yavaş silinir, Astara, Bicar (Gərus), Qurvə, Sonqur, Saqqız kimi bəzi tarixi şəhərlər başqa ostanlar (vilayətlər) arasında bölüşdürülür, yeni ölkə bölgüləri bəhanəsi ilə yeni ostanlar yaradılır və onların üstündən Azərbaycan adı götürülür. Artıq İranın rəsmi idarə və inzibati bölmələrində, şəhər və vilayətlərin adlarında Zəncan, Qəzvin, Həmədan, Əlbörz və Ərdəbil kimi vilayətlərin adı yazılmır və bu ostanlar Güney Azərbaycanın tərkib hissəsi sayılmır. Azərbaycan adı yalnızca Şərqi Azərbaycan və Qərbi Azərbaycan deyilən iki ostanın üstündə qalıb. Hətta Azərbaycan adını üstündə qoruyub saxlayan bu iki vilayətdən də İran media və mətbuatında söz gedəndə, aparıcı və qəzetçilər mümkün qədər Azərbaycan adından qaçır, Şərqi Azərbaycan və Qərbi Azərbaycan ifadələrinin əvəzinə Təbriz vilayəti və ya Urmiya vilayəti kimi qondarma ifadələr işlətməyə çalışırlar. Lakin mənəviyyatı aşağılayan, milli qüruru, Türk mənliyini xırpalayan bütün bu hərəkətlərə qarşı Güney Azərbaycan türkləri ciddi və geniş miqyaslı etiraz aksiyaları keçirirlər. M.Rəhmanifər Güney Azərbaycan şəhər və qəsəbələrinin adlarının dəyişdirilməsində üç yanaşmanın nəzərə alındığını bildirir: “1. Bəzi hallarda şəhərlərin türk adları farscaya dəyişdirilib: məsələn, Savucbulaq→ Mahabad, Sarı Daş→Sərdəşt, Ərəblər→Poldəşt, Sain Qala→Şahin Dej, Yam→ Pəyam, Tufarqan (Duvarqan) → Azərşəhr, Bəy kəndi→ Bukan, Tikantəpə→ Tekab, Sərəskənd→ Həştərəi→ Həştrud, Xana→ Piranşəhr, Məlik Kəndi→ Məlekan, Ağca şəhər→ Acəşəhr→ Əcəbşir, Üçnuva→ Oşnəviyye… 2. Digər hallarda isə bir neçə qəsəbəni birləşdirib yeni bir şəhər yaratmaqla əvvəlki qəsəbələrin türk adlarına kölgə salınıb və yeni qurulmuş olan şəhərə farsca ad verilib: məsələn, Gərgər+Ələmdar (türkləşmiş ərəbcə+farsca bir ad) → Hadişəhr… 3. Güney Azərbaycanda yeni şəhər, qəsəbə, məhəllə və yaşayış komplekslərinin salınması və onlara farsca və ya ərəbcə adların qoyulması: məsələn, Parsabad, Əndişe, Elahiyye, Vəli-əsr, Punək, Kuye-Əbrişəm, Kuye-Səfa, İsar, Ərəs (Araz adının farsca versiyası)…” [8]
Güney Azərbaycanda yerləşən çay, dağ və dərə adlarının əsasən türkcə qalmasına da könlü razı olmayan bədnam faşist rejim son yüz il boyu bu coğrafi adların bəzilərini farsca kəlmələrlə dəyişməyə çalışıb, amma tərcümədə təhriflərə yol verildiyindən, əslində türkcə bir çox kəlmələrin farscaya çeviriminin mümkün olmaması səbəbindən (“Ustad Şəhriyarın ana dilinin incəliyində qələmə aldığı “Heydərbabaya salam”ının çevirisinin mümkün olmadığı kimi…”) bu səylər uğursuz alınıb. M.Rəhmanifərin dəyişimə məruz qoyulmuş çay və dağ adlarından gətirdiyi örnəklər Qalibə Hacıyeva Gültəkinin “Güney Azərbaycanda mövcud farsdilli coğrafi adların əksəriyyəti türk (Azərbaycan) dilindən fars dilinə tərcümə edilərək dəyişdirilmiş toponimlərdir. Güney Azərbaycanda qeydə alınmiş belə toponimlər çoxluq təşkil edir” [8, 126-127] fikrini təsdiqləyir: “Araz→ Ərəs, Cığatı çayı→ Zərrine rud, Tatau çayı→ Simine rud, Ağ çay→ Sefid rud, Acı çay→ Təlxe rud, Qaraçay→ Siyahrud… Dağlar arasından