İran coğrafiyasında son günlər ortaya atılan “keçid sistemi” və “rejim sonrası idarəetmə planı” kimi bəyanatlar bir daha köhnə bir həqiqəti xatırladır: bu ölkədə problem yalnız hakimiyyətin kimdə olması deyil, hakimiyyətin hansı düşüncə ilə qurulduğudur. Dünən bu torpaqları şah rejimi idarə edirdi, bu gün mollalar idarə edir. Amma hər iki sistemin ortaq cəhəti dəyişməyib – İran adlı dövlət quruluşu içində qeyri-fars xalqların hüquqlarının sistemli şəkildə inkar edilməsi.
Son açıqlamalarda şah ailəsinin nümayəndəsi tərəfindən təqdim edilən “keçid sistemi” planı ilk baxışda rejimə alternativ kimi təqdim edilir. Lakin planın idarəsinin Səid Qasemi-Nejad kimi şəxslərə verilməsi və bu strukturların necə formalaşdığına dair ortaya çıxan məlumatlar ciddi suallar doğurur. Çünki bu layihə əgər doğrudan da İranın gələcəyini planlaşdırmaq iddiasındadırsa, o zaman ilk sual belə olmalıdır: bu gələcək kimə məxsus olacaq?
Güney Azərbaycan türkləri üçün məsələ çox aydındır. Bu torpaqlarda yüz ildən artıqdır davam edən siyasi model dəyişməyib. Pəhləvi dövründə “bir millət – bir dil – bir dövlət” siyasəti ilə türk kimliyi sıxışdırıldı, ana dilində təhsil qadağan edildi, şəhərlərin və bölgələrin tarixi kimliyi dəyişdirildi. 1979-cu ildən sonra qurulan İslam Respublikası isə eyni siyasəti başqa bir ideoloji pərdə ilə davam etdirdi. Şah fars millətçiliyi ilə bunu edirdi, mollalar isə “İslam ümməti” adı altında eyni nəticəni yaratdı. Amma nəticə dəyişmədi: fars hakimiyyəti davam etdi.
Bu gün təqdim olunan yeni “keçid layihələri” də Güney Azərbaycanda eyni şübhə ilə qarşılanır. Çünki bu planların heç birində İranın çoxmillətli reallığı açıq şəkildə qəbul edilmir. Türk millətinin siyasi hüquqları, ana dili məsələsi, bölgələrin özünüidarə hüququ və ya federativ quruluş kimi mövzular demək olar ki, gündəmə belə gətirilmir. Bu isə çox sadə bir həqiqəti ortaya qoyur: bəzi dairələr üçün problem mollaların hakimiyyəti deyil, sadəcə hakimiyyətin kim tərəfindən idarə olunmasıdır.
Güney Azərbaycandan baxıldıqda isə məsələ tamam fərqlidir. Bizim üçün problem təkcə mollalar deyil. Bizim üçün problem bir əsrdən artıqdır davam edən fars mərkəzli dövlət modelidir. Bu model dəyişmədiyi müddətdə şahın qayıtması ilə mollanın qalması arasında prinsipial fərq görənlərin sayı getdikcə azalır.
Bu səbəbdən Güney Azərbaycan ictimaiyyətində getdikcə daha sərt bir sual səslənir: əgər İran rejimi sabah çöksə, onun yerinə gələcək sistem doğrudan da azadlıq gətirəcəkmi, yoxsa sadəcə fars hakimiyyətinin yeni bir forması olacaq?
Tarix bizə öyrədib ki, bu coğrafiyada adlar tez-tez dəyişir, amma hakimiyyətin ruhu çox gec dəyişir. Şah getdi, şeyx gəldi. Sabah şeyx gedə bilər. Amma əgər siyasi sistem yenə də yalnız bir millətin üstünlüyü üzərində qurulacaqsa, o zaman Güney Azərbaycan üçün bu dəyişiklik sadəcə dekorasiya dəyişməkdən başqa bir şey olmayacaq.
Bu səbəbdən Güney Azərbaycan türkləri üçün əsas məsələ artıq tək bir sualdır: İranın gələcəyi doğrudan da bütün xalqların bərabərliyinə əsaslanacaqmı, yoxsa şah və şeyx kimi fərqli adlarla eyni hakimiyyət oyunu davam edəcək?
Tarix isə göstərir ki, bir millətin kimliyi və hüquqları yüz il boyunca inkar edilirsə, o millət artıq başqalarının yazdığı ssenarilərə inanmaz. O millət öz gələcəyini özü yazmaq istəyər. Güney Azərbaycanın səsi də bu gün məhz bunu deyir.
Araştırmacı, Yazar: Mesut HARAY
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
