Atababalarımız boşuna deməyib:
Bilməyənə söz anlatmaq olar, amma görmək istəməyənə həqiqəti göstərmək mümkün deyil.
Bu gün İran rejiminin içindən gələn bəzi fiqurlara “ədalət”, “insaf”, “mərhəmət” çağırışı edənlər var. Ancaq sual sadədir: kimə deyirsən?
Qatili qoruyan, qəsabın əlini öpən, qan üzərində qurulmuş bir sistemə sədaqət göstərən adama hansı vicdandan danışmaq olar?
Xamenei kimi bir siyasi-dini qəsabın yanında dayanıb ona sallaxlıq edən Pezeşkiana “davarların başını kəsmə” demək, ən yaxşı halda sadəlövhlükdür. Bu, reallıqdan qopmuş bir ümiddir. Çünki məsələ bir fərdin qəddarlığı deyil, qəddarlığı norma halına gətirən bir mexanizmdir.
Bu sistemdə güllə cavabdır, şüar cinayət sayılır, uşaq səsi təhlükə kimi görülür. Belə bir düzəndə “islahedici fiqur”, “yumşaq üz”, “ağsaqqal siyasətçi” anlayışları sadəcə vitrin üçündür. Vitrinin arxasında isə dəyişən heç nə yoxdur.
Atalar demişkən, bu vəziyyət kor adama “gəl gözündəki çöpü çıxar” deməyə bənzəyir. Gözü görməyən yox, görmək istəməyən adamdan söhbət gedir. Görməmək isə burada təsadüf yox, şüurlu seçimdir.
Ən təhlükəlisi isə budur: bu cür fiqurlar rejimin zorakılığını yumşaltmır, əksinə onu legitimləşdirir. Qan tökən əlin üzərinə “islahat” etiketi yapışdırmaqla cinayəti adi hala çevirirlər.
Bu səbəbdən məsələ şəxslərdə deyil. Problem bütövdür.
Qəsaba nəsihət verməklə, kora tövsiyə etməklə bu sistem dəyişməz. Dəyişməyən isə hər gün yeni qurbanlar, boşalan siniflər və susdurulan gələcək deməkdir.
Araştırmacı, Yazar: Mesut HARAY
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
