ABŞ VƏ AYƏTULLAH XOMEYNİ

Üç vəd, üç tələb
(ixtisarla)

Hazırlayan: Fuad Kamliloğlu

…Əbasını dizinin üzərinə çəkən Ayətullah Xomeyni başını tərpətməklə Yəzdiyə qapını açmağı işarə edəndə, əmrə müntəzir inqilab poçtalyonu qapı dalındakı çamadanların bir hissəsini çarpayının altına itələyib, qapını taybatay açdı. Əlbəttə, qapının balaca gözlüyündən baxıb, dəfələrlə əlinə məktub verdiyi Varren Zimmermannı tanıdıqdan sonra bunu etdi. Diplomat ayətullahın qarşısında baş endirib:

– Cənab Ayətullah Xomeyniyə şəxsən özüm çatdırmağı borc bildim, Vaşinqton köhnə dostu Məhəmmədrza Pəhləvidən əlini üzüb.

– Əlin, yoxsa ümidin üzüb? – İmam israrla Ağ Evin nümayəndəsinin gözünün içinə baxdıqda, o ustaca sualın altından qaçdı.

– Siz cənablara necə sərf edirsə, elə də qəbul edin. Bilməmiş deyilsiniz, şərq və qərbin kəlmədən məna çıxarması eyni cür olmur, əlbəttə, uzun müddət şərq ölkələri ilə diplomatik xidmətimdə bunun şahidi olmuşam və bir də diqqətinizə çatdırmaq istərdim, Ağ Evin sizin on beş illik sürgün həyatınıza yaxın saatlarda son qoymağa qərar verib.

İmam diplomata əli ilə oturmaqdan ötrü yer göstərdikdən sonra:

– Siz buna sürgün həyatına son qoymaq deyirsiniz, yoxsa İslam İnqilabı İranda qələbə çalacaq? – soruşması ilə Karterin elçisini yenidən ağır ittihama məhkum etmiş oldu.

– Dedim axı, kəlmə seçimində səhv ola bilər, amma bu bizim hər ikimizin düşündüyü eyni anlama gəlir, yəni sizin və Ağ Evin zəhməti qələbə ilə nəticələnir.

– Və bir də… – azca susub, səsinə ötkəmlik verdi. – Amerikaya verdiyiniz vədlərə barmaqarası baxmamağı Ağ Ev administrasiyası adından diqqətinizə çatdırmağı məndən xahiş ediblər.

Qəfildən imamın üzünün səyirməsi qonağın imama vədini xatırlatmasının ona xoş gəlmədiyinin sübutu idi.

– Bəs mənə verilən üç vəd?

– Onlar qüvvədə qalır, siz Tehrana rahat enəcəksiniz, lakin…

– Güman edirəm, sürgün həyatımın davamını Qəsr Qacarda yaşamaq kimi mükafata layiq görülməyəcəyəm!

– Hı, hı… – diplomat bığaltı gülümsəyib, – cənab Ayətullah Xomeyninin bu qədər zarafatcıl olduğunu heç bilmirdim.

– Bu zarafat deyil, Ağ Evin inqilabın taleyi ilə oynamasına işarədir.

– Elə isə Ağ Evin son xahişini sizə çatdırıram, siz Tehrandan dərhal və dərhal, ləngimədən birbaşa Quma getməlisiniz.

– Ağ Evin mənə mənzil seçməsini anlamadım.

– Cənab imam, Tehranın sizin üçün təhlükəli olması… Belə deyək, inqilab dalğasının tüğyan etdiyi bir şəhərdə sizin qalmağınız bizim bütün zəhmətimizi alt-üst edə bilər. Sizin qəfil dönüşünüzün fəlakətlə nəticələnməyəcəyinə kimsə qarant vermir, Karter administrasiyası bu təhlükəni dərindən hiss edir. Yersizdir deməyim, SSRİ-nin hər cür yardımla bəslədiyi kommunistlər də İranda müəyyən gücə malikdirlər. Digər tərəfdən, İran hərbisi monarx konstitusiyasının müdafiəsinə qalxa bilər. Yoxsa bu yalandı? Hər cür təhlükəni gözaltına almaq inqilabda qələbə çalmaq istəyənin borcudur. Siz bunu hamıdan yaxşı bilirsiniz, hərbi qüvvələr istənilən anda “monarxiya əbədiyyətədək dəyişdirilə bilməz” şüarı ilə ortaya atılsa, sizin güvəndiyiniz kütlə və ya üsyançılar, deyək, çaş-baş qalıb qibləsini dəyişər.

