Araştırmacı, Yazar: Mesut HARAY

2006-cı ildə Stokholmda Dünya Azərbaycanlıları Konqresi – DAK çərçivəsində keçiriləcək qurultaya dəvət almışdıq. O günlərdə mənimlə birlikdə yola çıxacağını öyrəndiyim insanlardan biri də Aqşin Ağkəmərli idi. Ancaq İran kəşfiyyatının yönləndirmələrinə qarşı çıxdığım üçün pasportuma əl qoyuldu və mən həmin toplantıya gedə bilmədim. Beləcə, eyni yolun yolçusu olmaq arzusu yarımçıq qaldı; Aqşin müəllimlə üz-üzə görüşmək ümidi də illərin o üzündə qaldı.

İllər keçdi. Görüşə bilmədik, amma yollarımızın bir gün kəsişəcəyi ümidini içimdə yaşatdım. 2026-cı ilin iyulunda iki qürbətçi güneyli kimi WhatsApp üzərindən əlaqə qurduq. Səmimi sözlərimiz və qardaşlıq münasibətimiz illərin susqunluğunu aradan qaldırdı. Mən bu telfon görüşmələri, yazışmaları üz-üzə görüşümüzə açılan bir qapı sayırdım. İndi anlayıram: insanın qəlbində böyütdüyü bir görüş arzusu gerçəkləşmədən də ömrün ən kövrək xatirəsinə çevrilə bilərmiş.

Aqşin Ağkəmərli yalnız xoş sözləri və səmimi münasibəti ilə deyil, ömrünü sözə, yaddaşa və millətinin mənəvi sərvətlərinə həsr etmiş ziyalı kimi də xatırlanacaq. O, 1960-cı il martın 21-də Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində dünyaya gəlib. Şair, nasir, publisist, tərcüməçi və folklorşünas alim kimi tanınıb; stomatologiya üzrə təhsil alıb, həkimliklə yanaşı ədəbi-mədəni fəaliyyətini də davam etdirib. “Kibritçi qız”, “Dondurmaçı”, “Bizi yaşadan tarix” və “Öpdüm Arazı” onun oxuculara yadigar qoyduğu kitablardandır. Azərbaycan şairlərinin əsərlərini fars dilinə çevirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Onun yaradıcılığında Vətən sevgisi, ana dili, milli yaddaş, ayrılıq və insan taleyi bir-birindən ayrılmayan mövzular idi.

Onun “Su gələn arxa bir də gələr…” adlı xatirə dolu yazısını HARAYHABER-də yayımlayanda Aqşin müəllimin yalnız yazıçı qələmini deyil, uşaqlıq yaddaşının nə qədər ağrılı və canlı olduğunu da gördüm. Beş yaşında məktəbə gedərkən dərslərin farsca keçildiyini, ana dilində danışdığı üçün lağa qoyulduğunu, kəndi və öz dilində danışan insanları necə darıxdığını qələmə almışdı. Bu xatirələr bir uşağın məktəb illərindən ibarət deyildi: ana dilindən uzaqlaşdırılmanın, kimliyinə görə alçaldılmanın və doğma yurda çəkilən həsrətin yaddaşa çevrilmiş səsi idi.

Həmin yazıda Eldar əmi obrazı da yaddaşıma həkk olundu: saz çalan, Bakı radiosunu gizlicə dinləyən, Milli Hökumətin köhnə fədaisi. Aqşin müəllimin uşaqlıq kədərinə təsəlli verən bu qoca ona “Su gələn arxa bir də gələr” deyərək ümid aşılayır. Bu bir atalar sözü olmaqla yanaşı, xalqın sınsa da sönməyən inamı, milli yaddaşın nəsildən-nəslə ötürülən pıçıltısı idi. Aqşin müəllim o yazıda şəxsi xatirəsini bütöv bir dövrün ağrısı ilə qovuşdurmuşdu.

HARAYHABER üçün göndərdiyi “Doğmalıq ruhu” hekayəsində isə onun qələmindəki mərhəmət və insanlıq duyğusu üzə çıxır. Şəhid silahdaşının xəbərini atasına çatdıran əsgərin qarşısında oğul həsrəti ilə yaşayan, görmə qabiliyyətini itirmiş bir ata dayanır. Ata əsgəri öz oğlu sanır; əsgər isə onun bu təsəllisini əlindən almamaq üçün həqiqəti söyləməyə qıymır. Hekayənin ağrısı da, böyüklüyü də buradadır: savaşın içində belə insanlıqdan, şəfqətdən və bir-birinə dayaq olmaqdan vaz keçməmək. Bu əsər Aqşin müəllimin şəhidlərə ehtiramını və insan qəlbinin ən incə halına duyduğu həssaslığı göstərirdi.

Son yazışmalarımızdan biri Səhəndin 100 illik yubileyi münasibətilə keçirdiyimiz anma mərasimindən sonra oldu. Aqşin müəllim məni ürəkdən təbrik etdi; Səhəndin millî şair adına layiq olduğunu, şairliyinin və qəhrəmanlığının xalq üçün örnək sayıldığını vurğuladı. “Sazımın sözü”nün Güney Azərbaycan üçün daşıdığı dəyərdən danışdı; bu əsəri Dədə Qorqud ruhunun yenidən yaradılmasına bənzətdi və vaxtilə xalq arasında dərslik kimi əldən-ələ dolaşdığını xatırlatdı.

Mən də ona təşəkkür edərək yazmışdım ki, Səhəndin əziz xatirəsi və “Sazımın sözü”nün milli yaddaşımızdakı yeri daim yaşayacaq. O gün bu sözləri adi bir yazışmanın içində yazdığımı sanırdım. İndi həmin cümlələr mənim üçün son salamın, yarımçıq qalmış görüşün və unudulmayacaq qardaşlığın yadigarıdır.

Aqşin müəllim, biz görüşə bilmədik. Sənə demək istədiklərimin çoxu ürəyimdə qaldı. Amma sənin sözlərin, səmimiyyətin, Səhəndin irsinə göstərdiyin ehtiram və xalqımızın yaddaşına bağlılığın yaşayacaq. Sən öz xatirələrində doğma kəndin yollarını, ana dilinin ağrısını, Eldar əminin sazını və bir fədainin ümid dolu sözünü yaşatdın. Hekayəndə şəhidin atasına bir gecəlik oğul oldun. Şeirlərində və yazılarında isə Vətənin, ayrılığın, dilin və insan taleyinin səsini daşıdın.

Səninlə üz-üzə görüşümüz qismət olmadı, qardaşım. Bu, ömrümün içində cavabsız qalan bir nisgil kimi qalacaq. Ancaq adın, qələmindən süzülən sözlər və yarımçıq qalmış görüşümüz yaddaşımdan silinməyəcək. Bundan sonra Səhənddən, “Sazımın sözü”ndən, ana dilimizin və Güney Azərbaycanın taleyindən danışılan hər yerdə sənin səmimi səsin də xatırlanacaq.

Məkanın cənnət, ruhun şad olsun.
Başın sağ olsun, Azərbaycan!

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir yanıt yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin