Son illərdə Güney Azərbaycanın azadlığı ilə bağlı, bu soykökə bağlı olan insanların ümidləri artmaqdadır. Əksinə, bunu istəməyən qüvvələr isə bu ümidləri yenidən söndürməyə, hətta düşüncələrimizdən tamamilə silməyə çalışırlar. Ədalətlə desək, son 200 il ərzində bu niyyətlərində müəyyən qədər uğur da qazanıblar. Məlumdur ki, XIX–XX əsrlərdə Güney Azərbaycanda baş verən bütün inqilablar məğlubiyyətlə nəticələnmişdir. Həmin inqilabların liderləri öldürülmüş, iştirakçıları isə ya edam edilmiş, ya həbs olunaraq işgəncələrə məruz qalmış, ya da ölkəni tərk etməyə məcbur olmuşlar.
Lakin bütün bu təzyiqlərə, ölüm və işgəncə təhlükəsinə, mühacirət və ağır iztirablara baxmayaraq, güneyli soydaşlarımız mübarizədən vaz keçməmiş, hər dəfə yenidən ayağa qalxaraq azadlıq uğrunda mücadiləni davam etdirmişlər.
Hazırda Güney Azərbaycanın gələcək taleyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Məsələyə siyasi-iqtisadi, sosial-mədəni və digər aspektlərdən baxılır. Sosial şəbəkələr bu mövzuda səsləndirilən fikirlərlə doludur. Hər kəs Güney Azərbaycanın azadlığının vacibliyini və qaçılmazlığını əsaslandırmağa çalışır. Gəlin bu məsələyə bir də psixoloji baxımdan nəzər salaq.
XX əsr psixologiya elminin görkəmli nümayəndələrinin (M. Mid, Ç. Kuli, E. Fromm, E. Erikson, K. Horney və başqaları) apardıqları tədqiqatlar göstərir ki, insan şəxsiyyəti təxminən 70 faiz etnik (etnofunksional, etnopsixoloji) və fərdi (temperament, xarakter, qabiliyyətlər) amillərin, 30 faiz isə mühitin təsiri altında formalaşır.
İnsan şəxsiyyətinin etnofunksional quruluşu təbii və olduqca mürəkkəb bir fenomendir. Bu quruluş aşağıdakı xüsusiyyətləri özündə birləşdirir:
– insanın antropoloji xüsusiyyətləri, mimika və jestləri, stereotip davranış tərzi;
– ana dilinin psixolinqvistik quruluşu;
– fərdi psixoloji xüsusiyyətlər (temperament, milli xarakter, qabiliyyətlər);
– özünüdərklə bağlı mifoloji və dini dünyagörüşü, inanclar sistemi;
– arxetiplər, stereotiplər, hiss və emosiyalar;
– milli məişət və milli-mənəvi keyfiyyətlər.
Etnopsixologiyadan danışarkən etnofunksional quruluşa sosial təsirlər prizmasından da yanaşmaq zəruridir. Bu zaman xalqlara xas olan mentaliteti, səciyyəvi davranış formalarını, adət-ənənələri, dəyərlər sistemini – bir sözlə, “milli ruhu” aydın şəkildə görmək mümkündür.
Bəs biz əslində necəyik və dünya bizi necə tanıyır?
Bu gün Güney Azərbaycanda yaşayan milyonlarla Azərbaycan türkü, onları sevməyən qüvvələr tərəfindən dünya ictimaiyyətinə fars rejiminin təzyiqi altında əzilən, müti, qorxaq və bacarıqsız bir toplum kimi təqdim edilir. Halbuki bu, həqiqətdən tamamilə uzaqdır. Bizlər qəhrəman bir xalqıq. Salındığımız dəmir qəfəsləri pəncələri ilə parçalayaraq azadlığa can atan aslanlarıq. Zəncirlərlə yaşamağı qəbul etməyən, ya qürurundan ölümə meydan oxuyan, ya da o zənciri qıraraq azadlığa qovuşan bozqurdlarıq. Biz müti və qorxaq deyilik.
Bəs biz kimik?
Totalitar fars rejiminin təzyiqləri altında yaşamağa məcbur edilmələrinə baxmayaraq, Azərbaycan türkləri insani keyfiyyətlərini, humanizmini, azadlıq sevgisini, ailə-məişət və mədəni dəyərlərini bu günə qədər qoruyub saxlamışlar. Vətən, Ana, Ocaq, Ev, Övlad, Ailə, dostluqda sədaqət, qonaqpərvərlik, kişi sözü, namus və ismət kimi dəyərlər Azərbaycan türkünün həyatında hər zaman üstün mövqeyə malik olmuşdur. Bu keyfiyyətlər türklərdə həm arxetip, həm stereotip, həm də dəyər formasında qorunaraq özünəməxsus etnopsixoloji xüsusiyyətlər yaratmışdır.
Bütövlükdə Azərbaycan türklərinin milli mentaliteti digər türk boylarına xas olan keyfiyyətlərlə eynidir. Türklər üçün Vətən həm ən böyük güc mənbəyi, həm də ən həssas nöqtədir. Vətəni qorumaq və inkişaf etdirmək üçün hər cür fədakarlığa hazırdırlar. Xalqına xidmət etməyi şərəf sayar, onun mədəni və iqtisadi yüksəlişi üçün bilik və bacarıqlarını səfərbər edərlər. Türk üçün dünyada öz yurdunun gözəlliyindən üstün bir gözəllik yoxdur.
Türk xalqı milli birlik məsələsində həmişə həssas olmuşdur. Milli maraqlara zidd olan çağırışlara qarşı açıq mövqe nümayiş etdirər, soydaşları ilə əqidə və mövqe birliyi göstərər. Doğruluğuna inandığı ümumi ideallar uğrunda şəxsi maraqlarından şüurlu şəkildə imtina etməyə hazırdır.
Nəhayət, türklər bəşər tarixini və mədəniyyətini yaradan, onu nəsildən-nəslə daşıyan, milyonlarla insanı ilə dünyanın bütün qitələrinə yayılmış böyük bir millətdir. Və bu millət tarix səhnəsində yenidən öz sözünü deyəcəkdir. O gün isə artıq bu gündür.
Heç şübhəsiz ki, Güney Azərbaycan mütləq azad olacaq. Çünki azadlıq onun təbiətindədir. Məhz bu təbiəti sayəsində Azərbaycan türkü minilliklərin sınağından keçərək öz milliliyini və mentalitetini bu günə qədər qoruyub saxlamışdır. Dünya xalqları da bu səbəbdən Azərbaycan türklərinin azadlıq haqqına hörmətlə yanaşmalıdır. Çünki bu, onun əzəli haqqıdır. Türkü əsarətdə saxlamaq heç vaxt dünyaya xeyir gətirməmişdir.
Limunət Əmrahlı
Psixologiya üzrə fəlsəfə doktoru, dosent
HARAYHABER | Köşe Yazısı
Yazıda səsləndirilən fikirlər müəllifə məxsusdur.
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
