Xaqani İsmayılla Azərbaycan–İsrail əlaqələri, Xocalı soyqırımı, “erməni soyqırımı” iddiaları və Türk dünyasının ortaq siyasi xətti haqqında müsahibə

Müsahibə | HARAYHABER

Türk və yəhudi xalqları arasındakı münasibətlərin tarixi kökləri minilliklərə söykənir. Xəzər Xaqanlığından Osmanlı dövlətinə, Qafqazdan Azərbaycan coğrafiyasına qədər uzanan bu münasibətlər müxtəlif tarixi mərhələlərdə əməkdaşlıq, qarşılıqlı himayə, mədəni əlaqələr və siyasi qarşıdurmalarla müşayiət olunub.

Bu gün Azərbaycan–İsrail münasibətləri təhlükəsizlik, enerji, hərbi-texniki əməkdaşlıq və regional geosiyasət baxımından xüsusi əhəmiyyət daşıyır. Lakin İsrailin Xocalı soyqırımını parlament səviyyəsində tanımaması, buna qarşılıq “erməni soyqırımı” iddialarının zaman-zaman Knessetin gündəliyinə gətirilməsi Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası qarşısında ciddi siyasi və strateji suallar yaradır.

HarayHaber olaraq bu məsələləri tarixçi-araşdırmaçı Xaqani İsmayıl ilə müzakirə etdik.


MÜSAHİBƏ

– Türk–Yəhudi ilişkilərinin ilkin aşaması ortalama 4 min il bundan öncə Sumerin Ur şəhərində doğulmuş yalvac Abramın (islamda Tanrı elçisi İbrahim) İkiçayarasından öz tayfası ilə Fələstinə köçməsi və yavaş-yavaş orada sami tayfaları ilə bu sumer (qarapapaq) tayfasının qaynayıb-qarışması ilə başlayır. Azər (ya Terah) oğlu Abramın yalvaclıq dönəmi də burada başlayır. Ərəbcədə Tövrat kimi verilən Torada (Törə sözündəndir) Abram və onun xatunu Saray (Sara yox!) yəhudilərin ulu ata-anası kimi sunulur. Sumerin sami, ya hind-avropa xalqlarına heç bir bağlılığı olmadığı arxeoloji dəlillərlə çoxdan qanıtlanıb. Abram sözü Altayda türk Tanrı adı Abra ilə bağlıdır, Saray da etnonimdir, bir özbək boyunun adıdır. Moiseyin (Moşe, Musa) adını Firon qızı misir dilində qoysa da, atasının adı Amram Orxon-Yenisey yazılarında türk sözü kimi keçir, Tanrı ilə danışdığı dağın adı: Tur, kitabının da adı Törə (Tora)… –Sami və türklərdən törənən xalq sonra ayrıca xalq kimi formalaşaraq yahudi adlanır.

Türk–Yəhudi ilişkilərinin sonrakı parlaq dönəmi Xəzər Xaqanlığı vaxtına dəng gəlir. VII-X yüzilliklərdə Bizans İmperatorluğunda (özəlliklə də erməni kökənli kralların hakimiyyəti zamanı) yəhudiləri xristianlaşdırmağa, bu qərarla razı olmayanları isə kütləvi şəkildə qırmağa başlayırlar. Durumun çıxılmaz olduğunu görən yəhudilər qaçaraq Xəzər Xaqanlığına sığınıb qurtuluş tapırlar. XV yüzilin sonlarında isə Avropada yəhudilərin soyqırımı başlayır: 1492-ci ildə İspaniyadan, 1496-cı ildə isə Portuqaliyadan və başqa Avropa dövlətlərindən yəhudilərin qovulması barədə müvafiq dövlətlərin sərəncamlar verdiyi vaxtda yəhudiləri üzləşdikləri soyqırımı təhlükəsindən qurtararaq onlara qucaq açan, sığınacaq verən də məhz Osmanlı dövləti olur… Hələ bundan çox öncə – Sultan II. Murad dövründə – 1424-cü ildə Osmanlı imperiyasının paytaxtı olan Bursada yəhudi məbədi yapılmışdı. Sultan Məhmət Fateh də başkənd Bursada yəhudilərə sinaqoq tikməyə icazə vermiş, İstanbulun fəthindən sonra isə ora köçməyə dəvət etmiş, orduda xidmətə çağırmış, başqa sözlə, onlarla tamhüquqlu Osmanlı təbəəsi kimi rəftar etmişdi… Osmanlı ilə yəhudilər arasında isti ilişkilər XIX yüzilin sonlarında Sultan II Əbdülhəmid dönəmində pozulmuşdu: Osmanlı dövləti üçün böyük donanma qurulması, Osmanlının bütün xarici aləmdə dəstəklənməsi; maliyyə məsələlərinin həllinə köməklik; Avropaya yüksək təhsil almağa getmə ehtiyacını önləmək üçün Qüdsdə Osmanlı Universitetinin yaradılması qarşılığında yahudilər Fələstinə yerləşməyə və burada özərk bir idarə qurmağa izin verilməsini istəmiş, Sultan isə gələcək olayları düzgün hesablaya bilməyərək, bu önərini qəbul etməmişdi. (Həmin yəhudi vilayəti Osmanlının tərkibində nəzərdə tutulurdu və oraya valini də Sultan özü təyin edəcəkdi.) Sultanın bu imtinasını doğru saymayan yəhudilər I Dünya Savaşına doğru olaylarda Osmanlıya qarşı qonum aldılar… Bununla belə, II Dünya Savaşı dönəmində nasist düşərgələrində ölüm qatarlarına yüklənmiş minlərlə yəhudini Avropadakı Türkiyə konsulları saxta vətəndaşlıq pasportu verməklə almanların caynağından– soyqırımından qurtardılar. (Yarımçıq bilgilərə görə, təxminən 2000 belə sənəd verilmişdir.)

Yəhudi-Azərbaycan ilişkilərinin keçmişini gözə aldıqda aydın olur ki, hələ 2 min ildən daha çox öncə, Misir əsirliyindən çıxan sefard yəhudilərinin bir qismi Azərbaycana köçmüşdü. Daha sonra, IV- VI yüzilliklərdə Beşbarmaq, Gilgilçay, daha sonra Dərbənd sədlərinin çəkməsi ilə bağlı Sasani şahları indiki Xızı, Dəvəçi və Quba bölgələrindəki tatları və Dərbənd bölgəsindəki yəhudiləri İrandan köçürmüşlər.

Xəzər Xaqanlığı dönəmində yəhudi-xəzər (azər) ilişkiləri zirvə nöqtəsinə çatmış, 18-ci yüzildə isə Azərbaycanın Quba xanlığının hökmdarı Fətəli Xan dağ yəhudilərinə sığınacaq və himayə verərək onları məhv olmaqdan qurtarmışdı. O, yəhudilərin Çarlıq Rusiyası tərəfindən işğal olunmuş Dərbənddən Qubaya köçürülməsi üçün şərait yaratmış, onların hücumlardan, dini təqiblərdən və iqtisadi təzyiqlərdən qorunmasını təmin etmişdi. 1730-cu illərdə Qudyalçay çayının sahilində “Yəhudi Slobodası” (indiki Krasnaya Sloboda) qurulmuş və dağ yəhudiləri üçün əsas mərkəzə çevrilmişdi… Bu yaşayış məntəqəsi, dağ yəhudilərinin mənəvi, mədəni və dini dəyərlərinin hələ də qoruna bildiyi yeganə yerdir. Qırmızı Qəsəbəyə səbəbsiz yerə Qafqaz Qüdsü deyilmir. Azərbaycan Xalq Cümhuriyyətində və çağdaş Azərbaycan dövlətində yəhudilər həmişə baxan (nazir), ya millət vəkili səviyyəsində təmsil olunmuşlar. Yəhudi xalqından olan şəhidlərimiz, milli qəhrəmanımız var. Azərbaycanda yəhudilərin sayı 30 minə yaxındır. Qiyaslama üçün bildirək ki, Ermənistanda cəmi 100 nəfərə qədər yəhudi olduğunu deyirlər…

-Azərbaycan tarixində yəhudi icmaları (dağ yəhudiləri, aşkenaz yəhudiləri və gürcü yəhudiləri) ilə yerli türk-müsəlman əhali arasındakı münasibətlər heç bir dini və ya etnik ayrı-seçkilik olmadan, əsrlər boyu qarşılıqlı sayğı, dözümlülük və sıx əməkdaşlıq niyyətləri üzərində formalaşmışdır. Bu tarixi birgəyaşayışın əsas dayaqları kimi, Dini və mədəni dözümlülük, İqtisadi və ticarət əlaqələri, Təhlükəsizlik və dinc yanaşı yaşama, Çağdaş dönəmdə həmrəylik prinsiplərini göstərmək olar.

–Bugünkü Azərbaycan–İsrail münasibətləri türk-yəhudi ilişgilərinin tarixi çərçivəsindən görüldükdə, məntiqidir. İsrail dövlətinin vətəndaşlarının önəmli kəsimlərindən biri kökəncə türk xalqlarına bağlı olan toplumdur. Azərbaycan da tarixən yəhudiləri iki dəfə soyqırımdan qurtarmış azərlərin, xəzərlərin ulu yurdudur; yalvac Abramın (Tanrı elçisi İbrahimin) soydaşlarının (sumerlərin, qarapapaq türklərinin) tarixi torpağıdır. Bugünkü Azərbaycan dövləti də dünyada bəlkə tək dövlətdir ki, burada yəhudi qarşıtı qonum (anti-semitizm) yoxdur. Sovetlər Birliyi dağıldıqdan sonra İsrailə köçən yəhudilərin də önəmli qismi Azərbaycandan ayrılarkən buradan xoş xatirələr aparan (yenə də buradan ayağını kəsməyən) ikili vətəndaşlardır. Bu dəlilləri gözə aldıqda Azərbaycan–İsrail münasibətləri dünya siyasətində ölkəmizə uyğun bir qisim üstünlüklər yaradır. Ancaq bu münasibətləri də ölçülü-biçili yönəltmək gərəkdir ki, “böyük –kiçik qardaş” yanaşmasına və Sizin haqlı olaraq işarə etdiyiniz ayrı risqlərə yer qalmasın.

–Qədim tarixdən bu yana iudaizmə, xristianlığa, islama qucaq açmış Dünya Mədəniyyətinin beşiyi olan Azərbaycan son yüzilliklərdə bu dinlərin fəsadlarının qarşılaşmasının etkisi altında dış siyasətini qurmaqda gerçəkdən də zorluqlarla üzləşməkdədir. Sizin də ilk sırada vurğuladınız kimi— realpolitika, belə anlarda yeganə nizamlama əlacıdır. Bu səbəbdən də Azərbaycan hələ 1992-ci ildən uluslarası təməl prinsiplərə dayanaraq Fələsini dövlət kimi tanımış, İsrail isə soyqırımı anlayışına ayrıcalıqla yanaşaraq dövlət səviyyəsində ancaq Holokostu –yəhudi faciəsini tanıyır. Hər iki dövlət bir-birinin gedişinin nə qədər hüquqa dayalı və nə qədər də siyasi olduğunu anlayır, güclərini keçmişdən qalmış bağlar üzərindən əməkaşlığa yönəldirlər…

– Azərbaycan rəsmi qaynaqlarına görə, İsrail Xocalı soyqırımını Knesset səviyyəsində tanımasa da, hökumət və dövlət rəhbərliyi tərəfindən bu soyqırımın tanınması anlamına gələn açıqlamalar vermişdir: “ 2015-ci ildə İsrail dövlətinin ali rəhbər şəxsləri öz rəsmi çıxışlarında Xocalı faciəsini soyqırımı aktı kimi ifadə ediblər. 2015-ci ildə İsrail Prezidenti Reuven Rivlin BMT Baş Məclisinin Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anım Günündə bildirib: “Bu gün biz özümüzə sual verməliyik: bizim, bu Assambleyanın bütün dünyada soyqırımına qarşı mübarizəsi səmərəlidirmi? Bizim mübarizəmiz Bosniyada kifayət qədər səmərəli oldumu? Bu, Xocalıda insanların faciəvi ölümünün qarşısının alınmasında nəticə verdimi?..” Həmin il fevralın 26-da isə İsrailin Akko şəhərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilmiş anım mərasimində iştirak edən İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib: “Bəşəriyyət tarixində faciələr az deyil. Onları unutmaq olmaz, ancaq heyif ki, heç də hamı onları xatırlamır və gərəkli sonuclar çıxarmır. Bu gün biz İsrail və Azərbaycanın kədərli təcrübəsini birləşdirməyə toplaşmışıq ki, gələcəkdə belə faciələrə yol verilməsin”.

İndi gələk “erməni soyqırımı” iddialarına. Rusiya, Osmanlı, Britaniya, Qafqaz, ABŞ və b. ölkələrin bu qonuda arxiv bəlgələrini araşdırmış bir uzman kimi deyə bilərəm ki, nəinki “erməni soyqırımı”, ya ona oxşar bir olay baş verməyib, əksinə, I Dünya Savaşı zamanı və ondan sonrakı yaxın dövr ərzində (1914-1921) ermənilər 250 min silahlı bölüklərlə, gah da könüllü birliklərlə Rusiyanın və Müttəfiq Dövlətlərin ordularına qatılaraq, Doğu Anadolu, Qafqaz, Orta Asiya, İran bölgələrində təkcə türklərə, müsəlmanlara qarşı deyil, hətta yəhudilərə, gürcülərə, ruslara, yunanlara qarşı soyqırımı aktları törəditmişlər ki, bunlarla bağlı mənim Ukrayna, Gürcüstan, Fransa və b. ölkələrdə elmi məqalələrim yayınlanmışdır. Bu faktlar daha geniş şəkildə mənim 3 dildə yayınlanmış kitablarımda da dünyaya az sayda da olsa yayılmışdır. Baş idarəsi San-Fransiskoda yerləşən, dünyanın 15000-dən çox aparıcı universitəsinin əməkdaşlıq etdiyi uluslararası Eyitim Akademiyası (Academy Education) bu bilimsəl yeniliklərimə görə mənə təşəkkür məktubu göndərmişdir. Yəhudi bilim adamlarının və yəhudi rəsmi dairələrinin bəlli kəsiminin də bu çalışmalardan xəbəri var. Açığını deməliyəm ki, mənim hədəflərimdən biri “erməni soyqırımı” iddialarını tanımaq istəyənləri çəkindirmək, tanıyanların qarşısına da beynəlxalq istintaqda öz təsdiqini tapmış 31 Mart Soyqırımının tanınması tələbini irəli sürmək olub. Belə ki, 1918-ci ildə Azərbaycanda ermənilərin törətdiyi 31 Mart Soyqırımının Antanta (Müttəfiq Dövlətlər) Əskəri Məhkəməsinin istintaq bəlgələrini aşkar etmişəm ki, bu Paris Cite Universitetindəki 29-30 iyun 2023 tarixli uluslararası konfransdakı elmi məruzəmdə yayınlanıb. “Erməni soyqırımı” iddialarına gəlincə isə, bu iddia ilk dəfə 1919-cu ilin yanvarından (İstanbulun işğalı dönəmində) işğalçı Müttəfiq Dövlətlər tərəfindən qurulan məhkəmədə irəli sürülmüş, heç bir bəlgə tapılmadığı üçün dalana dirənmişdir. Məhkəməyə nəzarəti ittihamçı qismində Britaniya Krallıq prokuroru həyata keçirirdi. Bu ittihamla tutularaq Malta adasında saxlanılanlardan 55 nəfəri ermənilərin deportasiyası ilə bağlı cinayətlərdə suçlanırdı. Krallıq prokurorunun təklifinə əsasən “deportasiya” ilə bağlı cinayətlər 1920-ci il Sevr müqaviləsinə daxil edilmişdi (bənd: 230). Ancaq uzun sürən bu məhkəmədə heç bir bəlgə aşkar edilmədiyi üçün suçlananlara ittiham aktı tərtib oluna bilmədi ki, bu da Britaniya Xarici İşlər Nazirliyinin arxivindəki materiallarda öz əksini tapır… Elə buna görə də Qalib Müttəfiqlərin başçısı Britaniya özünə sayğı duyaraq, həm də uluslararası intizam göstərərək “erməni soyqırımı”nı tanımır. Sonralar Berlin və Nürnberq Məhkəmələri də ermənilərin saxtalaşdırılmış “dəlil”lərini qəbul etmədi. Başqa sözlə, yəhudi dövləti heç vaxt uluslarası məhkəmədə öz təsdiqini tapmamış “erməni soyqırımı” iddialarını qəbul edə bilməz. Yox, əgər indiki Türkiyə hakimiyyəti ilə kəskin s iyasi qarşıdurma ucbatından İsrail bu iddianı Knesset səviyyəsində onaylasa, ilk öncə Ərzurum, Bitlis, Van vilayətlərinə, Perkeç nahiyəsinə aid köy və qəsəbələrdə [o sıradan Seyldə] (1916), Güney Azərbaycanda (Urmiya, Köhnəşəhir – 1918), Orta Asiyada (Fərqanə vadisi, Kokand – 1918), Qafqaz Azərbaycanında (Quba – 1918) və Doğu Avropada hitlerçi düşərgələrində (1941-ci ildən başlayaraq) erməni silahlı birlikləri, Erməni Legionu tərəfindən öldürülmüş və şərəfinə toxunulmuş yəhudilərin ruhunu incitmiş, aşağılamış olacaq. Həmçinin Knessetin belə bir qətnaməsi olsa da indiki durumda Türkiyəyə qarşı elə bir etkiləyici araca çevrilə bilməyəcək, Azərbaycan tərəfindən də yumşaq şəkildə olsa da, qınanacaq; bir qisim dünya mərkəzlərinin arzuladığı yəhudi-türk hərbi qarşıdurması olmayınca, münasibətlərin dəyişməsinə gətirib çıxarmayacaqdır.

Başqa bir sorun Türkiyənin dış siyasətində, diplomatiyasında harmoniyanın çatışmamasıdır. Mən istər Azərbaycan, istərsə də Türkiyə Dış İşləri masasına önəri verərək bildirmişəm ki, bizim Avropa universitetləri səviyyəsində keçirilmiş uluslarası bilimsəl konfranslarda qəbul olunmuş yeniliklərimizdən dış siyasətdə yararlanmaq gərəkdir. (Bunlardan biri 1 sentyabr, 2023-cü il tarixində Norveç Universitetində keçirilmiş uluslararası konfransda sumerlərin, yalvac Abram tayfasının, o sıradan həm İsakın, həm də oğlu İzrailin türklüyüdür.) Belə ki, Toranın və Yeni İncilin və Quranın ana qaynaqlarının türklükdən –sumerlərdən, yalvac Abramdan gəldiyi halda islam amilini qabartmaqla iş bitmir; bir sıra türk tayfaları islamdan öncə yəhudi və xristian inancını daşımışlar, indinin özündə də belələri vardır: yəhudi krımçaklar, karaimlər, xristian qaqauzlar və b. İsrail dövlətinə gəldikdə isə, türk oğlu Abram tayfası ilə sami tayfalarının qaynayıb-qarışmasından yaranmış İsrailoğullarına o qədim qohumluq bağlarını xatırladıb, türklərlə qarşıdurmanın uyğun olmadığını vurğulamaq gərəkdir. Ancaq ondan öncə Türkiyənin özünün bu doğmalıq bağlarını anlaması və dış siyasətdə yəhudi, xristian amilinə biçilmiş bir xətt ayırması önəmlidir. Türk Dünyası harmonik xarici və daxili siyasət aparmalı, dövlətlərini, xalqlarını gəlişdirməli, türk amilini keyfiyyətcə dünyada önə çıxarmağı hədəfləməlidir. Belə olduqda hər kəs türklərlə uzlaşmaqdan ayrı yol olmayacağını görəcəkdir.

Müsahibəni apardı:
Mesut HARAY
Araşdırmaçı, jurnalist
HARAYHABER

REDAKSİYA QEYDİ

Müsahibədə səsləndirilən tarixi, elmi və siyasi mülahizələr müsahibə verən müəllifin şəxsi mövqeyini ifadə edir.


MÜSAHİBİMİZ VƏ “ÖNTARİX OLAYLARI İLKİN QAYNAQLARDA” KİTABI

Xaqani İsmayılın “Öntarix olayları ilkin qaynaqlarda” kitabı 2026-cı ildə Bakıdakı “Müəllim” nəşriyyatında 538 səhifə həcmində nəşr olunub.
Kitabın rəyçisi tarix və texnika elmləri doktoru, professor, Kanada və Rusiya elmi akademiyalarının üzvü, AMEA-nın keçmiş elmi katibi Ziyadxan Nəbibəylidir.

Nəşrin təqdimat məlumatına görə, müəllif kitabın əsas mövzuları ilə bağlı 13 aprel 2022-ci ildə AMEA Tarix İnstitutunun Elmi Şurasında seminar verib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 29 noyabr 2021-ci il tarixli, DK-1122/1 saylı məktubu ilə əsər haqqında müsbət rəy bildirilib.

Kitabdakı elmi yeniliklər əsasında müəllifin hazırladığı məqalələr AMEA Dilçilik İnstitutunun “Dilçilik araşdırmaları” jurnalında, eləcə də Norveç, Stokholm, Vyana, Amsterdam və Roma universitetlərinin elmi jurnallarında yayımlanıb.

“Öntarix olayları ilkin qaynaqlarda” kitabında Yaxın Doğunun öntarix hadisələri, yazılı mədəniyyətlər, dövlətlər, Şumer yazıları və Şumer dövləti, bu yazıların təktanrılı kitablara təsiri, Tanrı elçilərinin gerçək kimliyi, öntürk–Şumer–yəhudi əlaqələri, Abram, Saray, İsak, İsrail, As, Az, Azər, Azərbaycan və Asiya adlarının mənşəyi kimi mövzular araşdırılır.

Əsərdə, həmçinin tarixi yəhudi–yunan və yəhudi–erməni qarşıdurmaları, Türk yazılı kimliyinin iz qoyduğu coğrafiyalar, Musa və İsa peyğəmbərlərin türklük bağları, eləcə də Məhəmməd peyğəmbərin etnik kimliyi ilə bağlı müəllifin yanaşmaları təqdim olunur.

Kitab: Xaqani İsmayıl. Öntarix olayları ilkin qaynaqlarda
Nəşriyyat: “Müəllim”, Bakı, 2026
Səhifə sayı: 538
ISBN: 978-9952-435-40-5
© Xaqani İsmayıl, 2021, 2026

Yazar

  • Mesut HARAY

    Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.


HARAYHABER sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mesut HARAY adlı kullanıcının avatarı

By Mesut HARAY

Bu platform, Güney Azerbaycanlı araştırmacı, gazeteci Mesut HARAY tarafından kurulmuştur. Türkiye, Güney Kafkasya, Orta Doğu ve Orta Asya'daki gelişmeleri; tarihsel bağlam, aktörlerin motivasyonları ve uluslararası dengeler ışığında yorumlarız. Tarafsız, bağımsız ve gerçeklere dayalı gazetecilik anlayışıyla; okura yalnızca bilgi değil, anlama yetisi kazandıran bir perspektif sunmak öncelikli hedefimizdir. Bu site; araştıran, sorgulayan ve geleceği öngörmeye çalışan herkes için bir analiz üssüdür.

Bir Cevap Yazın

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin

HARAYHABER sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin