HARAYHABER | Yorum – Analiz
“Güney” sözü biz – Quzey Azərbaycanda yaşayanlar üçün sadəcə coğrafi anlayış deyil. Bu söz artıq kollektiv yaddaşımıza hopmuş bir arxetipdir. Onu eşidəndə içimizdə kədər, ayrılıq, nisgil oyanır. Sanki yenə hansısa acı xəbər gələcəkmiş kimi ruhumuz sıxılır.
Bizim üçün “Güney” Arazın o tayında qalan torpaqdır. Bizim üçün Vətən oradan başlayır, burada bitir. Günəş oradan doğur, burada batır. Keçmişimiz, soyumuz, kökümüz güneydən boylanıb şimala uzanır.
Uşaqlıqdan bu sözü eşidərkən böyüklərimizin üzündəki kədəri, gözlərindəki həsrəti görmüşük. Televiziya ekranlarında Rübabə Muradova yanıqlı-yanıqlı oxuyanda analarımız, nənələrimiz səsini çıxarmadan onun yerinə ağlayardılar:
“…Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda…
Bəlkə mənim yatmış bəxtim oyana…”
O bəxt oyanmadı.
Şəhriyarlarımız Bakını, Rübabələrimiz Təbrizi, Ərdəbili görmədən bu dünyadan köç etdilər.
Türkmənçaydan Başlayan Ayrılıq
Uşaq olanda bu həqiqətləri anlamırdıq, bizə də anlatmırdılar. Xüsusən sovet ideologiyasının qılıncının həm qabağı, həm də dalı kəsdiyi dövrdə böyüdüyümüz üçün bir çox tarixi gerçəklərdən xəbərsiz qaldıq. Həqiqətləri yalnız yaşa dolduqca öyrəndik.
Öyrəndik ki, 1828-ci il fevralın 28-də, Təbriz yaxınlığındakı Türkmənçay kəndində Çar Rusiyası ilə İran arasında imzalanan o mənfur müqavilə Azərbaycanı ikiyə böldü. Araz çayı iki imperiya arasında sərhəd elan edildi və xalqımızın ayrılıq faciəsi başladı.
Güney Azərbaycanın Bitməyən Mübarizəsi
Bu ayrılıqdan sonra Güney Azərbaycanda yaşayan soydaşlarımız azadlıq mübarizəsindən heç vaxt geri çəkilmədilər. Təkcə XX əsrdə neçə-neçə dəfə ayağa qalxdılar. Hər dəfə qələbəyə çox yaxın oldular, lakin bu qələbələr davamlı olmadı.
Səbəblər müxtəlif idi:
xarici müdaxilələr, daxili parçalanma, təşkilatsızlıq…
Nəticə isə dəyişmədi: məğlubiyyətlər, repressiyalar, kütləvi edamlar.
Xüsusən Pəhləvi hakimiyyəti dövründə Güney Azərbaycanda azərbaycanlılara qarşı sistemli fiziki, mənəvi, psixoloji, iqtisadi və sosial cinayətlər törədildi. Minlərlə insan öldürüldü, zindanlara atıldı, milyonlarla insan mühacirətə məcbur qaldı. Bu gün dünyanın hər yerinə səpələnmiş həmin insanlar Vətən dərdi ilə yaşayırlar.
Assimilyasiya və İnkâr Siyasəti
İstər Pəhləvi, istərsə də İslam Respublikası dövründə Azərbaycan türklərinə qarşı yürüdülən siyasət bir neçə əsas istiqamətdə aparılıb:
– Türk tarixi və mədəniyyətinin təhqiri
Türklərin “barbar”, “köçəri” kimi təqdim edilməsi, tarixlərinin saxtalaşdırılması, mədəni irsin farslaşdırılması, türk sülalələrinin başqa xalqlara aid edilməsi.
– Türk dilinə qarşı düşmənçilik
Türk dilinin zəif və təhlükəli dil kimi göstərilməsi, təhsildə və rəsmi həyatda qadağan edilməsi, “Azəri dili” adlı saxta layihələrin önə çəkilməsi.
– İqtisadi zəiflətmə siyasəti
Güney Azərbaycanın layihələrdən kənarda saxlanılması, sərvətlərin talanması, Urmiya gölünün qurudulması, demoqrafik mühəndislik.
Bu siyahını daha da uzatmaq olar.
İran Artıq Hamı üçün Zindandır
Bu gün isə vəziyyət daha da ağırlaşıb. İran rejimi artıq təkcə türklərə yox, ölkədə yaşayan bütün xalqlara, hətta farslara qarşı belə eyni qəddar münasibəti sərgiləyir. Elə buna görə də 2025-ci ilin sonundan etibarən ölkəboyu etirazlar başlayıb.
İran vətəndaşı bu gün çıxılmaz vəziyyətdədir:
arxada çörəksiz ev,
qarşıda silahlı repressiya.
Bu mənzərəni firavan həyat yaşayan Qərb insanı bəlkə də tam dərk edə bilmir. Amma bu, gerçəyi dəyişmir: İranda bu gün insanlığa sığmayan bir cəhənnəm yaşanır.
Bəs İnsan Haqları Haradadır?
Eyy dünya!
Eyy bəşəriyyət!
İran Yer kürəsində yerləşmir?
Bəs insan haqları?
Bəs konstitusiya?
Bəs din?
Bəs insanlıq?
Mən hayqırıram: Heç biri yoxdur!
Elə isə sual açıqdır:
mənim soydaşlarım zalım, qaniçən, ləyaqətdən uzaq bir rejimin əsarəti altında yaşamağa məhkumdurmu?
Xeyr!
Artıq söhbət sadəcə yaşamaqdan getmir. Söhbət insan ləyaqətindən, milli ləyaqətdən gedir. Bu dünyadan özümüzlə aparacağımız yeganə həqiqətdən gedir.
Son Söz
Dünya azərbaycanlıları!
Sivil yaşamağa, hörmət görməyə layiq olduğumuzu sübut etməyə hazır olun!
Ya azadlıq, ya da azadlıq!
Limunət Əmrahlı
16 yanvar 2026, Bakı
HARAYHABER sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.