isə araşdırmaçı yalnız insanların daha çox tanıdığı, qoynunda istirahət etdikləri və tətil, yaxud bayram günlərində yerli və xarici ölkələrdən gələn turistlərin səyahətə çıxdıqları dağlardan Qara dağ (Ərəsbaran), Savalan (Səbəlan) və Qaravul (Şirkuh)… dağlarının adlarını farslaşdırdıqlarını qeyd edir… Problemə dilçi alim baxış bucağından yanaşan Q.Gültəkin bir az da dərinə gedir və Güney Azərbaycanda dəyişdirilmiş coğrafi adları üç qrupda təsnif edir: “1) fonetik dəyişmə ilə təhrif edilmiş toponimlər; 2) qədim toponimin yenisi ilə əvəz olunması; 3) tərcümə edilərək dəyişdirilmiş toponimlər. Fonetik dəyişikliyə uğramış toponimlərdə səsin əvəzlənməsi nəticəsində semantik mənası da dəyişilir. Güney Azərbaycanda qeydə alınmış Günbərf, Girinc//Cirinc, Bostanabad, Kuhdel, Camışabad, Əhmədabad, Dəməşqiyyə, Sariqiyyə, Əxməqiyyə, Səbalan, Piyam, Kəlankeş, Dahxarqan və s. kimi coğrafi adlar türk mənşəli Günbəri, Giriş, Bostanava, Camışava, Əkinava, Göydil, Gümüşqaya, Sarıqaya, Axmaqaya, Savalan, Tufarqan, Yam toponimlərinin təhrif olunmuş formalarıdır…” [9] Günbəri toponiminın Günbərf yox, tarixən Günbərə/Günbərq/Günbəri şəklində olduğunu mövzunu araşdıran tədqiqatçılar da qeyd edirlər. Hazırda bu toponimin xalq arasında Günəvər şəklində işlənməsi faktı isə toponimin qədim türkcədə olduğunun kəsin təsdiqidir. Üskü şəhərinə yaxın mineral bulağın başlanğıcında yerləşən və Giriş adlanan kəndin adı dəyişdirilərək Girinc//Cirinc formasına, Təbrizin Bağmeşə məhəlləsindəki Gümüşqaya bulağının adı Dəməşqiyyə, Bostanava, Camışava toponimlərinin müasir türkcəmizdə yer, məkan bildirən ikinci komponenti “ava” sözü isə farsca “abad” topoformantı ilə əvəzlənərək Bostanabad, Camışabad şəklinə salınmışdır. Qeyd edək ki, “ava” tərkibli daha bir türk toponimi olan Əkinava da Əhmədabadla əvəzlənib. Yeri gəlmişkən, Əkinava coğrafi adı Ekinova şəklində qardaş Türkiyədə də mövcuddur… Güney Azərbaycanda yer-yurd adlarının farslaşdırılması, əslində bir millətin tarixi köklərini məhv etmək cinayətinə, türkkökənli adların dəyişdirilməsi faciəsinə etirazını Rəsul Qədiri folklora söykənərək bayatılar şəklində qələmə almış, soydaşlarını oyanmağa, el-obanın qəsb olunan milli haqlarını son misralarındakı “Oyan, soydaşım oyan, Haqqına dirən, dayan” çağırışı ilə geri almağa səsləyir. Və şair: “Uzaq deyil, xalqımız o adları qaytarar!” əminliyini də misraların məna yükünün içəriyinə qatır:
Əzizinəm təpəni,
Tikan basıb təpəni,
“Tekab”a çevirdilər
Doğma “Tikantəpə”ni…
Torpaq bizə anadır,
Üzüm bağı qanadır.
“Piranşəhr”ə aldanma,
Əsil adı “Xana”dır…
Orda vardır iki çay,
Bir-biriylə əkiztay.
“Miyandoab” tanımam
Nə gözəldir “Qoşaçay”! [10]
Xorasan türklərindən olan Tuman adlı şair isə yer adlarının dəyişilməsi haqqında belə söyləyir (Qeyd: Şairin yerli ləhcəsi olduğu kimi qorunub saxlanıb Həbib Sasanian Yakamoz):
Nəcür “yağış” Xorasanda olur “baran”,
Nəcür Xorasan ellərinin “çöli” olur “biyaban”,
“Meyim”i ki türkçə “Mö ağacı” deyirdilər,
Onu yavaş-yavaş “Derəxtçeye ənqur” etdilər.
