Yazar: Dr. Aqşin Ağkəmərli

1965-ci ildə, beş yaşımda kənddə məktəbə getmişəm. Bütün dərslər farsca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kəs heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir cəhət vardı: şeiri bir dəfə eşitməklə öyrənirdim; daha doğrusu, sözlərini əzbərləyirdim.

Atam hər il qış aylarında kəndə gələr, bir-iki ay qalar, evə lazım olan ərzağı alandan sonra yenidən qürbətə dönərdi. O il nədənsə atamın nənəmlə sözləri çəp gəldi və atam geri dönəndə bizi də özü ilə Tehrana apardı. Tehranın cənub məhəllələrindən birində — Şahbaz küçəsində — yerləşdik. Məni də qonşuluqdakı Nur adlı məktəbə yazdırdılar.

Farsca danışa bilmədiyimə görə hamı mənə lağ edirdi. Şagirdlər və müəllim dilimi, ləhcəmi lağa qoyub gülürdülər. Buna görə sinif yoldaşlarımla yola getmirdim. Onları gah döyür, gah da söyürdüm. Sözün düzü, dərs oxumağa marağım olmasa da, evə verilən tapşırıqları yerinə yetirirdim; əlbəttə, bəzi dərsləri çıxmaq şərtilə. Müəllimin verdiyi dərsləri oxumadan, ertəsi gün həmin dərslərin üstünə əlavələr edib danışardım. Ancaq fars dili, riyaziyyat və həndəsə dərslərində bir az axsayırdım.

Buna görə tez-tez anamı məktəbə çağırıb belə deyərdilər:

— Siz evdə bu uşaqla çalışın, farsca danışın. Fars dilini nə qədər yaxşı bilsə, dərsləri də bir o qədər yaxşı olar.

Evimizdə ailə üzvlərinin sayı çoxalsa da, elə də maddi sıxıntımız yox idi; pis dolanmırdıq. Mən də ailəmə kömək məqsədilə doqquz yaşımda müstəqil pul qazanmağa başlamışdım. Məktəbdən çıxan kimi dondurma, qarğıdalı və sairə satmaqla məşğul olurdum. Çulumu sudan çıxara bilirdim.

Sonra tətillərdə bir-iki dostumla meyvə bazarından bir çuval qarğıdalı alıb, közdə qızardaraq satardıq. Velosipedlə ətraf dükanlara dondurma paylayar, axşamlar pullarını toplayardım.

Bəzən Tehrandan o qədər bezərdim ki, kəndə qaçmaq istəyərdim. Kənd havası başımdan çıxmırdı, yaman darıxırdım. Axı orada hamı öz dilimizdə — ana dilimizdə — danışırdı. Nəslimizdə bir nəfər də olsun başqa millətin nümayəndəsi yox idi. Kimsə kimsəni ələ salmır, məsxərəyə qoymurdu.

Səhər tezdən durub məktəbə tələsərdik. Bəzən anamın gözündən iraq, özümü əl damına verib, qovurma küpündən bir yağlı tikə götürüb qaçardım. Anam pəncərədən başını çıxarıb xətti nişan çəkərdi (hədələyərdi). Ancaq səsi mənə çatana qədər mən çöl qapısından çoxdan uzaqlaşmış olardım. Günorta evə gələndə anam hər şeyi unudar və heç nə olmamış kimi davranardı.

Tehranda üç yay ayı ərzində maddi vəziyyətim yaxşı olardı. Hətta bir yayın qazancı ilə velosiped də almışdım. Sonrakı yayda motosiklet, bir neçə ay sonra isə on iki yaşımda ikinci əl maşın aldım.

Buna baxmayaraq, kənd üçün çox darıxırdım. Orada kimsə farsca danışmaz, kimsə məni təhqir etməzdi. Buna görə Tehrandan zəhləm gedirdi.

Bir gün müəllim məndən Saib Təbrizinin haralı olduğunu soruşdu.

— Təbrizdəndir, — dedim.

Müəllim arxasını mənə çevirib, əsgər addımları ilə lövhəyə yaxınlaşdı və təbaşirlə yazdı:

“Saib Təbrizi təbrizli yox, isfahanlı idi. Qəbri də İsfahandadır.”

Sonra üzünü mənə tutub, gözlərini gözlərimə zilləyərək dedi:

— Türk əgər Loğman şavad, baz həm xər əst.

Başını yelləyib, aşağılayıcı baxışla əlavə etdi:

— Get yerində otur.

İçim yandı, sözlər boğazımda düyünlənib qaldı. Çox keçmədi, fasilə zəngi çalındı və hamı həyətə yönəldi. Siniflərin qapıları birdən açıldı, şagirdlər və müəllim həyətə getmək üçün hücuma keçdilər.

Bir-birlərini basa-basa ikinci mərtəbənin pilləkənlərindən enəndə, mən də müəllimin arxasınca düşdüm. Səndələyə-səndələyə irəlilədim. Pilləkəndən aralanıb müəllimin arxasına keçdim. Yol almaq üçün müəllimin çiyninə toxundum. Müəllim pilləkənlərdən üzüüstə aşağı yuvarlandı və üzü-gözü qan içində yerə sərildi.

O gündən sonra məktəbin daşını atdım. Bir neçə gün sonra evimizə məktəbdən məktub gəldi. Atamı məktəbə çağırmışdılar. Anam məktəbə getdi. Məktəbin müdiri Üskü şəhərindən idi. Anamı bir kənara çəkib türkcə dedi:

— Sənin oğlun daha bu məktəbdə oxuya bilməz. Yaxşı olar ki, onu başqa məktəbə keçirəsiniz.

O söhbətdən bir neçə gün sonra “Dərvazə Dülab” məhəlləsinin Abşər küçəsindəki tam orta məktəbin şagirdi oldum.

Bir gün dükanlara dondurma paylayırdım. “Meydanı Xorasan”, “Ləbi-Xət”, “Şuş”, “Bisim Nəcəfabad” və “Səfəri” küçələrindən keçib, “Tirdöqolu” məhəlləsinin dikini qalxanda bir qəribəlik hiss etdim. Özümü Eldar əminin dükanına verdim. Topladığım pulları Eldar əmiyə buraxdım.

Eldar əmi Qaradağın “Arpizan” kəndindən idi. Özü də Milli Hökumətin köhnə fədailərindən biri idi. Hərdən saz çalardı. Müştərisi olmayan vaxtlarda gizlincə Bakı radiosunun axşam verilişlərini dinləyərdi.

Eldar əmidən təzəcə ayrılmışdım. Tini dönəndə qəfildən Daşqınçı Həbibin oğlu qabağımı kəsdi:

— Hara əkilirsən?

Şalvarımda savaş üçün gizlətdiyim zənciri çıxarmağa macal tapmamış, üzümə bir kəllə gəldi və dünya başıma fırlandı. Zorla ayaq üstə dura bildim. O biriləri də üstümə şığıyıb məni yerə yıxmağa çalışdılar. Amma mən yıxılmadım.

Yanındakılar qollarımı tutdular. Daşqınçı Həbibin oğlunun zərbələrini bədənimin hər yerində hiss edirdim. Üst-başımı axtarıb pullarımı tapa bilmədiklərinə görə velosipedimi əlimdən alıb apardılar.

Ağzım-burnum qan içində, divara söykənib doyunca ağladım. Sonra axsaya-axsaya özümü Eldar əminin dükanına yetirdim. Eldar əmi bir stəkan çay süzdü. Bir azdan özümə gəldim.

— Eldar əmi, Tehrandan zəhləm gedir, bu şəhərə nifrət edirəm. Bir anlıq kəndimiz ürəyimdən keçdi. O yolları, tozlu-torpaqlı küçələri üçün darıxdım, — dedim.

Eldar əmi mənim halıma baxıb dedi:

— Narahat olma, velosipedini alıb sənə verərəm. Daşqınçının oğlunu, Həbibin dədəsini tanıyıram. Bizim qonşu kənddəndir. Atası yaxşı adam olub.

Sonra radionun səsini bir az artırdı. Müğənni “Qaragilə” mahnısını yanıqlı-yanıqlı oxuyurdu. Sonralar öyrəndim ki, bu yanıqlı səsin sahibi Rübabə Muradovadır. Səsi ürəyimə yatdı, mahnı ruhumu oxşadı.

Eldar əmi astaca əyilib qulağıma dedi:

— Qardaş oğlu, narahat olma. 46-cı ildə təkbaşına, düz on iki gün Qaflantı dağlarında ac-susuz İran ordusu ilə vuruşmuşam.

Dərindən köks ötürüb, gözlərini uzaqlara zilləyərək davam etdi:

— Düz 24 fars sərbazını öldürmüşəm. Heyif ki, ara kəsildi, Arazın o tayından kömək gəlmədi. Mən də Qızılüzən çayını keçib, Qaradağa getdim. Evə xəbər göndərdim. Uşaqlar qonşu kəndə gəldilər, sonra Tehranda yerləşdik.

Əlini çənəsinə qoyub, gözlərini qıyaraq gülümsədi və asta səslə dedi:

— Narahat olma. Su gələn arxa bir də gələr. Kefini pozma, möhkəm ol. Hələ qabaqda görəcək günlərimiz var. Çayını iç, — söylədi.

Rübabə Muradova “Qaragilə” mahnısını başa vurmaqdaydı. Mənim hər yanım ağrıyırdı, amma Eldar əminin sözləri ürəyimin dərmanı oldu. Özümü tox tutub, kefimi pozmadım.

Günaşırı Eldar əminin dükanına gedər, hal-əhval tutardım. O da cürbəcür söhbətlər edərdi.

Bir gün Eldar əminin dükanına yaxınlaşanda uzaqdan dükanın qabağını adamlarla dolu gördüm. Velosipedimi ağacların arasına buraxıb, özümü dartışdıra-dartışdıra camaatın önünə keçdim. Əllərində avtomat olan çoxlu polis vardı. Hər yanı mühasirəyə almışdılar. Kimsə yaxın gedə bilmirdi.

Mənim gözüm hər yerdə Eldar əmini axtardı.

Bir azdan polislər qolları qandallı Eldar əmini dükanından çıxarıb, qara maşının arxa oturacağına iki polisin arasında oturtdular.

İçimdən qəribə bir hiss keçdi. Sanki bir daha Eldar əmini görməyəcəkdim. Gözlərim qaynar bulağa döndü.

O məğrur, orta boylu, dağ vüqarlı Eldar əmi ilə — köhnə fədai qəhrəmanla — son dəfə baxışlarımla vidalaşdım. O gün axşama qədər küçələrdə boş-boşuna gəzdim. Elə həmin gündən uşaqlığın daşını atdım; artıq böyümüşdüm.


İsmikəmər kəndi
May 2024

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin