Hüquqşünas, Şair: Pınar ŞAKİR
Quzey Azərbaycanlı yazıçı Eluca Atalının son romanı “İran Hizbullah zindanında” adlanır. Əsər dörd kitabdan ibarətdir və hər kitabın özünəməxsus xüsusiyyətləri vardır.
Romanın verdiyi ümumi mesaj belədir: İnqilab insan yetişdirmir, öz müxaliflərinə qarşı fiziki və psixoloji güc tətbiq etməkdən çəkinmir. İnqilab qarşısına çıxan yaxşı ilə pisi ayırmadan hamısını silib-süpürür. Çünki onun üçün yalnız bir anlayış var: DÜŞMƏN!
Romanda “düşmən”lə mübarizə üsulları və inqilabın acınacaqlı nəticələri fonunda insanın qalib gəlmək üçün apardığı ölüm-dirim mübarizəsi bədii formada əks olunur.
Roman İran İslam inqilabı ideyasının Amerikadan qaynaqlandığını və inqilabın müəllifi kimi bəşəriyyətə təqdim edilən imam Ayətullah Xomeyninin, əslində, Ağ Evin əmrlərinin icraçısı olduğunu irəli sürür.
İmamın kütləni idarə etmək üçün inqilabdan dərhal sonra ictimai yerlərdə — bazarlarda, xiyabanlarda, universitetlərdə, məktəblərdə, hətta doğum evlərinin qarşısında dar ağaclarının qurulmasına verdiyi fitva insanları qorxu ilə tərbiyə etmək və qorxu hökmü altında öz əmrinə tabe etdirmək məqsədi daşıyırdı.
Əsərin qəhrəmanı, on yaşlı Fatma Kərimi, inqilabın ilk ilində bir səhər tezdən oyanır və evlərinin qarşısındakı dar cığırdan insanların şəhər meydanına qaçdığını görür. Marağa düşərək onların arxasınca gedir. Meydanda gördüyü səhnə ona ömrünün ilk travmasını yaşadır: İnqilab keşikçiləri hamının gözü qarşısında bir insanı dar ağacından asırlar.
Əvvəlcə bunun bir cəngavər oyunu olduğunu düşünən uşaq, camaatın meydana maraqlı tamaşanı izləmək və əylənmək üçün toplandığını zənn edir. Lakin hadisənin mahiyyətini anlayanda sarsılır və dəhşətli bir zərbə alır.
Ona Səməd Behrənginin “Balaca Qara Balığın nağılı” kitabını oxumağı məsləhət görən müəllimi, şair Əlirza Şükrü Əfşar və şəxsi kitabxanasını ictimai kitabxanaya çevirən Bəhram Əfşarı da edam edilirlər. Onun kitabxanasındakı kitablar şəhər meydanına tökülərək yandırılır.
Qızcığaz atasI ilə zooparka gedərək qara balıqlar alır və müəlliminin xatirəsini yaşatmaq üçün onları bəsləməyə başlayır.
“Qanlı orkestr”: Urmiyə zindanında qadınların faciəsi
Əsərin üçüncü kitabı olan “Qanlı orkestr”də Fatmanın Urmiyədəki 480 nəfərlik qadın zindanında yaşadığı məşəqqətli həyat, işgəncələr və kütləvi edamlar təsvir olunur.
Bu hissədə milli və azad düşüncələrinə görə şərlənərək zindana atılmış yüzlərlə insanın taleyi sərgilənir. Zindanda çərşənbə və bazar günləri xüsusi kütləvi edam günləri hesab olunur.
Sübh azanından dərhal sonra həmin gün axşam edam ediləcək məhbusların adları Xavəri Zeynəb Əsgəri tərəfindən oxunur. Günorta azanından sonra qız uşaqları aparılaraq siğəyə verilir və onların bakirəliyi əllərindən alınır. Dini inanca görə, qız kimi ölənlər cənnətə gedirlər. İmam Xomeyni isə “məhbuslara cənnəti peşkeş edə bilmərik” deyirdi.
Axşam azanından sonra edam ediləcək bütün məhbuslar zindanın yaxınlığındakı təpənin üzərinə yığılaraq güllələnirlər. Bəzən bir gündə 400-dən artıq insan edam edilir. Onların 99 faizi ya məhkəməsiz, ya da qazinin bir-iki dəqiqəlik sorğu-sualından sonra öldürülür.
Ayətullah Məkarim Şirazi imama məsləhət görmüşdü ki, məhkəmələrə əziyyət verilməsin. Onun fikrincə, Ayətullah Xomeyninin “bütün kafir və mürtədlərə ölüm” fitvası inqilab düşmənlərini yer üzündən təmizləmək üçün kifayət idi.
1988-ci ilin üç yay ayı ərzində imam Xomeyninin kütləvi qətllərə verdiyi fərman əsərdə geniş şəkildə əks olunur. Bu dövrdə 30 mindən artıq insanın edam edilməsi bədii təsvirlər və müxtəlif hekayətlər vasitəsilə nəql edilir.
“Üç vəd, üç tələb”: İnqilabın ideoloji kökləri
“Üç vəd, üç tələb” kitabında müəllif inqilab ideyasını, Amerikanın İranda İslam inqilabı üçün fanatik axtarışlarını və imam Xomeyninin ideyalarını mənimsədiyi Əli Şəriəti obrazını “İmamın qorxduğu ölü” bölməsində geniş şəkildə şərh edir.
Eyni zamanda ayətullahın Bakı planı və Bakıda, Azadlıq meydanında Leninlə qarşılaşması təsvir olunur. Kommunist-fanatik dialoqunda onların Quzey Azərbaycanda özlərinə yer etmək uğrunda apardıqları mübarizə təqdim edilir.
“Həyatı tabutda axtaranlar”: İnamın da oğurlandığı gün
“Həyatı tabutda axtaranlar” kitabında əks-inqilabi fikirlər hekayətlər formasında təqdim edilir. Müəllif oxucunu qəfil şəkildə XX əsrdən quldarlıq dövrünə aparır və günəşi yalnız istilik mənbəyi kimi deyil, həm də dərk etmənin əsas amili kimi qabardır.
Bu kitabda əsərin qəhrəmanı Fatmanın edam səhnəsi xüsusi təsir gücünə malikdir. Fatma zindandan atasına zəng edərək deyir:
“Gözün aydın, qızın günahını öz qanı ilə yudu!”
Dünyası dağılan Allahkərim kişinin simasında edam olunmuş bütün qız uşaqlarının valideynlərinin iztirabını görmək mümkündür.
Atanın qarşısına belə bir tələb qoyulur: beş min tümənlik şirniyyat almalı və “gözaydınlığı” kimi zindan işçilərinə paylamalıdır. Çünki qızı zindanda bir saatlıq siğəyə verilmişdir.
Qızının cəsədini istəyən ata isə zindan rəisi tərəfindən ələ salınır və təhqir olunur. “Kafirlərin” normal insanlar kimi dəfn edilmək hüququ olmadığı üçün edam olunanlar gecə qaranlığında, adsızlar məzarlığında — Xavəri Miyanədə — kəfənsiz şəkildə quyulanırlar. Bu, inqilabın qeyri-insani əməllərindən biri kimi təqdim edilir.
İmam Xomeyninin əmri ilə qızın valideynlərinə onun mehriyyəsi — süd pulu və başlıq — verilir.
Nəticədə imanlı Allahkərim kişi zindandan evə qayıdaraq evin kandırında oturur. Günorta azanı səslənir. Lakin o, ilk dəfə ibadətə can atmır. Çünki rejimin yalnız qızını deyil, inamını da oğurladığı məlum olur.
Allahkərim kişi azan sədaları altında qara balıqların akvariumunu sinəsinə sıxaraq böyük dəryaya üz tutur.
Sonuc
Eluca Atalının “İran Hizbullah zindanında” romanı ilk dəfə olaraq xomeynizmin mahiyyətini sistemli şəkildə bədii təsvir vasitələri ilə açmağa çalışır.
Əsər inqilabın şüarlar və vədlərdən ibarət olmadığını, onun arxasında qorxu, edam, işgəncə, məhv edilən ailələr, yandırılan kitablar və oğurlanan inancların dayandığını göstərir.
Roman insanın bütün bu dəhşətlər qarşısında necə sarsıldığını, lakin buna baxmayaraq, yaddaşını, azad düşüncəsini və insanlıq duyğusunu qorumaq uğrunda mübarizəsini təsvir edir.
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