Aladağların uzantın “Biynalud” etdilər,
Məşhəd “Köp dağların “Hezarmscid” dedilər.
Böcnurdun “Yaman dağı”nı “Kuhe yəmən”,
“Qorqud dağı”nı “Qure xod” dağ etdilər.
“Beş qardaş” ki beş qarındaş olur,
Yavaş-yavaş onu “Beş ğar daş” etdilər.
“Sarıgöl” İsfərayın ağdağa gül olar,
Yavaş-yavaş Pəhləvi dilində “Sariyqan” etdilər.
Şirvandaki çölü “Qarovul dağı”
Yavaş-yavaş onu “Şirkuh” etdilər… [11]
Müqayisə üçün deyək ki, eyni prosesin – yer-yurd – şəhər, qəsəbə, kənd, meşə, çay, dağ, qaya, təpə və s. adlarının dəyişdirilməsini erməni vandallarının Azərbaycan türklərinin əzəli torpaqlarında – indiki Ermənistan ərazisində – Qərbi Azərbaycanda və Gürcüstanda Azərbaycan türklərinin kompakt yaşadığı əzəli torpaqlarında və İraqa ilk gəlişləri hicri 54-cü ilə təsadüf edən türkmanların Altunköprü, Kərkük, Ərbil, Mosul, Tuzxurmatu kimi şəhər və kəndlərində yer-yurd adları da addəyişmə siyasətinin qurbanı olmuşdur.
XX əsrin son çəyrəyində ermənilərin silah gücünə doğma torpaqlarından qovub çıxardığı Azərbaycan türklərinin bu yerlərdəki izini itirmək üçün tarixi oğuz-türk adlarının tamamilə dəyişdirilib erməniləşdirildiyi, bu məkanlara erməni adlarının qoyulduğu müəyyənləşdirilmişdir… Prosesin gedişinə nəzər saldıqda, türk adlarının necə erməniləşdirildiyi aydın görünər: “Zəngəzur (Sünik), Dilican (Tavuş), Basarkeçər (Vardenis), Qarakilsə (Sisyan), Aşağı Qaranlıq (Martuni), Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Zəngibasar (Masis), Qarakilsə (Vanadzor), Dəvəli (Ararat qəsəbəsi), Keşiş kənd (Yexeqnadzor), İstibulaq və ya Karvansara (İcevan), Qəmərli və ya Gözlü Kəmərli (Metsamor), Üçmüəzzin, ya Üçkilsə (Eçmiədzin), Alagöz (Araqats), Göyçə gölü (Sevan), Arpaçay (Axuryan), Sərdərabad (Armavir), Qırbulaq (Kotayk), Şörəyel (Şirak), Kərkibasar (Araqaçotun) (Ermənistanda qədim türk yaşayış məskəni kimi tarixə düşən və bu minvalla dəyişdirilən onlarla rayon adlarından: Ani-Agin, Aparan-Abaran, Axta-Hrazdan, Ellər-Abovyan, Vedi-Ararat, Qəmərli-Artaşat, Ərtik-Artik, Allahverdi-Tumanyan, Böyük Qarakilsə-Quqark, Qızıl Qoç-Qukasyan, Düzkənd-Axuryan, Kəvər-Kamo, Hamamlı-Spitak, Əştərək-Aştarak, Şəmşəddin-Berd, Çəmbərək-Krasnoselsk, Barana-Noyemberyan, Soylan-Əzizbəyov-Vayk, Gorus-Qoris, Sərdarabad-Hoktemberyan-ı da bu sıraya əlavə etsək, eyni mənzərə alınar – E.F.) və s.
Eləcə də Gürcüstanda Azərbaycan türklərinin kompakt yaşadığı dədə-baba torpaqlarındakı yer-yurd adları da gürcüləşdirilmə siyasətinin qurbanı olub. İndiki Gürcüstan respublikasında türk kökənli yer-yurd adlarının dəyişdirilərək gürcüləşdirilməsi – addəyişmə kampaniyası ilk olaraq Bolnis (Bolnisi) bölgəsindən başlayıb: Qoçulu-Çapala, Cəfərli-Samtredo, Mığırlı-Vanati, Kolagir – Surtava, İmirhəsən-Savaneti, Aşağı Qoşakilsə-Kvemo Arkvani, Daşlıqullar-Muxrani, Həsənxocalı-Xidisquri, Əsmələr-Mskneti… və s. kimi süni adlarla əvəzləndirilib. Bunlar adları təhrif olunan yüzlərlə toponimlərimizdən sadəcə bir neçəsidir…” [12, 13]
Azərbaycan türklərinin kompakt yaşadığı ən qədim tarixi mahallardan birində – hun, buntürk, barsil, bulqar, xəzər, oğuz, qıpçaq və qarapapaqlar kimi əski türk tayfalarının yurdu olan “Borçalıdakı yer adlarına tətbiq olunan gürcüləşdirmə siyasətində əsas məqsəd “yerli əhalini uzaq tarixi keçmişi ilə birləşdirən bağları qırmaq, sakinlərə bu bölgələrə gəlmə olduqlarını təlqin etmək və milli-etnik kökə malik maddi-mənəvi abidələri dağıtmaq idi…” [12, 13]
Türklərin tarixinə və mənəviyyatına vurulan bu zərbəni Gürcüstanın rəsmi dövlət qəzeti “Sakartvelos Respublika” 10 iyun 1992-ci il tarixli sayında “Tarixi həqiqətin zəfəri” adlandırmışdı. Yerli əhalinin – əski türklərin etirazlarına, dövlət orqanlarına rəsmi müraciətlərini də Gürcüstan rəhbərliyi görməzdən gəlmişdir… Araşdırmaçı M.Komaxetiyanın proseslə bağlı fikirləri gerçək durumu qismən əks etdirməkdədir: “Eduard Şevardnadzenin tərəfdarları hesab edirdilər ki, otuz beş (35) Azərbaycan kəndinin adının dəyişdirilməsi (1993-cü il) əhalini narahat etmədi (Bəs bunca çoxsaylı müraciətlər, etiraz aksiyaları, yerlərdəki bələdiyyələrin, kənd məclislərinin addəyişməyə etirazlarını ifadə edən qərarlar necə olsun?! E.F.). Hazırda kəndlər, yaxud da çaylar iki adlıdır. Biri rəsmidir (gürcücədir), ikinci azərbaycancadır və yerli əhali gündəlik həyatında öz dilindəki adlardan istifadə edir ki, bu da öz növbəsində müəyyən problemlər yaradır… …Yerli əhali hesab edir ki, hakimiyyət bu yolla onların tarixi yaddaşını məhv etməyə cəhd göstərir. Bu da azərbaycanlıların inteqrasiyasına neqativ təsir göstərir…” [12, 13]
Ad dəyişmə-saxtalaşdırma ilə uğraşanların nə qədər cahil olduqları gözlərimiz önündədir. Bunun ən sadə təsdiqi Azərbaycan türkcəsində hər hansı bir məna, anlam daşıyan bu toponimlərin erməni dilində heç bir mənasının olmamasıdır… Rza şahın Güney Azərbaycanda yürütdüyü məkrli antimilli farslaşdırma siyasəti ilə İ.V.Stalinin Quzey Azərbaycanda apardığı ruslaşdırma, Qərbi Azərbaycanda Ermənistanın vandal şovinistlərinin erməniləşdirmə siyasətini tutuşdursaq, nə qədər oxşarlıqların olduğu aydın görünər. Acı gerçəkdir ki, sovetlər dönəmində milli kökənli, xalis türkcə olan yer-yurd adlarının xeyli hissəsi Quzey Azərbaycan ərazisində də dəyişdirilmişdir: Binəqədi – Kirov, Xətai – Şaumyan, Sabunçu – Lenin, Səbail – 26 Bakı Komissarı, Yasamal – Oktyabr, Beyləqan – Jdanov, Şəki – Nuxa, Biləsuvar – Puşkin, Qusar – Hil, Şabran – Dəvəçi, Şəmkir – Şamxor, Neftçala – Xıllı, Şirvan – Əli Bayramlı, Şərur – Noraşen – İliç, Lerik – Zuvand, Göygöl – Xanlar, Gəncə – Kirovabad, Goranboy – Qasım İsmayılov, Ağdaş – Ərəş, Qəbələ – Qutqaşen, Hacıqabul – Qazıməmməd, Qobustan – Duvannı – Mərəzə, Suraxanı – Orconikidze, Oğuz – Vartaşen, Tərtər – Mirbəşir, Yevlax – Vağzal, Füzuli – Qaryagin, Daşkəsən – Dəstəfur, İmişli – Qaradonlu, Bərdə – Firuzabad – Partav, Xankəndi – Stepanakert, Yardımlı – Vərgədüz, Cəlilabad – Astraxanbazar, Qaradağ – Molotov, Ağdərə – Mardakert, Xocavənd – Martuni və s. kimi adlarla əvəzlənib və tarixi türk yer adlarının böyük əksəriyyəti rus dilinin təsirinə məruz qoyulub… Adı dəyişdirilmiş rayon və şəhərlərin içində yalnız Gəncənin adı üç dəfə ruslaşdırma prosesindən keçib və ayrı-ayrı tarixi mərhələlərdə Gəncə (1804-1918), Yelizavetpol (1918-1935) və Kirovabad (1935-1989) olaraq tanınmışdır. 1989-cu ildə isə Şərqin ilk demokratik cümhuriyyətinin – ADR-in yaranmasına şahidlik edən qədim Gəncə öz ilkin adına qovuşmuşdur…
Türk adlarının farsca, ya ərəbcə dəyişdirilməsi dünyanın ən qəddar rejimlərinin yürütdüyü şovinizm – etnik “təmizləmə” siyasətinin içəriyini göstərmiş olur. Güney Azərbaycana və Güney türklərinə qarşı törədilən mədəni soyqırğını prosesi zamanı, hətta təhqiretmə, aşağılama hallarına da yol verilib. Bu prosesi mövzunu incələyən digər araşdırıcıların faktlarına söykənərək yerli-yerində və təhrifsiz şəkildə, dəyişdirilən yer adlarının tarixi ilə bağlı ixtiyar yaşlı yerli sakinlərin açıqlaması ilə bərabər, asqılarını belə, tədqiqatına əlavə etməklə Həbib Yakamoz araşdırmışdır. Onun dəyərli tədqiqatından gətirdiyimiz örnəklər fikrimizin ən bariz təsdiqidir: “Güney Azərbaycanın Doğu Azərbaycan Əyaləti İnzibati Ərazi Dairəsinə aid olan Sarov (Sarab) şəhərindən 35 km məsafədə “Sarı Qaya” adlı kənd var. Azərbaycan Respublikasının Zərdab rayonunda bu adda kənd, Türkiyə Cumhuriyyətində isə eyni adlı şəhər var. Lakin bu kəndin adı yalnız Güney Azərbaycanda farslaşdırma nəticəsində Sariqiyyə, yəni “oğrular” adlandırılıb. Təbriz şəhərinin köhnə məhəllələrindən biri Axmaqaya adlanır. Bu məhəllə Təbriz şəhərinin 7-ci mikrorayonunda, dəmir yolu meydanından 3 km güney-batıda və Xısrovşaha gedən magistral yolunun üzərində, Rəvasan ərazisindədir. “Axmaqaya” keçmişdə Təbriz şəhərinin ətraf kəndlərindən biri olub və şəhər genişləndikdən sonra, məhəllə kimi tanınıb. “Axmaqaya” kəndinin adı “Axmaqiyye” kimi qeydə alınıb. Bu isə türkcəmizdə səy, yəni “axmaq”, “qanmaz” deməkdir. “Eşşək adası” isə Urmu gölünün 113 adasından biridir. Türkcə eşşək sözünün farsca əşk (gözyaşı) sözü ilə tələffüz oxşarlığı səbəbindən Eşşək adasının adı Əşk adasına çevrilib…” [13]
Çağımızda Güney Azərbaycanda mövcud farsdilli coğrafi adların əksəriyyəti türk (Azərbaycan) dilindən fars dilinə tərcümə edilərək dəyişdirilmiş toponimlərdir. Güney Azərbaycanda qeydə alınmiş belə toponimlər çoxluq təşkil edir. Ş.Mərdanov və O.Mirzəyev yazırlar ki, “tərcüməçiliyə aludəlik bəzən elə bir vəziyyətə gətirib çıxarır ki, başqa coğrafi obyektin adı ittifaq və dünya xəritələrinə düşür, sonralar bu adın həqiqi adının bərpa edilməsi çətinləşir və ya qeyri-mümkün olur…” [14, s.189]
Təbrizdə Quruçay üzərində salınmış qədim tarixə malik Daş körpü farslaşdırılıb Polesəng, daha sonralar isə Pürsəng olub. Daş körpü isə artıq kütləvi dildən çıxaraq unudulub. Qəzvin-Rəşt yolu üzərində yerləşən şirinsu – Abşirin Soyuqbulaq, Mahabad, Acıçay – Təlxrud, Qızılüzən çayı – Sefidrud, Əhərdə yerləşən Göydağ – Kuhsəbz, Təbrizin Dəvəçi məhəlləsi şotarban, Urmiyada Qoyun körpüsü Pole Qusfənd, Üçgözlü körpü – Pole Sedəhənə, Urmiyada Gölüstü məhəlləsi Səristəxr, Uşnəviyyədə Şkiçay – Dorud, Urmiyada Acısu – Təlxab, şərqi Azərbaycanda Ağsu – Sefidrud, Urmiyanın Quşçu Ənzəli rayonunda İstisu – Abgərim, toponimləri bu kimi tərcümələrlə farslaşdırılıb. Miyana yol üstündə yerləşən Kosalar kəndinin adı dəyişdirilib Kusəsalar formasına düşüb. Həştəridə qədimdən Dəmirdöyən kəndinin adı sonradan dəyişdirilib Teymurdun formasına salınıb. Dun ərəbcə alçaq, ləyaqətsiz, yəni təhqir anlamında işlənir ki, bu da vaxtı ilə böyük türk xaqanı olan Əmir Teymura farsların münasibəti kimi alçaq Teymur mənasını ifadə edir. Lakin son çağda Güney xalqı arasında özünəqayıdış prosesinin yüksəlməsi, etiraz və tələblərinin artması nəticəsində bəzi yerlərin dədə-baba adları özünə qaytarılır. Lakin təhriflər, dəyişilmələr saysız-hesabsızdır və bu kimi işlərlə onların hamısını kompensasiya etmək mümkünsüz görünür. Daha qapsamlı, daha böyük miqyaslı dirəniş, güclü bir etiraz hərəkatının başlanmasına ehtiyac vardır…
Böyük Səməd Behrənginin, İbrahim Rəşidi Savalan, Rza Həmraz, Məhəmməd Rəhmanifər, Həbib Yakamoz, Qalibə Gültəkin və mövzuya həssaslıqla yanaşan digər aydınlarımızın altını cızaraq yazdıqlarından da görünür ki, “bu gün fars-molla rejimi İranda tarixin izlərini silməyə, azərbaycanlıları bütün platformalarda sıxışdırmağa çalışır. Bunu edərkən isə bir vaxtlar ucsuz-bucaqsız torpaqları, o cümlədən müasir İran dövlətinin yerləşdiyi ərazini idarə etmiş türk sülalələrini belə farslaşdırmaq cəhdlərindən çəkinmirlər. Fars şovinistlər hələ də səfəvilərin, əfşarların, qacarların türk olması faktına dözümsüz yanaşır, tarixi saxtalaşdırırlar. Çünki türk-azərbaycanlı adı fars şovinizmi üçün ən böyük təhdid olaraq görülür. Buna səbəb isə reallığın dərk edilməsi, Azərbaycan tarixinin böyüklüyü qarşısındakı acizlik və həmin tarixin təkrarlanması qorxusudur…” [15]
İİR-in qeydiyyat idarələrində türkkökənli adların farslaşdırılması kimi ağrılı prosesin necə həyata keçirildiyinin şahidi olan Səməd Behrənginin məqalələr toplusunda məsələyə birbaşa keçid etməsi, İran dövlət rəsmilərinin məkrli niyyətinin konkret açıqlamasıdır: “Bu qeydiyyat idarəsində olanların əcibə maraqları var ki, kəndlərin və gahdan şəhərlərin adların dəyişsinlər! 28/6/1971-də keçmiş muzey rəisi ustad Təbatəbayi cənablarına Təqi Sərləkin imzası ilə yazılıb göndərilmiş 29399 nömrəli bir məktub, daha doğrusu, bəxşnamədə (təlimnamə) qeyd olunub ki: “Azərbaycan muzeyinin rəhbəri cənab Təbatəbai 23.06.1951-ci il tarixli danışıqlardan sonra Şərqi Azərbaycanda İran İmperiyasının yaranmasının 2500 illiyini qeyd etmək üçün Mərkəzi Şuraya tabe olan vilayətin bəzi kəndlərinin xoşagəlməz (yaramaz) əsas adlarının dəyişdirilməsi üzrə komitəsi vasitəsi ilə arzu edilən siyahı əlavə olunur. Xahiş edirəm, 29.06.1951 duz günü (bazar ertəsi) səhər saat 9:00-da qubernator sarayının zalında keçiriləcək komitənin ikinci iclasında iştirak edin…” [15]