– Xalq deyək! – Xomeyni onun nitqinə düzəliş etdi.

Varren əlini havaya qaldırıb:

– Siz deyən olsun, xalq və ya bütün İran əhli, əlbəttə, qəbul edək ki, sizi dəstəkləyən çoxdur, amma inqilab astanasında bir terrorçu belə ölkə taleyini dəyişə bilər. Konstitusiyanın müdafiəsi nə deməkdir? Yəni monarxiyanın qorunub saxlanması. O zaman, sizcə, Ağ Ev Amerikada tətildə olan Pəhləvini kütlənin iradəsi ilə Tehrana qaytarmaq məcburiyyətində qalmazmı? Sizin də məktubda dönə-dönə vurğuladığınız demokratik respublika çərçivəsində işləməyə razılıq veririk, lakin İran cəmiyyətində demokratik əsaslar üçün münbit şərait yaranmayıb.

– Sizin bu sözlərinizdən elə çıxmır ki, İslam İnqilabı üçün verdiyiniz vədləri yerinə yetirmədən dala addım atırsınız, məni Pəhləvi hakimiyyəti ilə qorxudursunuz?

– Qətiyyən, cənab ayətullah, qətiyyən, biz o fikirdə deyilik. Bizim bildiyimiz bir həqiqət var, kütlə inqilaba kor-koranə, dərk etmədən, emosiya ilə gedər. Əlbəttə, ona lazım olanı inqilab şüarında vəd verərsənsə… Lakin inqilab rəhbəri gedişatı və qələbədən sonrakı həyatı hesablamağa borcludur, yoxsa inqilab cəmiyyəti əvvəlkindən betər uçuruma salar. Tarixdən öyrənmək faydasız olmaz, misal üçün, indi torpağını tapdadığımız Fransa burjua inqilabının nəticəsinə baxaq. Gilyotin baltasını yaradanların başı o balta ilə vurulmadımı? Sizin narahatlığınıza son qoymaqdan ötrü xatırlatmağı özümə borc bilirəm, biz konstitusiyanın dəyişdirilə bilməyəcəyini demirik, lakin biz inanırıq ki, bu dəyişiklik əsaslandırılmış və qaydalı formada olmalıdır. Əgər ordunun birliyi qorunub saxlanılarsa, biz inanırıq ki, İranın gələcəkdə hansı siyasi sistemi seçməsi bizim rəhbərlik üçün məqbuldur. Yenə deyirəm, sizin sürgün həyatınızın ömrü bir neçə saatdan sonra bitə bilər, çox güman bitəcək, amma bitməzdən əvvəl mənim dövlətim bu sualların cavabını gözləyir: neft təchizatı, hərbi-siyasi münasibətlər, investisiyalar və bir də… – diplomat imama mənalı nəzər salıb, – bir də qonşunuz Sovet İttifaqı ilə bundan sonrakı münasibət necə olacaq.

– Biz hər zamankı kimi, indi də bu dörd məsələni Amerikanın xeyrinə həll etməyə hazırıq. Mən bildirmişdim, sizin ölkəniz arxayın olsun, biz otuz yeddi illik müttəfiqimizlə arxa qədər yol getməyə hazırıq.

– Cənab ayətullah, bunu sizdən eşitməyimə çox şadam, lakin mövzu diplomatik vədlərdən getdiyi üçün Karter administrasiyası sizdən rica edir, bütün bu dörd məsələ ilə bağlı yazılı, imzalı cavab verəsiniz.

– Ağeyi…

– Cənab Zimmermann… – diplomat ismini imamın yadına saldı.

– Ağeyi Zimmermann, – imam Yəzdiyə işarə ilə, – hökmən biz bu işi görərik, sizə yazılı, rəsmi vəd verərik.

– Siz bu işi bu gün görərsinizsə, mənim hökumətim çox məmnun olar, çünki günü bu gün, 28 yanvarda sizin Tehrana uçuşunuz təmin ediləcək.

İmam əvvəl qapı dalındakı səfər çamadanlarına, sonra Yəzdiyə mənalı göz ataraq:

– Hökmən, birinci əl biz bu işin öhdəsindən gələrik.

– Uçuşun saatı barədə sizə daha ətraflı məlumat veriləcəkdir! – o, ayaqlarını cütləyib, başını endirib imamın qarşısında xüsusi duruş nümayiş etdirərək, – indilik mən öz işimi bitmiş hesab edirəm, əgər cənab ayətullahın məndən soracağı bir şey yoxsa, izinizlə mən gedim.

İmam başının işarəsi ilə Yəzdini yaxına çağırdı, işini bilən inqilab poçtalyonu cəld qabağa cumub, onun kürəyindən ikiəlli yapışıb havaya qaldırdı. Onlar hər ikisi diplomatı mənzilin bayır qapısına qədər ötürdükdə, otağı boş görən xidmətçi qız fürsəti bada verməyib içəri girdi, ətrafa dairəvi göz atdıqdan dərhal sonra zibil qabını yenisi ilə əvəz edib yeyin addımlarla dəhlizə çıxdı. Ötəri xidmətçi qıza nəzər salan diplomat bir-iki ağız öskürüb, boğazını arıtlayaraq:

– Üzr istəyirəm, bir az soyuqladım.

– Qışın havasındandır! – Yəzdinin həkimliyi diplomatın xəstəliyinin səbəbini anidən təyin etdi.

– Son bir ricam qalıb… – o, sınayıcı nəzərlərlə imama göz atdığı an imam tərcüməsi mümkün olmayan kəlmələrlə səbrinin tükəndiyini ifadə etdi.

– Belə görürəm, siz İslam İnqilabından çox bəhrələnəcəksiniz…

Yəzdi ağzını doldurub, sözsüz ki, farsca deyilmişi ingilis dilinə çevirəcəkdi, ayətullah astadan mızıldandı:

– Bunu çevirmə.

Varren Zimmermannın bic-bic qımışmasını isə tərcüməsiz anlamaq mümkün idi.

– Cənab imamın diqqətinə çatdırmağımı Ağ Evə rica edib, xüsusi məsələ olduğundan unutmadan deməliyəm. Karter administrasiyası İrandakı inqilab projesinin adını son məqamda dəyişməyin tərəfdarı deyil, Yaşıl İnqilab adlandırmağa isə kəsinliklə etiraz edib, ən yaxşı alternativ kimi İslam İnqilabı adlandırmağın tərəfdarı oldu. Düşünürəm, adın sizin fəaliyyətinizdə törədəcəyi maneə olmayacaq.

Ayətullah Xomeyni 1962-ci ildə Məhəmmədrza Şah Pəhləvinin Ağ İnqilabına qarşı Yaşıl İnqilab kimi xəyal etdiyi yeni İran modelini artıq 16 il idi beynində göyərdirdi. Son məqamda inqilabın bir addımlığında adın Ağ Ev tərəfindən qəbul edilməməsi imamın ürəyini burdu, lakin “bir ad nədir ki, ona görə Amerika ilə kəllə-kəlləyə toqquşduram?” qənaətinə gələn imam:

– Yox, baba, mən də son zamanlar inqilabımızın əsl İslam İnqilabı olduğunu qət etmişdim, amma bu haqda Ağ Evə yazıb narahat etmək istəmirdim. Yəzdi, dediklərimi kəlməbəkəlmə çatdır ağaya.

– Ağa, baş üstə.

Yəzdinin dediklərini imam eşidə bilmirdi, o sadəcə, dünən axşam administrasiyası ilə bu balaca mənzildə inqilabın adı ilə bağlı etdiyi məsləhətləşmə ilə Ağ Evin fikrinin üst-üstə düşməsinə mat qalıb, bu təsadüfün müəmmasını çözməyə çalışırdı. Ayətullah otaqda var-gəl edib oturmağa cəhd etmədiyindən, Yəzdi onun yanında dimdik durub hərəkətlərini izləyirdi. On beş illik sürgün həyatının son saatlarını yaşamaq imama sonsuz həyəcan gətirmişdi. O, qəfildən əsasını havaya qaldırıb otel dolabındakı möhür, canamaz və namaz xalçasını inqilab poçtalyonuna işarə edib:

– Oğul, onu bük götür, inşallah sübh əzanında Tehranda olacağıq, gülümsəyib, bəlkə, hələ Quma da yetişdik! – otağı dolduran qeyri-adi bir sevinclə bildirdi.

– Ağa, axşam namazına az qalıb…

– Axşam namazında buludlar arasında olacam!

Ayətullah təyyarəyə minməsə də, artıq ayaqları yerdən üzülmüşdü, özünü göyün yeddinci qatında hiss edirdi, uçmurdu, amma şadlığından uçunurdu.

– Götür, qoy əl çantasına, sübh namazında axşam namazının qəzasını qılacam.

Yəzdi Ağ Evdən gəlmiş məktubu oxuyub imam üçün tərcümə edəndə, o şübhəli baxışlarla inqilab poçtalyonuna nəzər saldı. Yəzdinin dili-dodağı əsdi, özünü necə salavatlayacağını ağlına gətirə bilmədi.

– Amerika bizim fikrimizi necə qabaqlayır? Bəlkə, bu divarların qulağı var?

– Bəlkə… – Yəzdi münasib kəlmə axtarışına çıxanda imam onun “bəlkə”sinin ardını düzüb-qoşdu.

– Bəlkə, mənim xidmət orqanımdan kimsə satqındır?

– Yəni ağa düşünür, bizim içimizdən kimsə böyük şeytana işləyir?

– O…

İmamın kimi qaralaması Yəzdini qorxuya saldı:

– Ağa kimi nəzərdə tutur?

– Sən düşünürdün, o xidmətçi qız bizim erkək marağımızı sınağa çəkməkdən ötrü bizə təbəssümlə nəvaziş göstərir. Amma mən düşünürəm, o şeytandır, bətnində sirr gəzdirir.

Yəzdinin əli necə titrədisə, Ağ Evin inqilabı hədələyən məktubu döşəməyə düşdü. Qorxusu yersiz deyildi, atüstü siğəsini özünə oxuduğu bu xidmətçi qızın, gerçəkdən də, Amerikanın agenti olduğu niyə onun ağlına gəlməyib. Yəzdi yaddaş arxivini alt-üst edib, hansısa intim bir məqamda ağzından inqilabın gələcək planı ilə bağlı… Yox, ola bilməz, sadəcə, bir badə viski içmişdi, vəssalam. Viskiyə alışqan bir adam sərxoşluq uçurumuna bu qədər dərin yuvalanmazdı ki, ölkəsinin aqibəti ilə oynasın.

İmama haqq qazandırmaya bilməzdi, Ağ Evin elçisi Varren Zimmermann “Cənab ayətullah, sizin sürgün həyatınız bir neçə saatdan sonra bitə bilər” – deyir, ardındansa “Gözləyin ordunu ram edək!” yazıb, inqilabın həlledici məqamında onun taleyini ipdən asırdılar.

– Bunlar mənim on beş illik zəhmətimi hədər etmək istəyirlər? Bunlar Ayətullahla oyuna girirlər, bilmirlər, bu nə qədər təhlükəlidir?

İmamın hayqırtısı inqilab poçtalyonunu diksindirdi, o dünən axşam xidmətçi qızla olan söhbətini dumanlı xatırlayırdı. “Bəlkə, viskiyə yuxu dərmanı qatıb?” Yəzdi nədən ingilis siğəsindən şübhələnməyi ağlına gətirmədi? Yadındadır, o, ingiliscə “dear” dedi, farsca “əzizi mən” və hər ikisi gülüşdü. Sonrasını xatırlamırdı, xatırlamağa çalışırdı. Vanna otağına girib yuyundu, suyun şırıltısından siğəsinin qapıdan çıxmasını hiss etməmişdi, lakin otağa dönəndə yazı masasının altındakı balaca dolabın gözlərinin açıldığından şübhələndi. Siğəsi isə əlində qəhvə içəri girdi.

Yəzdini soyuq tər basdı, ey bidad, qızın onun masa üzərindəki qeydlərinə uzun-uzadı göz atması, onun fars dilində oxumasına işarə idimi? Nədən bu onun ağlına əvvəllər gəlməyib, yalnız Ağ Ev inqilabı yubadanda gəlir?

– Cənab Yəzdi, siz burada çoxmu qalacaqsınız?

Qızın nəvazişlə onun qulağına pıçıldadığı kəlmələrə:

– Hər şey Allahdan asılıdır! – Yəzdidən qeyri-müəyyən zaman təyinini eşitdiyi an:

– Sizin gözlənilməz qonaq olmağınız diktə edir ki, biz gələcək oğlumuza indidən ad qoymalıyıq.

– Oğlumuz?

– Hə, ürəyimə damıb oğlan olacaq!

Qonşu otaqdan imamın çalınan zəngi Yəzdini qızı tərk etməyə vadar edəndə:

– İmam gözləyər, onsuz da, bu gecə uçmursunuz!

Yəzdiyə bu cümləni xatırlamaq indi xəcalət verirdi. Siğəsi onun boynuna sarılıb işvəli bir səslə:

– Mən adını İnqilab təklif edirəm.

– Olraid! – siğə kəməndindən açılan inqilab poçtalyonu imamın çağırışına qaçdı.

Son məqamda ordunun ayağa qalxıb, konstitusiyalı monarx hakimiyyətinin qalmasını tələb edəcəyindən qorxuya düşən Amerika, inqilab, çevriliş, şah, ayətullah, imam, ordu, general, hava limanı, təyyarə kimi günün aktual kəlmələrini dilə gətirməkdən çəkinərək, üstüörtülü Tehrandakı Amerika səfiri ilə söhbətdə göbələk, səbət, yağışlı havadan qorunmaq üçün sellofan materialdan manto, çətir kimi elementləri telefon danışıqlarındakı şifahi nitqin işlək lüğətinə saldılar. Əgər kimsə Ağ Ev və Tehran arasındakı söhbətlərə qulaq versəydi, sözsüz, elə anlayacaqdı ki, Karter administrasiyası ilə Qumun bir yığın mollası meşə ortasındakı talada piknik keçirməyə hazırlaşırlar. (Bəzi siyasi şərhçilər salnaməçilərə əsasən, inqilabın gedişatının zor məqamlarını şərh edəndə deyəcəkdilər: Karter bu söhbətlər əsnasında tez-tez xaç vururmuş ki, meşədəki cəngəllikdən yürüyüb günəş altındakı talaya çıxanda İsa ruhu onu hifz etsin, ilan çalmasın.)

Parisdəki Amerika səfirliyinin siyasi müşaviri, Ağ Evin İslam İnqilabının hamiləliyinə mamaçılığı öhdəsinə buraxdığı cənab Varren öz işini ört-basdır etmək məqsədi ilə teleqram və telefon danışıqlarında doğulacaq körpəni biryolluq göbələklə əvəz etdi.

Prezident Karter ABŞ Hərbi Hava Qüvvələrinin generalı Robert Huyseri 1979-cu ilin yanvarında gizli missiya ilə Tehrana göndərdi. O, Tehrandakı inqilabi şəraiti öyrəndikdən sonra birbaşa Ağ Evə raportunu belə verdi:

“Tehranda göbələyi üzə çıxaracaq günəş istisi var!”

O an Ağ Evdəki telefon xətti Parisdəki ABŞ səfirliyinə bağlanıb, ABŞ və Xomeyni arasında elçi kimi istifadə edilən ABŞ-ın Fransadakı səfirliyinin siyasi müşaviri Varren Zimmermannı tələb etdi:

– Səbət hazır olmalı, göbələk iki günə yetişir!

Siyasi müşavirin cavabı bəlli idi:

– Səbət mətbəxdəki yemək masasının üzərində ehtiyatda saxlanılır, iki gün sonra göbələyin yığılacağına əmin olun!

Təbii, günəş göbələk toxumu olan torpağa istisini şığıyandan 48 saat sonra göbələyin üzə çıxa biləcəyi təbiət qanunları ilə normal sayıla bilər.

Robert Huyseri Tehrana gətirən təyyarə iki gün sonra təkrar Parisdən Tehrana gəldikdə artıq günəş Tehranda lazım olan göbələyi yetişdirmişdi.

Amerikanın donor spermasından 15 il İslam İnqilabına hamilə qalan İran (təbii ki, 15 illik hamiləlik bir inqilab üçün o qədər də uzun dövr deyildi) doğuş sancısını keçirib qurtaranda, imam Tehran hava limanında yerə ensə də, lakin günəşi bu şəhərdə qarşılamaq xoşbəxtliyinə nail olmadı. Ceyms Karterin əvvəlcədən təyin etdiyi kimi, gecə ilə birbaşa Quma yollandı. Çünki göbələyin dərilmədən tapdalanmaq kimi fəlakətlə üz-üzə qalmaq qorxusu vardı, Ağ Ev qorxunu hiss edib, ehtiyat tədbirini inqilab müəllifini ordu və kütlədən uzaqlaşdırmaqda gördü.

Xalq inqilab etdi! İran TV-lərinin verdiyi xəbər bu qədər sadə oldu. İnqilabdan lərzəyə düşmüş Məhəmmədrza Şah Pəhləvi Ağ Evə təşvişlə zəng vuranda, onun səbətə girəcək göbələk olmadığını diplomatik gedişlə anlatdılar:

– İndilik biz yalnız sizin istirahətinizin zamanını uzadırıq…

Şahın niyə sualına yer qoymamaqdan ötrü Karter administrasiyası onun istirahətinin uzadılma müddətini belə şərh etdi:

– İran monarxiyalı konstitusiyasını fevraldan, – əlbəttə, Ayətullah Xomeyninin ayağının Tehrana dəydiyi günü şaha xatırladaraq, – ləğv edib, – dedi.

– Mən istirahəti sonraya saxlayıram, məmləkətimin ağır günlərində istirahəti haram sayıram.

Okeanın o başından gələn səs şahı məyus etməyə bilməzdi:

– Üzr diləyirik, hamiləliyin yüksək dərəcəsində kimsə abort etdirə bilməz.

– Etdirərsə? – ölümlə həyat arasında son qüvvəsini xərcləyən balina kimi oksigeni çatmayan şah suyun səthinə çıxıb, ağzını açdı, qurtum-qurtum oksigeni ciyərlərinə çəkmək istərkən, aldığı cavab qəti oldu.

– Ana doğuş masasında ölə bilər!

Şah istədi desin, mamaçanın ustalığı onu xilas edə bilər, amma düşünəndə ki, Ağ Ev “ana” deyəndə, onun sağmal inək kimi sağdığı İranı hədəfə alır. Şahın əlindəki telefon dəstəyi yerə düşəndə, o İranın Şahbanusuna:

– A planı baş tutdu… – dedi.

Amerikanın B planına baxmayaraq, Ağ Ev orada Ərdəbil mollasını yerləşdirmişdi, lakin B planında yeri olduğuna əmin olan Məhəmmədrza güman belə etmirdi ki, nəinki B planında, Amerikan əlifbasının sonuncu hərfində də olsun, Ağ Evin planında yer almırdı.

Ağ Evdən birinci məktub İran İslam Respublikasının Xarici İşlər Naziri İbrahim Yəzdinin kabinetinə gəldi. Siğə müddəti bitmiş otel xidmətçisinin imzasını görən nazirə sevgidən əsər-əlaməti olmayan cümlələr yazılmışdı: güllələnmiş dörd İran generalının yüksəkrütbəli hərbçilərin fotosu yerləşdirilmiş kağızda inqilabın qələbəsini təbrik edirdi. Nazir məktubun ən etibarlı yeri kimi pencəyinin astarındakı döş cibini güman edib, onu dörd qatladı, orada gizlədib, imamın ibadətxanasına üz tutdu. Artıq səksəndən yuxarı ordu generalının edam edilməsini inqilab rəhbərinə çatdırıb:

– Yetməzmi? – sualına aldığı cavab onu süst saldı.

– Mənlik deyil! – İmam gözlərini uzağa zilləyəndə Yəzdi əlini sinəsində gizlətdiyi məktubun üzərinə basıb iki əlini ortaya uzatdı:

– Buna nə ad vermək olar, ağa? – təəccüb və həyəcanı səsinin titrəməsindən aydın idi.

– Təmizlənmə!

Yəzdi qulaqlarına inanmayıb, imamın uzaqda bənd olmuş baxışlarını izlədi, o zənn edirdi ki, imam onunla yox, qeybdə durmuş kiminləsə danışır.

– Ağa əfv etsin, heç nə anlamadım…

– Camaşırxana… Zindanlar çirklənmiş İranın namusunu yuyub təmizləyirlər. Məgər görmürsən?

Yəzdi üç dəfə başını sinəsinə endirib, yeni camaşırxananın iş rejimini təsdiqləmək məcburiyyətində qaldı.

Mənbə: “İran Hizbullah zindanında” – Eluca Atalı
“Qanun” nəşriyyatı – 2023

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin