Bakının “Humanitar Yardım” Sınağı və Tarixi Məsuliyyəti
Arazın güneyindən yüksələn səs artıq sadəcə bir coğrafiyanın deyil, bütöv bir millətin vicdanının harayıdır. Bu gün Azərbaycan Cumhuriyetinin İrana göndərdiyi “humanitar yardım” karvanları adi diplomatik addım deyil; bu, tarix qarşısında veriləcək bir imtahan, hətta açıq bir tərəf seçiminin göstəricisidir. Bu karvanlar yalnız yük daşımır; 40 milyon Güney Azərbaycan Türkünün yaddaşında ya ümid, ya da dərin bir qırılma olaraq qalacaq.
Bakıdan çıxan hər yardım maşını üçün əsas sual birdir: Bu yardım xalqın süfrəsinə çatacaqmı, yoxsa rejimin ayaqda qalmasına xidmət edəcək? Çünki məsələ artıq “yardım etmək” deyil; kimə və nəyə yardım edildiyi məsələsidir. Qarabağ savaşında Azərbaycana qarşı dolaylı və ya açıq şəkildə qarşı tərəfi dəstəkləyən, Zəngəzur dəhlizinə mane olan, Türk dünyasının birləşməsini təhlükə kimi görən bir sistemə göndərilən hər dəstək – adı “humanitar” olsa belə – strateji nəticə doğuran seçimdir.
Küçələrdə güllələnən gənclərin, ana dilində danışdığı üçün aşağılanan uşaqların, kimliyi inkar edilən milyonların yaşadığı bir mühitdə rejim nəzarətində olan sistemə yardım göndərmək insani deyil, birbaşa siyasi addımdır. Çünki bu sistem yardımı xalqa çatdıran deyil; onu idarə edən, yönləndirən və lazım gəldikdə öz basqı mexanizmini gücləndirmək üçün istifadə edən bir quruluşdur. Təbrizdə, Urmuda, Ərdəbildə, Zənganda, Həmədanda insanlar sadəcə kimliklərinə görə təzyiq görürsə, bu yardımların kimə çatacağı artıq texniki yox, mənəvi məsələdir.
Əgər çörək məzlumun əlinə çatmırsa, o çörək zalımın gücünü artırır. Məsələnin əsası budur. Yardımın adı yox, hara çatdığı önəmlidir.
Bu prosesi “dövlət ağlı” və ya “strateji balans” kimi izah edənlər ola bilər. Amma tarix açıq şəkildə göstərir: zülmlə balans qurulmaz. Zülmlə qurulan balans yalnız zülmü böyüdər. İran rejimi kimi ideoloji reflekslərlə hərəkət edən bir sistemin “humanitar yardımı” yaxşı niyyət kimi qəbul edəcəyini düşünmək ciddi strateji yanlışdır. Dünən Qarabağda qarşı tərəfi dolaylı dəstəkləyən bir ağlın bu gün “insani həssaslıqla” hərəkət etdiyini düşünmək tarixi yaddaşı inkar etməkdir.
Bu gün Güney Azərbaycan Türkləri sadəcə iqtisadi çətinliklərlə deyil; kimliksizləşdirmə, basqı və sistemli şəkildə yox sayılma ilə mübarizə aparır. Bu artıq sadəcə humanitar böhran deyil; milli varoluş məsələsidir. Bu səbəbdən bu coğrafiyaya göndərilən hər yardım yalnız ərzaq və dərman deyil; eyni zamanda bir mövqe, bir tərəf və bir iradə bəyanıdır.
Bu nöqtədə neytrallıq yoxdur. Ya millətin yanında olursan, ya da fərqində olmadan onun qarşısındakı sistemi gücləndirirsən. Ortası yoxdur və tarix bu cür məqamları unutmaz.
Unutmayaq: millətlər niyyətlərlə yox, nəticələrlə qiymətləndirilir. Əgər Azərbaycan Cumhuriyeti bu yardımları həqiqətən “insani məsuliyyət” olaraq göndərdiyini iddia edirsə, bunu sözlə deyil, konkret addımlarla sübut etməlidir. Əks halda bu yardımlar humanitar deyil, rejimə dolaylı dəstək kimi qəbul ediləcək və bu da tarixi məsuliyyətə çevriləcək.
Əgər Azərbaycan Cumhuriyeti bu yardımların “rejim ayaqda qalsın” deyə yox, “xalq nəfəs alsın” deyə göndərildiyini sübut etmək istəyirsə; ilk növbədə yardım karvanlarının başına müstəqil müşahidəçilər yerləşdirilməlidir. Yardımların paylanması şəffaf şəkildə izlənməli və rejim nəzarətindən çıxarılmalıdır. Ən əsası isə yardımın ilk ünvanı açıq şəkildə Təbrizdə, Urmuda, Ərdəbildə, Zənganda, Həmədanda yaşayan Güney Azərbaycan Türkləri olmalıdır.
Əks halda veriləcək sual dəyişməyəcək: Bu yardım məzluma çatır, yoxsa zalımın əlini gücləndirir? Bu sualın cavabı isə təkcə bu günü deyil, Türk millətinin gələcək yaddaşını da müəyyən edəcək.
Araştırmacı, Yazar: Mesut HARAY
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