Səməd Behrənginin diqqətini çəkib təəccübünə səbəb olan bu məktubda yazılan və İran İmperiyasının yaranmasının uydurma yubileyi – “2500 illiyi” ilə bağlı adları dəyişdiriləcək tarixi məkanların qeyd olunduğu həmin siyahı Rza şahın “milli birlik” siyasətinin əsas tərkib hissəsi – addəyişmə kampaniyasının bir halqası idi. Coğrafi adların dəyişdirilməsi xalqın tarixi köklərinin ayrı-ayrı şaxələrini qoparıb məhv etmək, onu yavaş-yavaş yaşadığı torpaqdan ayırmaq – həmin xalqa qarşı soyqırım cinayətinin törədilməsi deməkdir. İranda isə bu cinayət dövlət səviyyəsində planlaşdırılaraq həyata keçirilib. Fikrimizin ayrıntıları Güneyli tarixçi alim Tağı Şahinin rejimin liderinin öz dilindən etdiyi açıqlamasındadır: “Bizim tələbimiz və ictimai istəyimiz İranın milli birliyini təkmilləşdirmək və onu qorumaqdan ibarətdir. Bunun üçün bütün ölkədə fars dili ümumi dil olmalı, libas, əxlaq və s. cəhətdən yerli fərqlər aradan qaldırılmalıdır. Kürd, lor, qaşqay, ərəb, türk və türkmən bir-birindən fərqlənməməlidir. Müxtəlif milli libas geyməyə, müxtəlif dillərdə danışmağa son qoyulmalıdır. İranda dil, adət-ənənə, libas və s. cəhətdən milli birlik yaranmayınca İranın müstəqilliyi, onun ərazi bütövlüyü təhlükə qarşısında qalacaq. Əgər İranda sakin olan müxtəlif tayfaları vahid şəklə salmasaq, yəni bütün əhalini tam mənada iranlı (fars)laşdırmasaq qarşımızda qaranlıq gələcək dayanır. Çingiz, Teymur dövrlərinin yadigarı olan coğrafi adlar fars dilinə çevrilməli, ölkədə bu məqsədə xidmət edən yeni inzibati ərazi bölgüsü aparılmalıdır. Hökumət idarələrində, qoşun daxilində və məhkəmə dairələrində yad dillərin və yad sözlərin işlədilməsi dövlət tərəfindən qadağan olunmalıdır…” [16, 96-97]
Nəticə
Həm İranda, həm Quzey Azərbaycanda, eləcə də qədim türk yurdları olan Ermənistan, Gürcüstan və Türkmanelində həyata keçirilən bu addəyişmələr, milli adların saxtalaşdırılması YUNESKO-nun mədəni dəyərlərin qorunması haqqında 1954, 1970 və 1972-ci il konvensiyalarının kobud şəkildə pozulması deməkdir.
Çağdaş dövrdə Molla rejiminin də ustalıqla, ancaq xalqın zaman-zaman yüksələn etiraz səslərindən ehtiyatlanaraq asta-asta həyata keçirdiyi antimilli farslaşdırma siyasəti ilə İ.V.Stalinin Quzey Azərbaycanda və Krımda apardığı ruslaşdırma, Qərbi Azərbaycanda Ermənistanın vandal şovinistlərinin erməniləşdirmə, Gürcüstanda gürcüləşdirmə, İraqda ərəbləşdirmə siyasətini tutuşduranda, oxşar mənzərə alınır.
Rza şahın “vahid millət”, “vahid dil”, “vahid geyim” tələbini onun əliçomaqlıları Molla rejimi dövründə də can-başla yerinə yetirdilər, Güney Azərbaycanda türk adlarını, demək olar ki, əksəriyyətini farslaşdırdılar… Lakin bu toponimlərin çoxu tarixi proseslərin sonucunda dəyişikliyə uğradılıb müəyyən fonetik əvəzlənmə ilə semantik mənası təhrif edilsə də, farslaşdırılaraq mənası tam anlaşılmayan toponimlərə çevrilsə də, zamanla bəziləri elin dilindən çıxaraq unudulsa da, Güney xalqı onların çoxunu yaddaşında qoruyub saxladı və bugünkü nəslə ötürə bildi. Bu gün Güney xalqının uğrunda savaşdığı milli məsələlərdən biri məhz farslaşdırılmış türkkökənli yer-yurd adlarının bərpa olunması, özünə qaytarılmasıdır…
Esmira Fuad
CHANGE OF TURKISH-ORIGIN TOPONYMS IN SOUTH AZERBAIJAN AND THE REFLECTION OF THE PROCESS IN LITERATURE
Azerbaijan and the Azerbaijani people have historically been subjected to attacks by foreigners and chauvinist neighbors, as well as material and moral erosion. The ancestral lands have been occupied, their property, material and cultural wealth has been plundered, and even the names of the places and places that the people have historically lived by have been changed.
This name-changing campaign in South Azerbaijan began in 1925 after the end of the Qajar dynasty in Iran and the coming to power of the Pahlavi dynasty. Unfortunately, we should note that the process continues to this day. The policy of national oppression, which was raised to the state level by the powerful dictator Reza Pahlavi and based on the chauvinist theory of the hard-line nationalist part of the Persians – Pan-Iranism, was launched against non-Persian peoples, including Azerbaijani Turks, in almost all areas of material and spiritual life. Changing the names of places and lands in order to erase the traces of Azerbaijani Turks and national identity signs from their native lands became an integral part of this policy. Rare books written in Turkish, works and manuscripts printed in the native language of Tabriz poets were collected and burned. As if all this were not enough, the toponyms that the Southern Turks had historically become accustomed to – Turkish geographical names – mountains, rivers, springs, forests, cities, settlements, villages, and the names of Turkic historical works and monuments were also systematically Persianized…
Reza Shah, with the aim of creating a centralized and powerful state, pursued an insidious administrative policy that was directed not against the Persians, Armenians, Kurds, etc. peoples, but only against the existence of non-Persian nations, their national unity, and their unification in some organization. In order to reveal the essence of this policy, valuable research studies such as “Persianization of place names in South Azerbaijan” by Mahammad Rahmanifar, “Persianization of ancient Turkic toponyms in South Azerbaijan” by Nakhchivan State University associate professor Qaliba Gultekin, and “Changed place names (macro and micro toponyms) in South Azerbaijan” by Habib Sasanian Yakamoz are presented, with points coinciding with the topic.
One of the national issues that the people of the South are fighting for today is the restoration and return of Persianized Turkic place names…
Keywords: Southern and Northern Azerbaijan, Armenia, Georgia, Turkmen, toponyms of Turkic origin, name-changing policy, literature
Q A Y N A Q L A R
- amerikaninsesi.org/a/kitab-iran/1813673.html; https://525.az/news/267616yurdumun-sirleri-esrimizin-bestselleri–esmira-fuad-yazir
- https://moderator.az/az/read/621169/
- https://article.tebyan.net/475147/
- https://dak.az/t%C9%99brizd%C9%99-tarixi-irs-m%C9%99hv-edilir/
- http://www.anl.az/down/meqale/xalqcebhesi/2016/dekabr/518714.htm
- https://moderator.az/az/read/621169/ https://oxu.az/siyaset/tehran-rejimi-guney-azerbaycanda-turk-adlarini-nece-farslasdirir-arasdirma-foto
- https://kulis.az/xeber/nesr/tehran-rejimi-guney-azerbaycanda-turk-adlarini-necefarslasdirir-46610
- Qalibə Gültəkin (Naxçıvan). Azərbaycanın güneyində farslaşdırılmış qədim türk toponimləri, Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. Bakı, Azərnəşr, 2010, 172 səh.
- https://tdkturkdunyasi.gov.tr/tam-metin-pdf/445/tur
- Rəsul Qədiri. FB səhifəsi.
- Arzu bulaq vebsitəsi – http://efrasiyab.arzublog.com/post/31209
- Aydın Tağıyev Adları təhrif olunmuş Azərbaycan torpaqları və ya erməni kimliyi. 525-ci qəzet.- 2021.- 25 avqust.
- Xaqani İsmayıl. Gürcüstanda Azərbaycan-türk toponimləri. Onların bir çoxu artıq xəritədən silinib. Mədəniyyət.-2010.-7 aprel.
- İ.Mərdanov. O.Mirzəyev. Coğrafiya xəritələrində toponimlərin təhrif və tərcümə olunması haqqında. AOP-a həsr olunmuş II elmi nəzəri konfransın materialları. Bakı, 1988.
- https://tv.ikisahil.az/post/394720-deme-iran-niye-viran-oldu
- İbrahimov T.Ə. Qaşqaylar. Bakı: Elm, 1988.
Qeyd:
[^1]: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Filologiya elmləri doktoru, dosent; esmirafuad@mail.ru; https://orcid.org/0000-0002-8794-608X.
[^2]: Senior Researcher of the Department of South Azerbaijan Literature, Institute of Literature named after Nizami Ganjavi of ANAS, Doctor of Philology, Associate Professor; esmirafuad@mail.ru; https://orcid.org/0000-0002-8794-608X
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
