Yazar: Teoman Şahin
Bu gün məlumat hər yerdədir. Telefonumuzda, sosial mediada, xəbərlərdə… Hər şey gözümüzün qabağındadır. Amma buna baxmayaraq bir sual açıq qalır: bu qədər tarixi təcrübə və açıq sübut olduğu halda niyə yenə də cəmiyyətin bir hissəsi güclü əl, sərt idarəetmə, yəni otoriter modellərə meyl edir?
Bu sualı anlamaq üçün 19-cu əsr alman filosofu Artur Şopenhauerə baxmaq kifayətdir. O deyirdi ki, insanların çoxu düşünməkdən çox inanmağa meyllidir. Yəni arqumentləri ölçüb-biçməkdənsə, bir avtoritetə və ya bir kütləyə söykənmək daha rahat gəlir. İnsan eşitdiyini təkrar edir, amma onu ciddi şəkildə sorğulamır. Qarşısına məntiq qoyulanda isə bəzən emosional reaksiya verir.
Müasir psixologiya da bunu təsdiqləyir. Məsələn, “Dunning–Kruger effekti” deyilən bir anlayış var: bacarığı az olan insanlar çox vaxt özlərini olduğundan daha bacarıqlı hesab edirlər. Məlumatsızlıq üzərində qurulan özünə inam isə çox vaxt məntiqə qapalı olur.
Belə mühitdə siyasi müzakirə həqiqəti tapmaq üçün aparılmır. Daha çox “mən kiməm?” və “mən hansı tərəfdəyəm?” sualının müdafiəsinə çevrilir. Mövqe əvvəlcədən seçilir, arqumentlər isə sonradan ona uyğunlaşdırılır.
Şopenhauer deyirdi ki, kütlə fərdi düşüncəni zəiflədir. İnsan tək olanda daha incə və mürəkkəb düşünə bilir. Amma kütlənin içində emosiyalar yüksəlir, mövqelər şüara çevrilir, mürəkkəb məsələlər sadələşdirilir. Bu halı bu günkü İranda da görmək mümkündür. Tarixi təhlilin yerini nostalji tutur, bəzi fiqurlar — məsələn, Rza Pəhləvi — müəyyən çevrələr üçün tənqidi müzakirə mövzusu yox, kimlik simvoluna çevrilir.
Burada məsələ təkcə bir şəxs deyil. Problem daha dərindir: çoxqatlı, çətin təhlil yerinə sadə cavab axtarışı. Böhranlardan yorulmuş bir cəmiyyətdə “nizam gətirəcəyik”, “sabitlik yaradacağıq” kimi vədlər təbii olaraq cazibədar görünür. Amma cazibədar olmaq hələ doğru olmaq demək deyil.
Şopenhauer deyirdi ki, insanların çoxu həqiqətdən çox rahatlıq istəyir. Həqiqət isə hər zaman rahat deyil. Bəzən səhv etdiyini qəbul etməyi, xoşagəlməz faktlarla üzləşməyi tələb edir. Halbuki sadə və xoş səslənən hekayələr insana dərhal psixoloji rahatlıq verir. Məhz bu rahatlıq ehtiyacı otoriter hekayələrin qəbulunu asanlaşdıra bilər — hətta tarix bunun təhlükəli nəticələrini göstərmiş olsa belə.
Şopenhauer bir başqa vacib məqama da toxunurdu: ortaq məntiq çərçivəsi olmayan insanlarla davamlı çəkişmə çox vaxt müzakirənin səviyyəsini aşağı salır. Bu o demək deyil ki, tənqiddən imtina etməliyik. Əksinə, yanaşmanı dəyişmək lazımdır: tənqidi düşüncəni öyrətmək, vətəndaş institutlarını gücləndirmək, media savadını artırmaq.
Onun bədbinliyini taleyə boyun əymək kimi başa düşmək olmaz. İnsanların düşüncə səviyyəsi fərqli ola bilər, amma sual verməyi öyrənmək mümkündür. Sual verən cəmiyyət daha gec aldadılır.
Bu gün İran cəmiyyəti uzunmüddətli böhranlardan yorulub və gələcəyə inam zəifləyib. Belə bir mühitdə xilaskar obrazlara və sadə cavablara meyl anlaşılmaz deyil. Amma məhz belə anlarda ən vacib məsələ budur: ağlını qorumaq.
Tarix nostaljiyə endiriləndə, siyasət emosional kimliyə çevriləndə, yeni ad altında da olsa, köhnə otoriterlik yenidən qayıda bilər.
Ağlını qorumaq bu gün o deməkdir ki, hər siyasi iddianı sübutla ölçəsən, hər vədi sual altına alasan və inanmaqdan əvvəl düşünəsən. Çünki azad gələcək kütlənin həyəcanından yox, sual verən vətəndaşlardan doğur.
Azərbaycan türkcəsinə uyğunlaşdıran və çevirən: HarayHaber redaksiyası
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
